Ekofəalların haqlı tələbləri yerinə yetirilməlidir
Digər xəbərlər

Ekofəalların haqlı tələbləri yerinə yetirilməlidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinə son qoyur, həmçinin tərəflər razılaşdırılmış bəyanatın bütün bəndlərini icra etmək öhdəliyini üzərlərinə götürür.

Ermənistan tərəfi imzaladığı kapitulyasıya aktına qismən əməl etsə də, lakin tam olaraq bu müddəaları yerinə yetirmir. Qarşı tərəf kapitulyasiya aktının 4-cü və 9-cu bəndlərini icra etməməklə yanaşı, onlar üçün ayrılan Laçın-Xankəndi humanitar dəhlizindən sui-istifadə hallarına yol verir. Belə olan təqdirdə, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti ictimaiyyətə məlumat verərək bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi qurulub. Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Beləliklə, baş verən hadisələr onu göstərdi ki, Ali Baş Komandanın: "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" ifadəsi bir daha öz təsdiqini tapır. İlk dəfə dövlət başçısı tərəfindən təklif olunan nəzarət-buraxılış məntəqəsinin qurulması ideyası artıq reallığa çevrilib. Kənar güclər hər nə qədər ərazi bütövlüyümüzü şübhə altına alsalar da, Prezident İlham Əliyevin müdrik siyasəti, Ermənistan və onun havadarlarını mat etməyə qadirdir. Hər tərəfdən dalana dirənən İrəvan hərbi-siyasi rəhbərliyi ölkəmizlə təhdid dilində deyil, sülh çağırışlarına müsbət cavab verməklə dialoq qurmağa səy göstərməlidir.

Laçın-Xankəndi yolunda aktuallığını saxlayan digər bir məsələ isə ekofəallar, QHT nümayəndələri, idman cəmiyyətləri və könüllülərin 137 gündür ki, davam edən etiraz aksiyasıdır. Dörd aydan artıq davam edən aksiyada ekofəallar istəkləri tam olaraq yerinə yetirilməsə də müəyyən uğur qazana biliblər. Belə ki, yüksək əhvali-ruhiyyə, sarsılmaz iradə nümayiş etdirən aksiya iştirakçıları, təbii sərvətlərimizin daşınmasının qarşısını alıblar. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlı kontingentin separatçılara tərəf olması səbəbindən monitorinq baş tutmamışdı. Bundan sonra əraziyə toplaşan ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başlayıblar. Aksiya iştirakçıları "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ən böyük əsgər, bizim əsgər!", "Qarabağ Azərbaycandır!", "Azərbaycan oyaqdır, sərvətinə sahibdir!" şüarları səsləndiriblər. Aksiyaların başladığı ilk gündən etibarən dəhlizin humanitar məqsədlər üçün istifadəsinə heç bir maneəçilik göstərilməyib. Ekofəalların keçirdiyi dinc aksiyanın ilk günündən bu günə qədər Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin minlərlə avtomobilləri hər iki istiqamətdə hərəkət edib.

Musa BAĞIRLI,

"Respublika".