Türk dünyası arasında əlaqələr dərinləşir
Siyasət

Türk dünyası arasında əlaqələr dərinləşir

Prezident cənab İlham Əliyev Mərkəzi Asiya dövlətləri, o cümlədən, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və təşkilat çərçivəsində çoxtərəfli iqtisadi, siyasi əlaqələrin qurulmasına böyük önəm verir. Ölkə başçımız türkdilli dövlətlərin birləşməsində misilsiz xidmətlər göstərir, həmçinin Türk Dövlətləri Təşkilatının yaradılması ideyasının müəllifidir.

Bu barədə Milli Məclisin deputatı, professor Kamilə Əliyeva açıqlama verib. O bildirib ki, ortaq dinə, mədəniyyətə, eyni tarixi köklərə mənsub türkdilli dövlətləri özündə birləşdirən Türk Dövlətləri Təşkilatı yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək. 

"Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan dövlətlərində böyük sevinclə qarşılandı. Qazaxıstan və Özbəkistandan sonra Qırğızıstanın da işğaldan azad edilmiş Ağdam şəhərində məktəb tikdirib Azərbaycana hədiyyə etməsi dostluğumuzun və qardaşlığımızın nümunəsidir. Aprelin 24-də Azərbaycana səfər edən Qazaxıstan Respublikasının Prezidenti Sadır Japarov iki dövlət arasında iqtisadi, sosial və humanitar sahələri əhatə edən bir çox sənədlər imzaladı. Prezident İlham Əliyev Qırğızıstan Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi.  Azərbaycan və Qırğızıstan Respublikaları arasında yaradılmış Dövlətlərarası Şuranın ikinci iclasında qarşıya qoyulan məsələlərin həll edilməsi və görüləcək işlərin müzakirəsi zamanı əldə olunan razılıqlar iki ölkə arasında iqtisadi, ticari əlaqələrin genişləndirilməsinə zəmin yaradacaq. Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı investisiya qoyuluşu məsələləri də yeni mərhələyə qədəm qoydu. Azərbaycan Qırğızıstanın İssık-Kul gölünün sahilində 5 ulduzlu otelin tikintisinə başlayıb, eləcə də Qırğızıstanda bərpa olunan enerji üzrə layihələrdə də iştirak edəcək. Hər iki dövlət irimiqyaslı nəqliyyat və dəmir yolu infrastruktur layihələri reallaşdırıb ki, bu da Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfələr verəcək. Humanitar və mədəniyyət sahələrində də iki qardaş dövlət arasında əlaqələr möhkəmləndirilir. Ötən günlərdə Qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsinin Bakıda açılış mərasimi baş tutdu və hər iki ölkənin Prezidentləri açılış mərasimində iştirak etdilər. Ölkəmizdə Qırğızıstan Mədəniyyət Günləri keçirildi. Azərbaycanla Qırğızıstanın dostluq və qardaşlıq münasibətləri türk dünyası birliyinin nümunəsidir". 

Jalə QASIMZADƏ, 
“Respublika”.