DÜNƏNİN, BU GÜNÜN VƏ GƏLƏCƏYİN PARTİYASI
Siyasət

DÜNƏNİN, BU GÜNÜN VƏ GƏLƏCƏYİN PARTİYASI

20-21 dekabr 1999-cu il tarixdə YAP-ın I Qurultayı keçirilmişdir

Ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısı, əbədi lideridir. Hazırda özünün 30 illiyini qeyd etmiş partiya ölkə qarşısında duran bütün məsələləri həll etməyə qadir, xalqımızın ictimai-siyasi həyatında özünün tarixi rolunu oynayan avanqard siyasi qüvvədir. Yarandığı vaxtdan partiya öz fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına, müəllifi olduğu azərbaycançılıq məfkurəsinə əsaslanaraq dövlətimizin milli maraqlarını, xalqımızın mənafeyini üstün tutmuş, uğurla inkişaf etmişdir. Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları yaradılmışdır.

1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayı partiyanın və ümumilikdə Azərbaycan cəmiyyətinin həyatında mühüm rol oynamışdır. Qurultayda YAP-ın təsis konfransında qəbul olunmuş Proqram və Nizamnamə geniş şəkildə müzakirə edilmiş, müəyyən əlavə və dəyişikliklər həyata keçirilmişdir. YAP strateji fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, beynəlxalq münasibətlər sistemində respublikamızın layiqli yer tutması, ölkəmizdə dövlət quruculuğu yönündə başlıca məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

 Yenilənmiş Proqramda yer almış başlıca vəzifələr dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi davamlı inkişaf etməsi, əhalinin sülh və təhlükəsizlik şəraitində, firavan həyatının təmin edilməsi mühüm yer tutmuşdur. Partiyanın ideoloji xəttinin leytmotivini təşkil edən möhkəm dövlətçilik, qanunun aliliyi, ulu öndərin azərbaycançılıq məfkurəsi, sürətli tərəqqi, möhkəm vətəndaş həmrəyliyinin yaradılması, eləcə də sosial ədalət prinsipləri Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrin reallaşdırılmasının ana xətti olaraq məzmunca respublikamızın parlaq gələcəyinin də ideya bazası qismində çıxış etmişdir.

1993-cü ildə xalqın təkidli xahişi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana ali rəhbərliyə qayıtması ilə ölkəmizdə siyasi mühitin sürətlə inkişafı, demokratik dəyərlərə sadiq olaraq dahi liderimizin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət YAP sıralarının qısa müddətdə genişlənməsinə gətirib çıxardı. Yeni Azərbaycan Partiyası siyasi təşkilat kimi qısa müddətdə mühüm uğurlara imza atdı. 1995-ci ildə keçirilən parlament seçkilərində həm proporsional, həm də majoritar sistem üzrə YAP-ın böyük üstünlüklə qalib gəlməsi ümummilli liderimizin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə nüfuzunun nə qədər yüksək olduğunu göstərdi.

1998-ci ildə keçirilən prezident seçkilərində ulu öndər Heydər Əliyevin yenidən qalib gəlməsi də gənclərdən ən yaşlılara qədər partiya üzvləri ilə yanaşı, bütövlükdə xalqımızın yürüdülən siyasətə böyük dəstək verməsini sübut etdi.

YAP-ın II Qurultayı 2001-ci il 21 noyabr tarixində, yəni partiyanın yaranmasının 9-cu ildönümündə Bakı şəhərində keçirilib. Qurultay onunla əlamətdar olub ki, həmin vaxt Milli Məclisin deputatı, ARDNŞ-in vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev YAP sədrinin I müavini vəzifəsinə seçilmişdi.

