Təntənəli bayram tədbiri
Türk dünyası

Təntənəli bayram tədbiri

Ankara

Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbir adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil olunub. Müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Hakimiyyət orqanlarının təmsilçilərinin, o cümlədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin, millət vəkillərinin, qardaş ölkədə akkreditasiya olunan diplomatik korpusların rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən bayram tədbirini giriş sözü ilə açan Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov ölkəmizin müstəqillik uğrunda keçdiyi yoldan bəhs edib. O bildirib ki, 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. İmperiyaların süqutuna təsadüf edən çətin dövrdə ciddi daxili və xarici çağırışlara baxmayaraq, AXC səmərəli dövlət institutları yaratdı, vətəndaşların hüquqlarını qorudu, beynəlxalq ictimaiyyətin etimadını qazandı. Birinci respublikanın ömrü 23 ay olsa da, bu müddət ərzində dövlət, kimlik və demokratiya quruculuğu istiqamətində çox işlər görə bildi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və inkişafındakı tarixi xidmətlərini xüsusilə qeyd edən səfir İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə qardaşlıq bağlarının və strateji əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfənin danılmaz olduğunu vurğulayıb.

R.Məmmədov Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində müasir Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkənin uğurları Silahlı Qüvvələrin qurulması sahəsində də özünü göstərib. "Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın igid ordusu dahi Heydər Əliyevin vəsiyyətini yerinə yetirib və işğal olunmuş torpaqları azad edib. Biz haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik". O xatırladıb ki, Vətən müharibəsi günlərində Türkiyə, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın erməni işğalçılarına qarşı ədalətli mübarizəsinə qətiyyətlə dəstək verib: "Biz dost ölkəyə və onun rəhbərliyinə səmimi-qəlbdən minnətdarıq. Dəstək həmrəyliyini unutmuruq! Biz "bir millət, iki dövlət"ik. Azərbaycan və Türkiyə həm kədərli, həm də sevincli anlarında birlikdədirlər", - deyə səfir bildirib.

Daha sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb və iki qardaş ölkənin türk dünyasının güclənməsində roluna toxunub. TBMM sədri Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışıb, torpaqlarını işğaldan azad edən Azərbaycanın qələbəsini alqışlayıb: "Cəmi 44 gün ərzində Azərbaycan Qafqaz regionunun ən mürəkkəb problemini həll edib - Qarabağı çoxillik erməni işğalından azad edib".

Türk dünyasının yeni qlobal güc mərkəzinə çevrilməsini qaçılmaz hesab edirəm. Əminəm ki, ölkələrimizin birliyi planetdə sülhün təmin olunmasına sanballı töhfə verəcək".

TBMM sədri Türkiyə və Azərbaycanı bu proseslərdə əsas hərəkətverici qüvvələrdən biri adlandırıb. O, hər iki ölkə arasında münasibətləri bütün sahələrdə, o cümlədən təhsil, idman və mədəniyyət sahələrində bundan sonra da inkişaf etdirməyə çağırıb.

Çıxışların ardından Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş etdirilib.

Bayram tədbirinin bədii hissəsində müğənni Çinarə Məlikzadə, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərlinin, eləcə Azərbaycan Respublikasının Xalq artisti tarzən Sahib Paşazadənin və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.