Dövləti oyuna çevirən haylar
Siyasət

Dövləti oyuna çevirən haylar

Rusiyanın tanınmış ən qalmaqallı siyasətçisi Vladimir Jirinovskinin proqnozları gündəmdən düşmək bilmir. Artıq 2 ildir ki, vəfat etməsinə baxmayaraq, bu gün hələ də adı müntəzəm olaraq xəbərlərdə çəkilir, siyasətçinin proqnozları təkrar-təkrar müzakirə edilir. Bir çox tədqiqatçılar Jirinovskinin dünyada baş verən hadisələri ciddi təhlil etdiyini və sanballı məlumat bazasına malik olduğu üçün ayrı-ayrı hadisələrin necə inkişaf edə biləcəyini proqnozlaşdıra bildiyini deyirlər. Lakin Liberal Demokrat Partiyası liderinin fikirləri heç də "müqəddəs" deyil. Buna baxmayaraq, onun dedikləri ciddi şəkildə diqqətə alınır. Qeyd edək ki, Jirinovskinin davamlı olaraq ziddiyyətli açıqlamalar verməsinə baxmayaraq, onun fikirləri bir çox məqamda həyata keçirdi. Təəssüf ki, Cənubi Qafqaz məsələlərində külək hara əssə o tərəfə meyillənən və özünü ekstrasens kimi aparan siyasətçi 2019-cu ildə Volodimir Zelenski prezident seçiləndə bəyan etmişdi ki, bu, Ukraynada sonuncu prezident seçkisi olacaq. Məlumdur ki, müharibə səbəbindən Ukraynada prezident seçkisi qeyri-müddətə təxirə salınıb.

2021-ci ilin əvvəlində Liberal Demokrat Partiyasının lideri bildirmişdi ki, Ermənistanda böyük təlatümlər baş verəcək, ölkədə hərbi çevriliş olacaq, baş nazir Nikol Paşinyan ya xaricə qaçacaq, ya da Amerika səfirliyində gizlənəcək. Jirinovski Yaxın Şərqdə qanlı silahlı münaqişənin alovlanacağını, onun kəskinləşəcəyini və hər kəsin Ukraynadakı vəziyyəti unudacağını iddia etmişdi.

Ermənistanın baş naziri Fransa və ABŞ kimi dövlətlərlə yaxın münasibət göstərir. Ancaq görünür, baş nazir başqa işlərlə də məşğuldur. Yeni əyləncə axtaran Paşinyan administrasiyası aprelin 1-də xəbər yaymışdı ki, baş nazir hakim "Vətəndaş müqaviləsi" partiyasının təcili iclasını keçirib. Görüşdə hayları sakitləşdirmək üçün istefa vermək qərarına gəldiyini açıqlayıb. Yerli KİV bütün aləmə car çəkib ki, bəs "baş nazirimiz bizi tərk edir". Mətbuat orqanlarının yazdığına görə, rəsmi Bakının anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan vəziyyəti yüngülləşdirmək üçün istefa vermək qərarına gəlib. Baş nazirin sözlərinə görə, bu qərar onun və hökumətinin xilası olacaq. Hətta Nikol Paşinyan sentyabrın 10-da növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar da qəbul edib.

Bütün bu xəbərlərin çıxdığı tarixə ilk növbədə nəzər salaq. Aprelin 1-i beynəlxalq bayram kimi keçirilməsə də, dünyanın bir sıra ölkələrində adətən əyləncə və gülüş günü kimi qeyd olunur. Hər il aprelin 1-də insanlar bir-birilərini aldatmağa çalışır, zarafatlar edir, əylənib gülürlər. "Vətəndaş müqaviləsi" partiyasının da məhz həmin gün iclas keçirib, açıqlama verməsi olduqca diqqətçəkəndir. Hakimiyyət orqanları öz aralarındakı zarafatın "dozası"nı artıq ediblər, buna görə də məsələ mediaya da sirayət edib. Görünən odur ki, olduqca "ciddi" işlərlə məşğuldurlar. Xəbərin yayıldığını görən rəsmi orqan məsələni təkzib edib. Hakimiyyət bütün bu olanlara tutarlı bir açıqlama verməyib. Məlum məsələdir ki, baş nazir vəzifəsindən istefa vermək niyyətində deyil. Eyni zamanda Nikol Paşinyanın növbədənkənar parlament seçkiləri keçirmək fikri də yoxdur. Çünki administrasiya çox yaxşı bilir ki, hazırkı vəziyyətdə seçkilərin keçirilməsi onların əleyhinə olacaq. Yəni Paşinyanın növbədənkənar seçkilərdə məğlub olmaq ehtimalı həddən artıq yüksəkdir. Nəzərə almaq lazımdır ki, bu, baş nazirin tez-tez işlətdiyi bir metoddur. O, hər il ən az 2 və ya 3 dəfə istefaya gedəcəyini açıqlayır. Hətta ötən il bildirib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemləri həll olunacaqsa, hakimiyyəti tərk edə bilər. Baş nazir vurğulayıb ki, o, hakimiyyətdən yapışmayıb və əgər müxalifət çağırışların öhdəsindən gəlməkdə iştirak etmək istəyirsə, buna heç nə mane ola bilməz. O, bununla xalqı manipulyasiya etməyə çalışır. Paşinyan hakimiyyəti belə manipulyasiyalarla məşğul olmaqla Ermənistan ictimaiyyətinin mövqeyini öyrənmək istəyir. Həm də özünü elə göstərir ki, guya xalqını düşünür.

Vladimir Jirinovskinin proqnozlarına gəldikdə, deyə bilərik ki, bu hal o zaman reallaşa bilər ki, Qərb qüvvələri özünə yeni forpost və ya baş nazirin özü kimi keçmiş siyasi məhbus küçələrə düşüb aksiyalar keçirərək hakimiyyətə gələn birini tapsın. Bütün bunlar isə sadəcə ehtimaldır. Nəyin necə olacağı sual altındadır. Amma Paşinyan administrasiyası ciddi məsələləri bir kənara qoyub uşaq kimi davranmağa davam etsə, o zaman bənzər ssenarilər olacaq...

Töhfə SƏMƏDOVA,

"Respublika".