Deputat:”Sözdə və sənəddə müttəfiq hesab olunan Rusiya ilə Ermənistan bir-birinə düşmən kimi baxır”
Gündəm

Deputat:”Sözdə və sənəddə müttəfiq hesab olunan Rusiya ilə Ermənistan bir-birinə düşmən kimi baxır”

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Rusiya XİN Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutunyanı xarici siyasət idarəsinə çağıraraq kəskin etiraz edib və ona nota verib. Rusiya XİN-nin yaydığı məlumatda bildirilib ki, Ermənistan rəhbərliyi bir sıra tədbirlər, o cümlədən Roma statusunun ratifikasiya edilməsi, baş nazirin arvadı Anna Akopyanın Kiyevə səfər etməsi və humanitar yardım aparması, Ermənistan ərazisində ABŞ-ın iştirakı ilə hərbi təlimlər keçirilməsi kimi qeyri-dost tədbirlər həyata keçirir.

Mövzu ilə bağlı “Respublika”ya açıqlama verən millət vəkili Elman Nəsirov son  günlərdə Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsidən danışıb: “Artıq heç kəsə sirr deyil ki, Moskva-İrəvan münasibətləri özünün kritik dövrünü yaşayır və gərginlik o səviyyəyə gəlib çatıb ki, Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın Rusiyadakı səfirinə öz notasını təqdim edib. Bu notada Ermənistanın Rusiyaya qarşı hərəkətləri qəbuledilməz hesab olunub və çox kəskin tənqid edilib. Xüsusilə də Ermənistan parlamentində Roma statusunun ratifikasiya prosesinə başlanılması Rusiya tərəfindən hiddətlə qarşılanıb. Çünki bu sənəd parlament tərəfindən ratifikasiya olunacaqsa, nəticə etibarilə Rusiya prezidenti Vladimir Putin bu ölkəyə gələcəyi təqdirdə onun həbs olunması ilə nəticələnəcək. Başqa bir məsələ də Amerika Birləşmiş Ştatları ilə Ermənistanın birgə hərbi təlimlər keçirməsidir.  Ümumiyyətlə, rəsmi Moskva bunu Rusiyanın milli maraqlarına zidd addım hesab edir. Nəzərə almalıyıq ki, Moskva-Vaşinqton münasibətləri olduqca gərgindir və  Ermənistan siyasi rəhbərliyinin bu addımı heç bir halda müttəfiqlik münasibətlərinə uyğun gəlmir”-deyə deputat bildirib.

Elman Nəsirov qeyd edib ki, Paşinyanın həyat yoldaşının Ukraynaya səfər etməsi də Rusiya tərəfindən narazılıqla qarşılanıb: “Anna Akopyanın Kiyevə səfəri və oradakı siyasi rejimi  müdafiə etməsi, ona humanitar dəstək verməsi kimi hallar da Moskvada kəskin etirazla qarşılanıb. Eyni zamanda notada, Ermənistanın parlamentinin sədri Alen Simonyanın Rusiya xarici işlər nazirinin mətbuat katibi Mariya Zaxarovaya qarşı təhqiramiz davranışda qeyd olunub. Bu, bir daha onu göstərir ki, hər iki ölkənin siyasi elitası arasında faktiki qarşıdurma mühiti formalaşıb. Eyni zamanda notada o da ifadə olunub ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının Ermənistana gəlməsinə zərurət var. Çünki bu gəliş nəticə etibarilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə təkan verə bilər.  Bu notanın mahiyyəti və məzmunu ilə tanışlıq bir daha onu göstərir ki, sözün həqiqi mənasında bu günləri sözdə, sənəddə müttəfiq hesab olunan Rusiya ilə  Ermənistan bir-birinə qarşı düşmən kimi baxır. Bütün bu hadisələr iki dövlət arasında bir böhranın yaşandığının ifadəsidir. Bu da nəticə etibarilə perspektivdə Rusiya-Ermənistan münasibətlərinə daha ciddi çatların əmələ gəlməsinə səbəb ola biləcək”,-deyə millət vəkili bildirib.

Musa Bağırlı,

“Respublika”.