Dövlət başçımızın mesajları tarixi əhəmiyyət daşıyır
Siyasət

Dövlət başçımızın mesajları tarixi əhəmiyyət daşıyır

"Qarabağdakı ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu liderlər onlara daim yalan danışıblar".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib: "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm", - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, dövlətimiz bununla Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin reinteqrasiyasının həyata keçirilməsi, bununla da onların ağır sosial problemlərdən, həmçinin separatçıların təsir və təzyiqlərindən, daha dəqiqi əsarətindən qurtarmaları üçün növbəti dəfə imkan yaradıb. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər bu şansı lazımi səviyyədə dəyərləndirməlidirlər. Bu, onlar üçün Azərbaycan qanunları çərçivəsində öz hüquq və imkanlarından yararlanmağa kömək olacaq. Bundan əlavə, Azərbaycanın bu təklifi regionda yeni iqtisadi inkişaf dövrünün başladılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Millət vəkili Nəsib MƏhƏmƏliyev bildirib ki, Prezident İlham Əliyev öz əhatəli müsahibəsində Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Cənubi Qafqaza maraqları olan dövlətlərlə əlaqələrə toxundu: "Prezident bunların arasında təbii ki, Qarabağda yaşayan ermənilərin reinteqrasiya məsələsinə də diqqət çəkdi. Azərbaycan Prezidenti bir daha əminliklə bildirdi ki, reinteqrasiya prosesinin reallaşması nəticəsində ermənilərin milli, dini, etnik, mədəni kimliklərinə toxunulmayacaq. Beləliklə, ermənilər öz milli kimliyini saxlayacaq, qoruyacaq, onların hüquqlarına toxunulmayacaq. Lakin seçim onların əlindədir.

Artıq elə bir zaman yetişib ki, ermənilər doğru seçim etmək məcburiyyətindədirlər. İndiyə qədər ermənilərə rəhbərlik edən ideoloqlar Ermənistan ordusu barədə yalançı təbliğatla məşğul olublar. Hansı ki, həmin ideoloqlar Qarabağdakı erməniləri Ermənistanın güclü ordusunun olması yalanı ilə aldadırlar. Onlar nitqlərində daim pafoslu danışaraq ermənilərə yalan vədlər verirlər ki, yenidən müharibə olsa, Bakıya da girəcəklər. Bunlar hamısı cəfəngiyyatdır. Çünki Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində olduğundan daha güclüdür. İndiki strateji üstünlüklərimiz həddindən çoxdur. Cənab Prezidentin də dediyi kimi, ermənilər düşünməməlidir ki, hansısa ölkələr bu coğrafiyada onlara görə Azərbaycanla vuruşacaq, erməniləri müdafiə edəcək. Azərbaycan lideri çox açıq və net şəkildə Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə, eyni zamanda Ermənistan hakimiyyətinə və cəmiyyətinə bir mesaj verdi. Otuzillik Azərbaycan torpaqlarının işğalı, sərvətlərinin talanması artıq geridə qaldı. Nəticə göz qabağındadır. Bir masa arxasında oturub sərhədlərin delimitasiya, demarkasiya məsələləri müzakirə edilməli və qarşılıqlı öhdəlik götürülməlidir. Biz Azərbaycan olaraq öz ərazi bütövlüyümüzü tanıyırıq və Ermənistanın torpaqlarında gözümüz yoxdur. Lakin Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın ora qayıtmaq hüququ var. Yəni bu, beynəlxalq səviyyədə də təsdiq olunub. Bu baxımdan da cənab Prezidentin "Euronews" kimi böyük auditoriyası olan telekanala müsahibəsində ermənilərə verdiyi mesaj tarixi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, ermənilər bundan ciddi nəticə çıxarmalıdırlar. Ölkə başçısının bu müsahibəsini olduqca yüksək qiymətləndirirəm".

Nuranə DAXİLQIZI,

"Respublika".