2005-ci il martın 26-da Bakı şəhərində keçirilən YAP-ın III Qurultayı istisna olmaqla, 2 avqust 2008-ci ildə keçirilən IV Qurultayı, 7 iyun 2013-cü ildə keçirilən V Qurultayı, 8 fevral 2018-ci ildə keçirilən VI Qurultayı prezident seçkiləri ərəfəsinə təsadüf edib və Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyev yekdilliklə partiyanın namizədi kimi irəli sürülüb və seçkilərdə böyük üstünlüyü ilə qalib gəlib.

2003-cü ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında yaxından və fəal iştirak edən YAP-ın ölkədə keçirilən bütün parlament və bələdiyyə seçkilərində mühüm uğurları, partiyanın namizədi cənab İlham Əliyevin qələbəsi ulu öndər Heydər Əliyevin ideyalarına xalqın böyük inam və etimadının olduğunu bir daha sübut edib.

Ümummilli liderimizin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən son illərdə uğurla həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikası əsrə bərabər olan bir inkişaf dövrünə qədəm qoydu. Belə ki, ölkəmiz nəinki regionda, hətta postsovet məkanında aparıcı mövqeyə çıxdı. Son illərdə əldə edilən nailiyyətlər sülh danışıqları aparan ölkəmizin öz silahlı qüvvələrinin də müasir döyüş qabiliyyəti olan orduya çevirilməsinə şərait yaratdı. Əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu öz müsbət nəticələrini verdi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız azad olundu, düşmən darmadağın edildi.

Azərbaycanın xoşbəxt və firavan gələcəyi naminə 44 günlük Vətən müharibəsində xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında "Dəmir yumruğ"a çevrildi, xalq-iqtidar-ordu birliyinin qüdrətini, sarsılmazlığını nümayiş etdirdi. Bu da torpaqlarımızın işğaldan azad olunmasında mühüm rol oynadı.

Həmin dövrdə Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan minlərlə gənc könüllü olaraq səfərbərlik idarələrinə üz tutdular, cəbhəyə yollandılar. Bir çoxları şəhid, qazi oldu, minlərlə partiya üzvü isə ordumuzun qələbəsi üçün bütün sahələrdə fəaliyyət göstərdilər. Eyni zamanda, YAP başda olmaqla, ölkədə fəaliyyət göstərən əksər siyasi təşkilatlar birlik və həmrəylik nümayiş etdirərək müharibə dövründə cəmiyyətdə yekdilliyə nail oldular. Buna görə də demək olar ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə ilə xalqın partiyası olan Yeni Azərbaycan Partiyası özünün mühüm hədəflərinə nail oldu. Bu gün Yeni Azərbaycan Partiyası Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Yeni Azərbaycan Partiyasının rəhbəri cənab İlham Əliyev 2018-ci ildə keçirilən sonuncu prezident seçkilərində yenidən dövlət başçısı seçiləndən sonra ölkənin inkişafı üçün mühüm addımlarını davam etdirir. Bu məqsədlə yeni çağırışlara uyğun olaraq müasir dövlət idarəçilik sisteminin formalaşdırılması üçün ölkədə geniş islahatlar həyata keçirilir. Hakim partiya ölkəmizin inkişafı yönündə fəaliyyəti ilə son illərdə də özünün ümumxalq partiyası olduğunu, daim dövlətimizə və xalqımıza xidmət yolu tutduğunu təsdiq etdi. Bu baxımdan, YAP-ın yaradılmasını dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirmək lazımdır. Ən nəhayət, uzun illər ərzində həyata keçirdiyi siyasətlə Yeni Azərbaycan Partiyası sübut etdi ki, müstəqil Azərbaycanın yüksək inkişafına nail olmaqda, əmin addımlarla onu gələcəyə aparmaqda ulu öndər Heydər Əliyevin müdrik ideyaları əvəzsizdir. Beləliklə, birmənalı şəkildə demək olar ki, Yeni Azərbaycan Partiyası ölkəmizin daha da uğurlu gələcəyinin təmin edilməsində mühüm rol oynamaqda davam edəcək.

Emin QASIMOV,

"Respublika".