Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması vacibdir
Ekologiya

Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması vacibdir

Xəzər Yer kürəsinin ən böyük qapalı gölü olsa da, ölçülərinə görə dəniz adlanır. Xəzər dənizinin ətrafında yerləşən ölkələr onun karbohidrogen və bioloji ehtiyatlarından faydalansalar da, həmin ölkələr üçün bir problem böyük narahatçılıq doğurur. Bu, Xəzərin çirklənməsi ilə bağlıdır ki, bu səbəbdən də dənizlə həmsərhəd olan ölkələrdə bir sıra ekoloji problemlər mövcuddur.

Hər kəsə məlum olduğu kimi, Xəzərin zəngin təbii sərvətləri və müalicəvi əhəmiyyəti qədim dövrdən etibarən onun ətrafında milyonlarla insanın məskunlaşmasına səbəb olmuşdur. Bu da Xəzər dənizinin əsas çirklənmə səbəblərindən biri kimi göstərilə bilər. Onun sahillərində yerləşən şəhər, kənd və qəsəbələrin, eləcə də sənaye obyektlərinin çirkab sularının dənizə axıdılması Xəzərin ətraf mühitinə mənfi təsir göstərmişdir. Bununla yanaşı, Xəzərin çirklənməsinin digər səbəbləri də var. Dənizdə neft hasilatı və nəqli, Xəzər dənizinin səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə, nəql və daşınma zamanı (tankerlərdən) neft və neft məhsullarının sızması, kənd təsərrüfatı sahələrində istifadə olunan gübrələrin bir hissəsinin yağıntı və suvarma suları ilə yuyularaq çaylar, kanallar vasitəsilə dənizə axması, gəmiçilikdə çirkləndirici amil kimi əsasən ballast suları, məişət fekal suları və döşəməaltı sular (neftli lay suları), tərsanələrdə gəmilərin təmiri zamanı formalaşan tullantıların olması ekoloji problemlərə yol açan amillərdir.

Bu baxımdan, Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, Xəzərlə həmsərhəd ölkələrin əsas prioritet sahələrindən birinə çevrilmiş və 2006-cı il avqustun 12-də Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər ilin bu günü Xəzər Günü kimi qeyd olunur. "Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb. Saziş mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib və 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən Tehran şəhərində imzalanıb. Qeyd olunan sənəddə, eyni zamanda Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi-tədqiqatlara aid müddəalar da öz əksini tapmışdır. Tehran Konvensiyası kimi tanınan və Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və bərpasına xidmət edən sənədin qüvvəyə minməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı istifadə edilməsi və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.

Təsdiq olunduğu şəhərin adı ilə "Tehran konvensiyası" kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, habelə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına xidmət edir.

Azərbaycan Respublikasının Milli Məclisi 2003-cü il noyabrın 4-də Tehran şəhərində imzalanmış Çərçivə Konvensiyasının təsdiq edilməsini 4 aprel 2006-cı ildə qərara alıb. Qanun dərc edildiyi gündən qüvvəyə minmişdir. Konvensiyanın imzalanmasında iştirak edən tərəflər, yəni Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan üzərlərinə bir sıra öhdəliklər götürdülər. Tərəflər Xəzər dənizinin çirklənməsinin qarşısını almaq, azaltmaq və ona nəzarət etmək, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpası üçün fərdi və ya birgə zəruri tədbirlər görürlər. Həmçinin Xəzər dənizinin ehtiyatlarından onun ətraf mühitinə xələl gətirmədən istifadə etmək, məqsədə nail olmaq üçün səlahiyyətli beynəlxalq təşkilatlarla əməkdaşlıq da ümumi öhdəliklərə aid olan məsələlərdəndir.

Xəzərsahili ölkələr öz fəaliyyətlərində bir sıra prinsipləri rəhbər tuturlar. Bu prinsipə əsasən, Xəzər dənizinin ətraf mühitinə ciddi təhlükə yaranarsa, dəyəcək zərərin qarşısını almaq üçün səmərəli tədbirlərin təxirə salınmasında tam elmi əsasların olmamasına istinad etmək səbəb kimi göstərilə bilməz. Həmçinin çirkləndirən tərəf çirklənmənin qarşısının alınması, onun azaldılması və ona nəzarət də daxil olmaqla, əlaqədar tədbirlərin görülməsi ilə bağlı xərcləri ödəyir. Eləcə də Xəzər dənizinin ətraf mühitinin çirklənməsi barədə məlumatın əldə edilməsi prinsipi də bura aiddir. Buna əsasən də Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan müvafiq məlumatları bir-birinə tam həcmdə təqdim edirlər.

Hər il Xəzər Günü ilə əlaqədar ölkəmizdə də bir sıra tədbirlər həyata keçirilir. Yerli idarəetmə orqanlarının, bələdiyyələrin, qurum və təşkilatların və QHT-lərin iştirakı ilə görüşlər təşkil olunur, eləcə də dənizsahili ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilir. Azərbaycanda da bu günün qeyd edilməsində əsas məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, dənizin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsi haqqında əhalini məlumatlandırmaqdır.

Musa BAĞIRLI,

"Respublika".