Ölkəmizin dünyaya nümunə sabitlik modeli
Siyasət

Ölkəmizin dünyaya nümunə sabitlik modeli

Yeni dünya müharibəsinin ayaq səslərinin eşidildiyi mürəkkəb dövrdə ölkəmizdə sabitlik hökm sürür. Təhlükəsizlik adası Azərbaycan bu baxımdan həm də pozucu qüvvələrin zaman-zaman hədəfinə çevrilir.  Lakin müstəqillliyimizin bərpasından bəri ötən bir qərinə dövrdə heç bir xarici amil faktoru ölkəmizlə bağlı xəbis niyyətlərinə nail ola bilməyib. Xüsusilə cənab İlham Əliyevin prezident seçildiyi dövrdən bu yana Azərbaycanın artan uğurları son 20 ildə bu təxribatçı qrupları daha da narahat etməyə başlayıb. Dünyanın əksər bölgələrində  toqquşmalar və ya yeni münaqişə ocaqları yaranıb. Lakin ölkəmiz  sabit inkişaf yolunda inamla irəliləyir. Xəbis niyyətli qüvvələrin qara planlarını sonda hər zaman puça çıxarır.

Ölkəmizin artan uğurlarına diqqət yetirsək  Prezident İlham Əliyevin  müdrik və qətiiyyətli  rəhbərliyini açıq-aydın görürük.  Hətta dünya böhranın hakim olduğu dövrlərdə belə Azərbaycan bu riskdən minimum təsirlərlə çıxa bilmişdir. Ölkə başçımız da sabitlik faktorunun əhəmiyyətini mütəmadi olaraq öz çıxışlarında qeyd edir: "Azərbaycanda uzun illərdir sabitlik mövcuddur və bu, iqtisadi inkişafımızın əsas amillərindəndir" habelə, "Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq.” Qeyd edib ki,  bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Cənab  İlham Əliyev hakimiyyətinin ilk günlərindəndəri xüsusi olaraq ölkədə sabitliyin qorunub saxlanılması və daha da qorunması üçün addımlar atıb. Ölkə başçısı bütün uğurların əsas meyarını firavanlıqda gördü və bugün dünyada baş verən proseslər bu siyasəti bir daha önə çıxardı. Bu da həqiqətdir ki, İqtisadiyyatları hər nə qədər güclü də olsa, ölkəyə olunan hər hansı bir təhdid qarşısı alınmaz tənəzzül dövrünün qapılarını açır. Bunu hazırda baş verən Rusiya-Ukrayna, İsrail-İran, İsrail-HƏMAS, həmçinin Afrikada baş verən gərginliklərin fonunda şahidi oluruq və olacağıq. Ərazilərinin münaqişə ocağına çevrilməyi həmin dövlətləri inkişafdan məhrum etdiyi kimi, gələcəkdə də geriləmə prosesinə sürükləyəcəyi bəllidir.

Lakin ölkəmiz son olaraq İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri ilə torpaqlarını işğaldan azad etmiş, həmçinin bölgədə dərin yara olan separatçı rejimin kökünü kəsmişdir. Bu baxımdan ölkəmizin  regionun sabitliyi və inkişafı üçün üçün atdığı addımlar öz bəhrəsini vermişdir. Hazırda dünyada qan töküldüyü, günahsız insanların şəxsi maraqlara və ya çirkin oyunlara qurban getdiyi dövrdə ölkəmiz düşmənlə apardığı bütün müharibələrdə mülki insanlara və mülki infrastruktura heç bir zərər dəyməmişdir. 30 il diplomatik yolla sülhə nail olunmağa çalışılsa da, qarşı tərəf bu təklifdən bütün dövrlərdə yayınmışdır. Yekunda isə Azərbaycam öz haqqını hərbi yolla bərpa etməyə məcbur olmuşdur. Lakin döyüş taktikaları, həmin dövrdə döyüş qanunlarına uyğun müharibə aparılması dünya üçün də əsl nümunə olmuşdur.

Bu gün dünyanın bir çox bölgələrində olduğu kimi Cənubi Qafqazda da sabitliyin pozulmasına cəhdlər artıb. Mənfur qonşumuz Ermənistan Qərbin təhriki ilə ölkəsinin plasdarma çevrilməsinə razılıq verir. Aprelin 5-də bu ölkənin baş naziri olan Nikol Paşinyan Avropa və ABŞ-ıni yüksək vəzifəli şəxləri ilə görüşmüş və yekunda ölkəsinə 357 milyon dollar yardım edilməsinə nail olmuşdur. İlk baxışda mediaya iqtisadi görüş olaraq bildirilən bu müştərək konfransın gizli detalları zamanla üzə çıxacaq. Çünki bu gün rəsmi İrəvan açıq-aşkar "ağa" dəyişdirir. Bölgədə daima Kremlin diqtəsi ilə hərəkət edən haylar bu gün başqa istiqamətlərə yönəldilir. Bu isə bir başa Qərbin təhriki ilə baş verir.

ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın dünyada baş verən proseslərdə aktor rolunu nəzərə alaraq onlar tərəfindən edilən telefon zəngləri zamanı bu görüşün iqtisadiyyat mahiyyət daşıdığını bildirsələr də, aydındır ki, Qərb Ermənistanda militarizasiya siyasətinin təməlini artıq qoymağı hədəfləyir. Daha əvvəldən bu ölkədə mövcud olan Aİ missiyasi ilə başlanan plan bu gün daha da inkişaf etdirilir. Azərbaycan, Rusiya və Türkiyənin prosesdən narahatlığını ifadə etdiyi bir dövrdə isə, bölgənin digər bir güclü dövləti olan İran məsələyə biganə yanaşır. Zaman-zaman İsrailə qarşı aparılan "animasiya müharibəsi"nin yenidən canlanması fonunda bir daha aydın olur ki, rəsmi Tehran bölgədə sabitliyin qorunmasında maraqlı deyil. Çünki bir ölkədə baş verən gərginlik qonşu dövlətlərdən də təsirsiz ötüşmür. İranın mövcud siyasəti, Ermənistanın Rusiya ilə körpüləri bir-bir yandırması regionda yeni münaqişə ocağına Qərbin əli ilə yaradılmağa çalışılan cəhdlərdir. Ölkəmiz bu təhdidləri əvvəldən hiss edərək birlik və həmrəylikə onlların qaeşısını almağa  çalışmış, beləcə Qərbin çirkin oyunları bir-bir ifşa edilmişdir. Cənubi Qafqaza daxil olmaq istəyən şər qüvvələr ölkəmizin aktor nüfuzundan çəkinməli, birbaşa müdaxilənin mümkünsüzlüyünü anlamıalıdırlar.

Tacir SADIQOV

“Respublika”