Terrorla effektiv mübarizədə Azərbaycan faktoru
Siyasət

Terrorla effektiv mübarizədə Azərbaycan faktoru

Avropa Şurasının "Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi"nin (MONEYVAL) Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinin hesabatı açıqlanıb. Hesabatda son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər məqbul hesab edilməklə, gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr verilib, terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib.

Hesabatda göstərilir: "MONEYVAL qeyd edir ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub və hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər. (Müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkumetmə həyata keçirilib). Eynilə beynəlxalq əməkdaşlıqda Azərbaycan yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib".

Həmçinin Azərbaycanın terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə əldə etdiyi nəzərəçarpacaq irəliləyiş alqışlanır, hakimiyyətin bu cür cinayətlərin araşdırılması və mühakimə olunması istiqamətində fəaliyyətinin effektivliyi qeyd olunur. Ölkəmizin möhkəm qanunvericilik bazası və hüquq-mühafizə imkanları terror şəbəkələrinin və qeyri-qanuni maliyyə kanallarının sıradan çıxarılmasında mühüm rol oynamışdır. MONEYVAL tərəfindən son bir il ərzində göstəricilərinə görə qiymətləndirmə hesabatları dərc edilmiş ölkələr sırasında terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılmasının effektivliyi üzrə yüksək qiymətləndirilən yeganə dövlət Azərbaycan Respublikası olmuşdur.

Ölkəmizin beynəlxalq standartları dəstəkləmək, hüquqi və institusional çərçivələrini gücləndirmək səyləri onun qlobal təhlükəsizliyi və sabitliyi qorumaq əzmini bir daha təsdiqləyir. Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb. Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib ki, görülmüş işlərin, o cümlədən Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz azalıb.

Azərbaycanın terrora qarşı mövqeyi xüsusilə diqqətəlayiqdir. Məlumdur ki, illər boyu bəzi qüvvələr ölkəmizə qarşı qərəzli siyasət yürüdüb və bu, indi də davam edir. Bunun nəticəsidir ki, Ermənistan revanşizmə həvəs göstərir. Qərb qonşumuz daim silahlandırılıb. İrəvana maddi-mənəvi dəstək göstərilib ki, qarşıdurma yaransın. Lakin bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan sülh istəyi ilə çıxış edib. Ölkəmiz daim çalışıb ki, məsələlər danışıqlar yolu ilə həll edilsin. Bu istiqamətdə Ermənistanla dəfələrlə görüşlər keçirilib. Azərbaycan tərəfindən revanşizmə, terrora qarşı mübarizə hər vəchlə aparılıb. Buna baxmayaraq, İrəvan qisasçı mövqeyindən əl çəkməyib. Nəticədə ölkəmiz həm 44 günlük Vətən müharibəsində, həm də 23 saatlıq antiterror tədbirləri zamanı öz gücünü bütün dünyaya göstərib. Biz bununla bir daha sübut etmişik ki, terrorun, revanşizmin əleyhinəyik, regiona yad müdaxiləyə icazə vermirik. Bu gün Ermənistan ölkəmizə qarşı yeni təxribatlarla çıxış edir. Təbii ki, Azərbaycan sülh tərəfdarıdır. İrəvan da bu istiqamətdə adekvat addımlar ataraq, regionun inkişafı üçün sülhə dəstək olmalıdır. Əks halda, bu sadəcə Ermənistanın öz zərərinə olacaq.

Prezident İlham Əliyev zəfər seçkilərində qalib olduqdan sonra oğlu Heydər Əliyev ilə birlikdə Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar. Dövlət başçımız yeni yaradılan Akademiyada olub və "Akıncı" PUA-larını şəxsən özü idarə edib. Bu həm xarici qüvvələr, həm də Ermənistan üçün bir mesajdır. Ermənistan durmandan silahlanır və bunun müdafiə məqsədli olduğunu qeyd edir. Lakin sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir vaxtda təxribatlara yol verilməsi qəbuledilməzdir. Ermənistan unutmamalıdır ki, ölkəmizin kifayət qədər gücü var, lakin biz hər zaman ilk olaraq sülhü seçirik və terrorun qarşısında yer alırıq.

MONEYVAL-ın hesabatında Azərbaycanın effektiv antiterror səylərinin tanınması ölkənin terrorizmlə mübarizə və öz vətəndaşlarının müdafiəsinə sadiqliyinin sübutudur. Terrorizmin yaratdığı çoxşaxəli çağırışların həllinə kompleks yanaşma ilə Azərbaycan ekstremizmə qarşı qlobal mübarizədə qətiyyət nümayiş etdirir. Azərbaycan terrorizmlə mübarizədə tədbirləri həyata keçirməyə davam etdikcə, onun beynəlxalq təhlükəsizlik sistemində əsas tərəfdaş kimi rolu güclənir. Ölkəmiz daha təhlükəsiz dünyaya öz töhfəsini verir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".