Cənubi Qafqazda sülhün əldə olunması üçün London perspektivi
Siyasət

Cənubi Qafqazda sülhün əldə olunması üçün London perspektivi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa üzrə dövlət naziri Leo Dokertini qəbul edib. Dövlətimizin başçısı Dokertinin səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün geniş imkanlar yaratdığını bildirib. İlham Əliyev iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini də qeyd edib. Prezident, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün dialoqa hazır olduğunu vurğulayıb. Britaniyalı nazir isə iki ölkə arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu, ölkəsinin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına töhfə vermək işinə müsbət yanaşdığını bildirib.

Qeyd edək ki, Leo Dokertinin regiona səfəri noyabrın 20-də Ermənistandan başlayıb. Onu İrəvanda baş nazir Nikol Paşinyan qəbul edib. Hökumət rəhbəri Ermənistan-Britaniya əməkdaşlığının yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinə töhfə verəcəyinə əminlik ifadə edib. Britaniyalı nazir isə ölkəsinin İrəvanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

Rəsmi Londonun Cənubi Qafqaza maraq göstərməsi təsadüfi deyil. Belə ki, Ukrayna müharibəsinə görə Rusiyanın postsovet məkanında təsir imkanları zəifləyərkən, kollektiv qərb bu coğrafiyada siyasi və iqtisadi cəhətdən möhkəmlənmək istəyir. Bu yarışda Britaniyanın da Cənubi Qafqazı diqqətdən kənarda qoymayacağı bəllidir. Çünki Qafqaz regionu London üçün həyati əhəmiyyət kəsb edir. Böyük Britaniya bölgəyə yatırılan investisiyanın həcminə görə liderlər sırasındadır. Londonun ölkəmizlə neft-qaz sənayesi sahəsində əməkdaşlığı da inkişaf edir. Üstəlik, İngiltərə Cənubi Qafqazda möhkəmlənməklə Rusiya və İranın regiona təsir imkanlarını da azaltmağı hədəfləyir. Bütün maraqlarını təmin etmək üçün isə Britaniya hökumətinə Qafqaz regionunda sabitlik lazımdır. Buna görə də indiyədək Böyük Britaniya hər iki tərəfi müsbət və konstruktiv şəkildə sülh prosesi ilə məşğul olmağa təşviq edərək bu normallaşmaya töhfə vermək üçün əlindən gələni edirdi. Amma görünür, son dövrlərdə qərbin siyasi dairələrinin yürütdüyü destruktiv siyasət Londonu səhnəyə çıxmağa məcbur edib. Yəni Fransa və Vaşinqtonun sülhü baltalamaq cəhdləri, İrəvanı silahlandırmaq səyləri və Qarabağda erməni separatizminin ləğvindən sonra regionda yeni bir münaqişə ocağının yaradılması İngiltərənin maraqlarına uyğun deyil.

Britaniya hökuməti Avropa üzrə naziri Leo Dokertini regiona göndərərək buradakı mümkün eskalasiya risklərini azaltmaq istəyir. Buradan yola çıxaraq onu da deyə bilərik ki, Dokertinin Ermənistan və Azərbaycana səfəri zamanı əsas müzakirə predmeti tərəflər arasında sülh prosesi olub. London formatında danışıqların aparılması isə müsbət nəticələr verə bilər. Əvvəlcə ona görə ki, tərəflərdən heç biri Britaniyanın vasitəçiliyinə qarşı deyil. Məlum məsələdir ki, Paşinyan hökuməti yürütdüyü qərbmeyilli siyasətə görə Moskva platforması ilə qətiyyən razılaşmır, əvəzində Vaşinqton və Brüssel danışıqlarında israr edir. Azərbaycan isə qərbin vasitəçiliyinin uğursuz olacağını düşünür. Çünki Avropa İttifaqı ölkələri və Ağ Ev şəxsi maraqlarına uyğun İrəvanı dəstəkləyir, bu da danışıqlar prosesində ədalətsiz mühitin yaranması ilə nəticələnir. İngiltərə hökuməti isə 44 günlük müharibədə, eləcə də postmüharibə dövründə balanslı siyasət yürüdüb, əsasən humanitar vəziyyətlə bağlı haqlı çağırışlar edib. Britaniya çalışır ki, bölgədə sülh və sabitlik olsun və bununla da öz iqtisadi maraqlarını təhlükəsizlik şəraitində təmin edə bilsin.

İngiltərənin vasitəçiliyindən danışarkən onu da xatırlatmaq lazımdır ki, ATƏT-in keçmiş Minsk qrupu fəaliyyət göstərdiyi zaman həmsədr ölkələr Britaniyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi kimi iştirak etməsinə imkan vermirdilər. Çünki həm Vaşinqton, həm Paris, həm də Moskva Londonun Cənubi Qafqazda mövqeyini möhkəmləndirəcəyindən ehtiyat edirdilər. Odur ki, indi də Britaniyanın Bakı və İrəvan arasında sülh danışıqlarına evsahibliyi etmək istəyinə qlobal güclərin hər vəchlə mane olacağı istisna deyil. Bakı və Londonun siyasi iradəsi pozuculuq fəaliyyəti ilə məşğul olanların arzularına çatmasına imkan verməyəcək. Amma bu məsələdə İrəvanın necə davranacağı sual altındadır. Hər əsən yellə hərəkət edən Paşinyan hökuməti dərk etməlidir ki, ölkəsinin təhlükəsizliyi Azərbaycanla sülhə imza atmaqdan və qonşuluq münasibətlərini bərpa etməkdən asılıdır. Əgər Ermənistan Londonda sülh masasının qurulması və yekun nəticənin əldə olunması üçün siyasi iradə göstərə bilməsə, qərarının ağır nəticələri ilə üzləşməli olacaq.

Jalə QASIMZADƏ,

"Respublika".