Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb
İdman

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Türkiyənin İstanbul şəhərində ciu-citsu idman növünün Gi versiyası üzrə açıq Türkiyə çempionatı və No-Gi versiyası üzrə açıq Avropa çempionatı keçirilib.

Azərbaycan Ciu-Citsu Federasiyasından "Respublika"ya verilən məlumata görə, yarışlarda ölkəmizi Elman Əsgərov (77 kiloqram) təmsil edib.

Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi Rəsul Məmmədovun yetirməsi olan idmançı hər iki növdə qüvvəsini sınayıb.

İlk gündə finaldakı rəqibi önündə 11:0 hesabı ilə üstün olan idmançı görüşün bitməsinə 1 dəqiqə qalmış boğucu fəndə düşərək uduzub və gümüş medalla kifayətlənib.

Növbəti gündə Açıq Avropa çempionatında mübarizə aparan E. Əsgərov ikinci turda Bosniya və Herseqovinadan olan rəqibinə 5:0, üçüncü turda isə rusiyalı döyüşçüyə 5:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə livanlı idmançıya məğlub olaraq 2-ci yeri tutub.

Beləliklə, 45 ölkədən 500-dən çox idmançının iştirak etdiyi yarışda Elman Əsgərov iki gümüş medal qazanıb.