COP29 Gözləntilər çoxdur
Ekologiya

COP29 Gözləntilər çoxdur

Bəlkə Xəzərin də dərdinə əlac tapıldı

Ötən ilin sonlarında yayılan bir xəbər hamımızı sevindirdi. Azərbaycan beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə bu il mötəbər bir tədbirə evsahibliyi edəcək. Çox güman ki, xarici müsafirlər respublikamızın görməli yerlərində olacaq, ekoloji mühitin qorunması istiqamətində görülən işlərə şahidlik edəcək, problemləri də görəcəklər. Düşünürəm Xəzəri seyr etməyə də vaxtları qalacaq...

2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Deməli, bu hədəfə  çatmaq üçün problemləri həll etmək istiqamətində həmrəy olmalıyıq. Problemlər isə kifayət qədərdir. Mən Xəzərdən söhbət açmaq istəyirəm. Axı, onun da dərdi var... Yer kürəsinin ən böyük gölü, Avropa və Asiyanın kəsişməsində yerləşən  Xəzər dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır.  Suyun səviyyəsi dəyişkəndir,  hazırda o, okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Xəzər dənizi dünya göl sularının 41 faizini təşkil edir, səviyyə tərəddüdündən asılı olaraq dəyişməyə (10-20 faiz) məruz  qalır və orta hesabla 370 min kubmetr sahəni əhatə edir. Uzunluğu təqribən 1200, maksimal eni 466, minimum eni isə 204 kilometrdir. Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6380 kilometrdir ki, onun da 825 kilometri Azərbaycanın payına düşür.

Hesablamalara görə, böyük həcmdə hidrokarbogen ehtiyatlarına malik Xəzərdə olan neft ehtiyatları 200 milyard barelə çatır. Bundan başqa, dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Hazırda ölkəmizdə hasil olunan neftin 67 faizi, qazın isə 95 faizi Xəzərdən çıxarılır. Zümrüd  suyu, "qızılı"  qumu, ultrabənövşəyi günəş şüaları ilə bol olan Xəzərin qumlu çimərliklərinin isə tayı-bərabəri yoxdur. Xəzərin fauna və florasının da özünəməxsus zənginliyi var. Burada 101 müxtəlif balıq növü yaşayır. Təbii ki, Xəzərin gözəlliyindən, təbii sərvətlərindən çox danışmaq olar, lakin məqsədimiz bu gözəl gözlü dənizin problemlərini bir daha xatırlatmaq və dövlətimizin imkanları daxilində həmin problemlərin aradan qaldırılması üçün  görülən işləri diqqətə çatdırmaqdır, çünki Xəzərin  dərdi onun məxsus olduğu bütün ölkələri eyni dərəcədə narahat etməlidir. Əvvəla onu deyək ki, Xəzərin müasir problemləri arasında ekoloji vəziyyət, onun səviyyəsinin dəyişməsi və status məsələləri əsas yer tutur. Dənizin  çirklənmə səbəbləri isə müxtəlifdir. Xəzərə həm axan çaylar vasitəsilə, həm də sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirkləndiricilər axıdılır. Burada dənizdə neft hasilatı və nəqli, dənizin səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələr, üzən  vasitələrin nəql və daşınma zamanı (tankerlərdən) neft və neft məhsullarının sızması və s. ilə əlaqədar çirklənmələr də əsas rol oynayır.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dövləti Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili normativ aktlar qəbul edib. Azərbaycana aid olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq idarəsi yaradılıb. 28 sentyabr 2006-cı il tarixli Sərəncamla "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün  kompleks Tədbirlər Planı" təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq Bakı  buxtasının, Bibiheybət zonasının, Bakı Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması sxeminə uyğun olaraq Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. tədbirlər həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, Xəzərin səviyyəsinin aşağı düşməsi problemi də ciddi narahatlıqlar doğurur. Arxeoloji və tarixi məlumatlara görə, son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudu 15 metrə yaxın  olmuşdur. 1978-1995-ci illərdə səviyyə 2,5  metr qalxmışdır. Təxmini hesablamalara görə, təsərrüfatlara 2 milyard dollar həcmində ziyan dəymişdir. Araşdırmalara əsasən, 250 il Xəzərdə enmə olur, sonra isə suyun səviyyəsi qalxır. 4 min il ərzində Xəzərlə bağlı 8 belə dövr müəyyən olunub. Mütəxəssislər deyir ki, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat  sahələri üçün təhlükəli deyil, lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə  neft-qaz əməliyyatlarına,  dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər.

Ekoloqlar qeyd edirlər ki, Xəzər dənizinə tökülən suyun 80 faizi Volqa çayının, yerdə qalan 20 faizi Kür, Ural və digər çayların hesabına formalaşır. Burada bir çox amillər var. Əsas amillərdən biri iqlim dəyişməsi nəticəsində çayların suyunun azalmasıdır. Həm Volqanın suyu azalıb, həm də Kürün suyunda kəskin azalmalar müşahidə edilir. Həmin çayların suyunun bərpa olunması ciddi və həlli çətin məsələdir. Biz gözləməli və ümid etməliyik ki, yaxın 20-30 ildə vəziyyət dəyişəcək. Proqnozlar  isə göstərir ki, iqlim daha da  istiləşəcək. Ümid edirik ki, Paris razılaşmalarının bütün bəndləri dövlətlər tərəfindən yerinə yetiriləcək və iqlim istiləşməsi prosesi dayanacaq. Çaylarda da su artacaq. Bu zaman Xəzərin də suyunun səviyyəsi sabitləşəcək.

Mütəxəssislər onu da deyir ki, Xəzər regional su hövzəsi olduğuna görə, problemin həllinə də regional təsir lazımdır.  Bununla bağlı müxtəlif tədbirlər, konfranslar keçirilir, fikir mübadilələri aparılır. Bu il Bakıda keçiriləcək COP29 da Xəzərin problemlərinin həllinə təsirsiz qalmayacaq. Xəzərin suyunun azalması təbii  hadisə hesab edilsə də,  burada insan amilinin də təsiri  az deyil. Min illərdir insanlara sədaqətlə xidmət edən Xəzərin problemlərinə biganəlik öz həyatımızı təhlükəyə atmaq deməkdir. Xəzərin dərdi var, bəs ona kim əlac qılacaq? Düşünmək, yollar axtarmaq lazımdır. Bu mənada, COP29-u bir çoxları kimi, biz də səbirsizliklə gözləyirik. Bəlkə Xəzərin dərdinə əlac tapıldı?!.

Zümrüd QURBANQIZI,

"Respublika".