Ölkəmizin dövlət sərhədləri sayıqlıqla qorunur
Siyasət

Ölkəmizin dövlət sərhədləri sayıqlıqla qorunur

"Hörmətli sərhədçilər, xalqımız, dövlətimiz sizə şərəfli iş tapşırıbdır. Sizin üzərinizə şərəfli vəzifə qoyubdur. Eyni zamanda sizin üzərinizə çox böyük məsuliyyət qoyubdur. Mən əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan Sərhəd Qoşunlarında xidmət edən hər bir şəxs öz vəzifəsinin nə qədər məsuliyyətli olduğunu dərk edir". Bu fikirləri Azərbaycan Sərhəd Xidmətinin yaradılması və formalaşdırılmasında böyük xidmətləri olan ulu öndər Heydər Əliyev deyib. Avqustun 18-i Sərhəd Qoşunlarının yaranması günüdür. 1919-cu il. Bu tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti Sərhədlərin Mühafizəsi haqqında Qanun qəbul etmişdir. Ulu öndərin 2000-ci il 16 avqust tarixli Sərəncamı ilə 18 avqust Sərhədçilərin Peşə Bayramı Günü kimi qeyd olunur.

Müstəqilliyimiz əbədi olsun deyən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cəmiyyətdən böyük dəstək alıb, qarşıdakı bütün maneələri dəf etdi, xalqımızı, dövlətçiliyimizi çətin durumdan çıxardı, işğal altında olan ərazilərimizin qaytarılmasını təmin etdi. Sərhədlərimiz bərpa olundu...

...Vətən müharibəsi, 16 oktyabr. Həmin gün işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı" və "Mahmudlu" sərhəd zastavaları üzərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Dövlət Bayrağının ucaldılması münasibətilə keçirilən təntənəli mərasim hər bir sərhədçiyə qürur yaşatdı. Mərasimdə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ermənistan silahlı qüvvələrinin əzəli Azərbaycan torpaqlarından qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçilərinin də şərəflə iştirak etməsi və Silahlı Qüvvələrin digər növləri ilə düşmənə birlikdə sarsıdıcı zərbələr endirməsi qeyd edildi. 1993-cü ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və 27 ildən sonra azad edilmiş həmin ərazidə dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin şəxsi heyətinə etibar edildi.

Oktyabrın 30-da isə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki "Soltanlı", "Xələfli", "Xudafərin" və "Qumlaq" sərhəd zastavaları üzərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başladı. Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi də dövlət sərhədlərinin bərpası üçün çox önəmli hadisə idi.

Azərbaycan Prezidentinin Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması, DSX-nın iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətini təbrik etməsi, oktyabrın 22-də isə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətilə Azərbaycan xalqını təbrik etməsi hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, bu ərazilərdə xidməti döyüş fəaliyyətinin təşkil olunması, zəruri sərhəd mühafizəsi sisteminin bərpa edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkəmizin ərazi bütövlüyünün bərpası və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra sərhəd-mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd-mühafizə strukturları yaradılır.

2021-ci il aprelin 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başladı. Beləliklə, sonrakı mərhələlərdə Qubadlıda, Laçında, Zəngilanda yeni hərbi hissələr yaradıldı. Qubadlı və Laçın rayonlarında təşkil olunmuş mərasimlərdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissə komplekslərinin xidməti-döyüş fəaliyyətinə başlaması münasibətilə şəxsi heyəti təbrik edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə sərhəd-müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsini xüsusi qeyd edib, görülən işlər çərçivəsində yeni hərbi hissələrin  xidməti-döyüş fəaliyyətinə başlamasını dövlət sərhədlərinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü kimi qiymətləndirib.

Aprelin 26-da isə dövlət başçısı Cəbrayıl və Zəngilan rayonlarında oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Ali Baş Komandana raport verərək bildirdi ki, Dövlət Sərhəd Xidmətinin hərbi arsenalı müasir silahlarla daha da zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları da daxil edilir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda dövlət sərhədlərinin bərpası kimi çox mühüm bir missiyanı yerinə yetirdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu. Dövlət başçısı görüşdəki çıxışında Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədinin 132 kilometrlik sərhədin bərpa edildiyini, müharibədən sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görüldüyünü dedi. Azərbaycan-İran sərhədini dostluq sərhədi adlandıran Ali Baş Komandan dedi: "Buraya yaxın məsafədə yerləşən Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir... Bu ərazinin düşməndən azad edilməsində sərhədçilər xüsusi rol oynamışdır... Biz öz sərhədlərimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib... Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür...".

2023-cü il aprelin 23-də isə Azərbaycan sərhədləri tam şəkildə bərpa edildi. Həmin gün Azərbaycan sərhədçiləri Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlaması barədə Ali Baş Komandana raport verərək Dövlət Bayrağını qaldırdı. İndi dövlət sərhədlərinə tam nəzarət təmin edilib. Təəssüf ki, Vətən müharibəsindən 3 ilə yaxın bir müddət keçsə də, hələ də tərəflər arasında sülh müqaviləsi imzalanmayıb, ermənilər bu istiqamətdə aparılan danışıqlar prosesini pozur, tez-tez sərhəddə təxribatlar törədir. Azərbaycan tərəfinin təklif etdiyi 5 prinsipdən ibarət sülh paketinin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı bəndi də öz həllini tapmır. Doğrudur, Ermənistanın baş naziri Nikol Paşinyan 5-ci Brüssel görüşündən sonra Azərbaycanın 86,6 min kvadratkilometr əraziyə sahib olmasını rəsmi şəkildə bəyan edib, lakin onun dedikləri hələ ki, söz olaraq qalır. Sülhə gedən yol isə sərhədlərin tanınmasından, onun toxunulmazlığının təmin edilməsindən asılıdır.

Sərhəd dövlət rəmzi, onun etibarlı qorunması isə təhlükəsizlik məsələsidir. Dövlətimiz sərhədlərimizin möhkəmləndirilməsi, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır.

Bu günlərdə Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində yaradılan şəraitlə tanış oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi, sonra dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verildi. Ölkə rəhbərinə həmçinin "Qazax" Əlahiddə Sərhəd Diviziyasının xidməti istifadəsinə verilmiş silah arsenalı, döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb  avtomobilləri də nümayiş etdirildi.

Azərbaycan sərhədçiləri müstəqillik yolunda uğurlu addımlar atan dövlətçiliyimizə qarşı daxili və xarici qüvvələr tərəfindən  törədilmiş dövlət çevrilişi cəhdləri zamanı fədakarlıq göstərmiş çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsinə nail olmuş, Birinci və İkinci Qarabağ müharibəsində şücaət və qəhrəmanlıq göstərmişdi.

Bu gün ölkəmizdə nizami ordu səviyyəsində çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti mövcuddur. Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən hər bir sərhədçi zabit, gizir, çavuş, əsgər və matros müstəqil ölkəmizin dövlət sərhədlərini gecə-gündüz sayıqlıqla qoruyur.

Zümrüd QURBANQIZI,

"Respublika".