Cahana sığmayan şair
Mədəniyyət

Cahana sığmayan şair

Ədəbiyyat tariximizdə yeni və bənzərsiz poeziyası ilə özünə əbədiyyət qazanmış, mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığı zəngin və çoxcəhətlidir. Şairi bizdən 655 il uzaqlaşdırır. Şərqin ən aparıcı üç dilinə - Azərbaycan türkcəsi, fars və ərəbcəyə mükəmməl səviyyədə bələd olan dahi şair bu sayədə bədii fikir dərinliyinə vara bilmiş, ustad bir şair-filosof kimi Azərbaycan şeirinə, ümumilikdə isə türk poetik dünyasına yeni istiqamət vermişdir.

O, Azərbaycan ədəbi və fəlsəfi fikrinin təkcə XIV yüzillikdə deyil, ümumiyyətlə, bütün əsrlər boyu yetişdirdiyi ən böyük mütəfəkkir şairlərdəndir. Cahana sığmayan Nəsiminin əsərlərində özündən əvvəlki dövrün və öz dövrünün bədii-fəlsəfi fikrinin təsirini görmək olur. Həm də şairin söz sənətinin bədii təxəyyüldən qidalanan cilalı poetik dili və analitik təfəkkürün məhsulu olan fəlsəfi-irfani tutumu onun yaradıcılığına təkrarsızlıq verir. İmadəddin Nəsimi qələmini müxtəlif janrlarda sınayaraq qəzəl, qəsidə, tuyuq, rübai kimi janrların mükəmməl nümunələrini yaradıb. Mövzu və ideyasına görə əsərləri təriqət şeirləri və dünyəvi şeirlər olmaqla iki yerə bölünür. Sayca çox, mövzuca isə zəngin və rəngarəng olan dünyəvi şeirlərində Nəsimi məhəbbət və gözəlliyi tərənnüm edib, təbiətin təsvirinə xüsusi yer ayırıb.

İctimai-fəlsəfi lirik şeirin ən qüdrətli yaradıcılarından olan İmadəddin Nəsimi əvvəlcə insanları dünyanın yaradılışı və onun hikməti barədə düşünməyə, daha sonra isə yaranan suallara cavab axtarmağa sövq edir. Şairin "Nədir?" rədifli qəzəli burada xüsusi vurğulanmalıdır. Belə ki, Nəsimi burada dünya və onun yaranması məsələsinə toxunaraq insanları xilqət və onun hikməti, istər qeybi, istərsə də cismani varlıqların yaradılışı, müxtəlif hadisələr, gedişat kimi mövzular ətrafında düşünməyə çağırır, cavabı sirli olan suallarla bəşər övladını dünyanın, varlığın mahiyyətini dərk etməyə yönəldir. O, oxucuya sual verir: "Gecəsi-gündüzü olan bu kainat, doqquz fələk, zaman, bürclər və sonsuz sayda ulduzlar həm ocaq, həm də nur mənbəyi olan günəş nədir?". Bununla şair bizi - oxucunu bu deyilənləri cavablandırmağa, insanları bu dünyanın şan-şöhrətinə, parlaq görüntülərinə aldanmamağa çağırır. Şair hesab edir ki, bu dünya vəfasızdır. Buna görə də dünyaya bağlanmaq əbəsdir, insan oğluna xoşbəxtlik gətirməyəcək. Nəsimi dünya mülkünə bağlananı isə əsir adlandırır.

Nəsiminin yaradıcılığı ədəbiyyatımıza bir çox ilklər gətirib. Dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malik işlər görüb. Nəsimi Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynayıb, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışıb. Dahi şair ədəbiyyatımızda ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazıb. Onun rübailəri, tuyuğları bədii quruluş və məzmunca çox qiymətlidir. Rübailərində şairin fəlsəfi görüşləri həyat, kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə verilib.

Dahi şair haqqında danışıb, onun inanclarına, tutduğu yola nəzər salmamaq olmaz. Nəsimi XIV əsrin sonlarından sürətlə yayılan "Hürufi" sufi təriqətinə qoşulub və təriqətin qurucusu təbrizli Fəzlullah Nəiminin şərəfinə özünə "Nəsimi" təxəllüsünü götürüb. O, qısa zamanda hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanınmış simalarından birinə çevrilib, şeirləri isə dillər əzbəri olub. Ömrünün sonuna qədər heç bir tərəddüd etmədən "Ən əl-həq" deyənlərin yolu ilə gedib, əqidəsindən heç vaxt dönməyib. "Ən əl-həq" aşiqin qəlbinin ilahi nurla aydınlanmasını, haqla-haqq olmağı ifadə edir. Belə ki, burada mövcud olan fikrə əsasən, bütün pisliklərin səbəbkarı nəfsdir. Elm yolu ilə kamilləşən aşiq bunu dərk edir və nəfsi öz içində boğaraq mələksima olur. Məqama yetişmiş aşiq Allah tərəfindən mükafata layiq bilinir və qəlbi ilahi nurla dolur. Bu aşiqlərin arzusunda olduğu ilahi nurlanma, "Ən əl-həq" məqamıdır. 1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən, Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyə) gedib, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınıb. Ömrünün son illərini Hələbdə (Suriya) keçirib, orada həbs olunub, "kafir", "dinsiz" elan edilib. Bütün bunlara baxmayaraq, öz haqq yolundan dönməyib. Bu səbəbdəndir ki, Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi bu gün də yaşayır. Lakin bu fikirləri təbliğ etməsi şairi daim təqiblərə məruz qoyub. Rəvayətə görə, onu soymağa dabanından başlayıblar, lakin o, inamından dönməyib. Bu zaman onun ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə soruşurlar: "Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?". Nəsimi isə qürurla cavab verir: "Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə, əlbəttə, saralar".

Günümüzdə hələ də dillər əzbəri olan "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misrası ilə başlanan məşhur qəzəli isə şübhəsiz ki, İmadəddin Nəsiminin mükəmməl avtoportretidir. Azərbaycan klassik lirikasının nadir nümunələrindən biri olan "Sığmazam" qəzəlində onun mübariz ideyalarının və çağırışlarının dövrə, zamana sığmayan qüdrəti ifadə olunub. "Məndə sığar ikən cahan" anlayışı da hürufi ədəbi-fəlsəfi təliminə uyğun olub, Nəsiminin əqidə bütövlüyünü və qeyri-adi məğrurluğunu ifadə edir. Şeirdəki əzəmətli görünən lirik mən "Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm" - deyən Nəsiminin cahana və zamana sığmayan proobrazıdır:

Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam.

İmadəddin Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ulu öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ümummilli liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib. Bundan sonra 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Həmin tarixdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm işlər görülüb. Bundan başqa, Heydər Əliyevin tapşırığı ilə akademik Həmid Araslı və professor Araz Dadaşzadə Azərbaycanın valyuta fondu hesabına Suriyaya ezam ediliblər. Onlar Nəsiminin məzarının vəziyyəti ilə tanış olub, bərpası məsələsini gündəmə gətiriblər. Ümummilli liderin təşəbbüsü nəticəsində məzar bərpa edilib.

Dahi şairin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu məhz şairin adını daşıyır. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq, 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili" elan edilməsi barədə ölkə başçımızın imzaladığı Sərəncam isə xüsusi əhəmiyyətə malikdir. 2019-cu ilin dahi şairin 650 illik yubileyinə həsr olunması tariximizə, keçmişimizə, mənəvi dəyərlərimizə böyük qiymətdir.

Röya RÜSTƏMLİ,

"Respublika".