Düşmənə sipər şəhid polislər
Digər xəbərlər

Düşmənə sipər şəhid polislər

Qanun keşikçiləri olan polis əməkdaşları dövlətə və xalqa sədaqətli xidmətləri ilə bərabər, Birinci Qarabağ müharibəsində düşmənə sipər olmaları ilə də seçiliblər. Azərbaycan polisi cinayətkarlıqla mübarizə ilə yanaşı, düşmənə də tutarlı cavabı ilə tanınır.

Belə ki, milli ordumuzun hələ yaranmadığı və formalaşmadığı ağır dövrlərdə düşmənin aramsız təcavüzlərindən xalqımızı qorumaq missiyası fədakar polis əməkdaşlarının üzərinə düşürdü. Ermənistanla sərhəd bölgələrində yerləşən və düşmənin dayanmadan təcavüzünə məruz qalan bölgələrimizdə olduğu kimi, Zəngilan rayonunda  da polis əməkdaşları igidlik və döyüş rəşadəti göstərirdilər. Düşmənin aramsız hücumları yerindəcə susdurulurdu. Çünki vətənə, xalqa və torpağa bağlılıq polis əməkdaşlarını yeni-yeni qəhrəmanlıq tarixi yazmağa sövq edirdi. Beləliklə də Ermənistan silahlı qüvvələrinin hücumlarına tutarlı zərbələri ilə cavab verən rayon polis şöbəsinin əməkdaşları düşmənin ağır  texnika və şəxsi heyət sarıdan üstünlük təşkil etməsinə baxmayaraq, rəşadəti ilə seçilirdi.

1993-cü il oktyabr ayının son günləri idi. Vandal siyasəti ilə insanlığa qənim kəsilən və əzəli torpaqlarımızı işğal etməyə çalışan Ermənistan silahlı qüvvələri Zəngilan rayonu ərazisinə ağır texnika və güclü qüvvə ilə genişmiqyaslı hücuma keçmişdi. Həmin anlarda məhdud  şəxsi heyəti və döyüş texnikası olan ordumuz bütün qüvvəsini düşmən ordunun təcavüzlərinin qarşısını almaq üçün cəmləşdirmişdi. Belə bir taleyüklü məqamda rayon polis şöbəsinin əməkdaşları da gücünü göstərdi. Çünki yaxşı bilirdilər ki, düşmən Ermənistan və İranla sərhəddə yerləşən Zəngilan rayonunu tam mühasirəyə almaqla burada Xocalıdan da dəhşətli bir faciə törətmək niyyətində idi. Rayonun bütün bölgələrlə olan yeganə əlaqəsi - avtomobil yolu kəsildiyindən Zəngilanda hər an kütləvi qırğın və dəhşətli faciələr gözlənilirdi. Yerli sakinlər düşmənin əsir və girovuna çevrilməmək üçün İranla sərhəddə olan Araz çayının sahilinə toplaşmışdı. Suyu daim gur olan Arazı keçmək heç də asan deyildi. Düşmən hücumlarını durmadan artırırdı. Polisin bütün şəxsi heyəti düşmənin təcavüzünün qarşısını almaq üçün tam səfərbər olmuşdu. 5 ilə yaxın davam edən döyüşlərdə iştirak edən polis əməkdaşları  düşmənə tutarlı cavab verməyə hazır idilər.

Ermənistan silahlı qüvvələri işğal etdiyi Cəbrayıl rayonu ərazisindən Zəngilan rayonuna daxil olmağa çalışırdı. Belə ağır məqamda polis əməkdaşları bir nəfər kimi düşmənin qarşısını almağa can atırdı. Rayon polis şöbəsinin əməkdaşları sahə müvəkkili, leytenant Paşayev Sabir Əziz oğlu, bölmə komandiri, baş çavuş Nərimanov Elşad Əvəz oğlu, çavuşlar Bəşirov Fazil Arif oğlu, Quliyev Aqil Mehrəli oğlu, Quliyev İlham İmamqulu oğlu, İsmayılov İsmayıl Barat oğlu və İsmayılov Möhlət Bəhmən oğlu Cəbrayılın Dərzili kəndi istiqamətindən gələn təcavüzkar ordunun əsgərlərinin və ağır texnikasının qarşısını almaq üçün növbəti döyüşə atıldılar. Düşmənin canlı qüvvə və ağır texnika sarıdan üstün olmasına baxmayaraq, igidlərimizin peşəkarlığı sayəsində düşmən niyyətlərinə nail ola bilməyərək xeyli itki ilə üzləşdi. Son damla qanına qədər vuruşan polis əməkdaşları dinc sakinlərin  kütləvi məhvinin, əsir və girov düşməsinin qarşısını aldılar.  Danılmaz faktdır ki, 1993-cü il oktyabrın 25-də Zəngilan rayonunda Xocalı faciəsinin təkrarlanmasının qarşısının alınmasında yerli polis əməkdaşları xüsusi qəhrəmanlıq göstəriblər. Həmin döyüşdə 7 polis əməkdaşının qəhrəmancasına şəhid olması onlarda vətənpərvərlik ruhunun, vətənə və torpağa bağlılığının yüksək göstəricisi idi.

Polis əməkdaşlarının rəşadəti sayəsində böyük itki ilə üzləşən düşmənin hücumlarının qarşısı bir müddət alındı və bununla da vaxtdan maksimum yararlanan dinc sakinlər Araz çayını keçməklə İran ərazisindən respublikamızın digər bölgələrinə gəldilər.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".