4 kəndin qaytarılması ilə sərhədlərin delimitasiya prosesi sürətlənir
Siyasət

4 kəndin qaytarılması ilə sərhədlərin delimitasiya prosesi sürətlənir

Rəsmi Bakı və İrəvan arasındakı münasibətlərdə irəliləyiş müşahidə olunur. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra tarixdə ilk dəfə qarşılıqlı olaraq sərhədin bir hissəsində delimitasiya prosesini başa çatdırıb. Mayın 15-də Azərbaycan və Ermənistan arasında gözlənilən protokolun imzalanması ilə Qazax rayonu istiqamətində delimitasiya prosesi yekunlaşıb. Qazaxın dörd kəndinin - Aşağı Əskipara, Bağanis Ayrım, Qızılhacılı və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılması ölkəmizdə sevinclə qarşılansa da, Ermənistanda tamamilə bunun əksi baş verib. Ermənilər İrəvan-Tbilisi magistral yolunun bir hissəsinin Ermənistanın nəzarətindən çıxmasına və kəndlərin qaytarılmasına etirazla ediblər.

Ötən həftə parlamentdə çıxış edən Nikol Paşinyan onu günahlandıranlara sərt cavab verib. Baş nazirin sözlərinə görə, bu ittihamlar dövlətçiliyin, suverenliyin və vətəndaşlığın itirilməsinə aparır: "Onlar istəyirlər ki, İrəvanın mərkəzindəki kafedə oturan insanlar Qars haqqında xülyalara dalsınlar və bununla da İrəvanın özünü itirsinlər. Real və tarixi Ermənistan arasındakı fərq budur". Bununla belə, revanşistlərin pərdəarxası havadarları və  keşiş Qalstanyan bir-birinin ardınca mitinqlər keçirərək hakimiyyət əleyhinə konkret addımlar atacaqlarını deyir.

Qazaxın dörd kəndi geri qaytarılsa da, açıq qalan digər bir məsələ sərhədlərin delimitasiya və demarkasiya prosesinin neçənci il xəritələri əsasında aparılmasıdır. Məsələn, erməni KİV-lərinin iddiasına görə Tovuzqala istiqamətində sərhəd 1976-cı il xəritələri ilə müəyyən edilib. Amma 2024-cü il  19 aprel razılaşmasında  göstərilib ki, Azərbaycan və Ermənistan delimitasiyanı 1991-ci il Alma-Ata bəyannaməsi əsasında aparacaq. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərar olarsa, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq). Delimitasiya və demarkasiya prosesi gündəmə gələndən bəri hansı xəritələrin daha məqbul olması barədə suallar yaranıb.

Ekspertlər isə bildiriblər ki, Alma-Ata bəyannaməsi bütövlükdə iki ölkənin bir-birinin ərazisini tanımaq məsələsini özündə ehtiva edir. Amma bəyannamədə  ştrixlərin necə müəyyən olunması məsələsi açıq qalır.  Alma-Ata bəyannaməsinin gündəmə gəlməsi onunla əlaqədar idi ki, bir  mərkəz kimi  danışıqlar formatı seçilsin. Bu nə Rusiya, nə Qərb olsun. Çünki vasitəçilərin sayı çoxaldıqca, məsələ daha da qəlizləşir. Digər bir tərəfdən  sözügedən sənəd məhz Nikol Paşinyanın da dediyi kimi, dörd kəndin demarkasiya edilməsi prosesi baxımından önəmli idi. Yəni başlanğıc üçün bir formata ehtiyac var idi, məhz bu da seçildi. Amma proseslərin sonrakı mərhələdə 1991-ci il Alma-Ata bəyannaməsi əsasında davam etdiriləcəyi qeyd olunmur. Göründüyü kimi, 1976-cı il xəritələri də ortaya çıxıb. Əgər kimsə 1976-cı il xəritəsindən danışırsa, ötən əsrin 50-60-cı illərinin xəritələri də gündəmə gələ bilər.

Musa BAĞIRLI,

"Respublika".