Siyasi iradənin və diplomatiyanın gücü
Siyasət

Siyasi iradənin və diplomatiyanın gücü

Prezident İlham Əliyevin müdrik diplomatiyası sayəsində Azərbaycan uğurlu və qürurlu tarixi günlər yaşayır. İstər Rusiya sülhməramlılarının ölkəmizi tərk etməsi, istərsə də Qazaxın 4 kəndinin geri qaytarılması prosesi bütün dünyanı mat qoydu. Gözlənilməz addımlar əlbəttə ki, siyasi iradənin və diplomatiyanın gücünün göstəricisidir. Bu addımlar bir daha bizi əmin edir ki, Prezident nəyi, nə zaman və necə etməli olduğunu gözəl bilir.

 Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi 10 noyabr Bəyanatı ilə tənzimlənirdi və 2025-ci ilin noyabr ayına qədər orada qalmalı idilər. Həmin müddətə altı ay qalmış məsələ yenidən müzakirə edilməli idi. Sülhməramlılar vaxtından əvvəl regionu tərk edirlər. Sülhməramlılar Azərbaycan ərazilərinə müvəqqəti gələndə bəzi qüvvələr, dövlətlər, öz içimizdə olan beşinci kolonun üzvləri cürbəcür fikirlər yayırdılar. Deyirdilər ki, onlar burada daimi qalacaq, bu əraziləri tərk etməyəcəklər. Lakin İlham Əliyev fenomeni, güclü dövlət siyasəti özünü qabarıq göstərdi. Artıq Azərbaycan ərazisində digər ölkənin əsgəri, hər hansı bir qoşun birləşməsi yoxdur. Bu, bizim böyük uğurumuzdur. Unutmayaq ki, dünyada 50-yə yaxın dondurulmuş münaqişə mövcuddur. Münaqişədə olan ölkələrin çoxu Azərbaycandan qat-qat böyük ölkələrdir. Həm ərazisinə, həm əhalisinə, həm də iqtisadiyyatına görə fərqli olsalar da Azərbaycan öz gücü, məharəti, qətiyyəti sayəsində böyük bir problemi təkbaşına həll etdi. Təbii ki, hər iki ölkənin müvafiq orqanlarının gərgin işləri sayəsində məsələ öz həllini tapdı. Azərbaycan Prezidentinin şəxsi nüfuzu da bu prosesdə əsas rol oynayır. Azərbaycanla heç bir tonda danışa bilməyən dövlətlər isə daxildəki qüvvələri hərəkətə gətirərək ajiotaj yaratmağa çalışırlar. Bu da baş tutmur. Çünki xalq Prezidentin ətrafında sıx birləşib. Bu güc, qətiyyət hər zaman öz sözünü deyəcək. Sabitlik, qələbələr bizim sərvətimizdir. Biz bunu daim qoruyub saxlamağa çalışmalı, gələcək nəsillərə inkişaf etmiş Azərbaycanımızı əmanət etməliyik. Belə bir dövlətin vətəndaşı olduğumuz üçün qürurluyuq.

Bir güllə atılmadan, qan tökülmədən Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması Prezident İlham Əliyevin məqsədyönlü  siyasətinin nəticəsidir. Necə ki, 2020-ci ildə bir güllə belə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad edilmişdi. Bəlli olduğu kimi, Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırmışdı və bu istiqamətdə daim intensiv iş aparılırdı. Bu gün qətiyyət və əzmkarlıqla aparılan prosesin məntiqi sonunu görürük. Bununla da istər Ermənistan, istər onun xarici havadarları, istərsə də ümumilikdə dünya birliyi Prezident İlham Əliyevin qətiyyətinin, qarşıya qoyulan hədəflərə çatmaq əzminin növbəti bariz nümunəsinin şahidi oldu. Delimitasiya prosesində ilk addımın məhz Qazax istiqamətindən başlaması da Azərbaycanın israrının, qətiyyətinin nəticəsidir. Bu, həm də Cənubi Qafqazı yeni müharibə ocağına çevirmək istəyən Qərbin bəlli dairələrinin, o cümlədən Aİ və ABŞ-ın prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır. Onlar prosesə müdaxilə etməyə çalışsalar da Azərbaycanın qətiyyəti öz sözünü dedi. Nəticədə Azərbaycan və Ermənistan ortaq dil tapa bildilər və bu məsələni özləri həll etdilər. Bu baxımdan, əslində Ermənistan artıq müəyyən dərs çıxarmalıdır. Çünki 4 il ərzində biz qətiyyətimizdən heç vaxt dönmədik və qarşıya məqsəd olaraq nə qoyulmuşdusa ona da çatdıq və çatırıq. Bundan sonra da bu, belə olacaq. Bu baxımdan, yaxşı olar ki, Ermənistan vasitəçilər olmadan bizimlə ortaq dil tapmağa çalışsın.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.