ÇAYOBA KƏNDİNİN PROBLEMLƏRİ HƏLLİNİ TAPIR
Region

ÇAYOBA KƏNDİNİN PROBLEMLƏRİ HƏLLİNİ TAPIR

Çayoba Astaranın abad, yaraşıqlı kəndlərindən biridir. Son illər kənddə tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə kəndi daşqınlardan, sel-sularından qorumaq məqsədilə Pensər çayında sahil-bərkitmə işləri görülüb. Çayoba kənd tam orta məktəbi üçün yeni, yaraşıqlı bina tikilib, kəndarası yolların bir neçəsinə asfalt döşənib. Gənclərin asudə vaxtının səmərəli təşkilindən ötrü xeyriyyəçi Ümüdvar Məmmədov tərəfindən müasir standartlara cavab verən idman meydançaları inşa edilib. Kəndin elektrik təsərrüfatı yenidən qurulur.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin kənd sakinləri ilə səyyar qəbul-görüşündə görülən işlərin əhali tərəfindən razılıqla qarşılandığı qeyd olundu. Sakinlər həmçinin, Çayoba kəndindən rayon mərkəzinə qədər avtomobil yolunun əsaslı təmir edilməsinə, kəndarası yolların təmirinin davam etdirilməsinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və naqillərin SİP kabellə əvəz edilməsinə ehtiyac olduğunu bildirdilər.

İcra başçısı Qəzənfər Ağayev inzibati orqanların, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi tədbirdə rayonda aparılan abadlıq-quruculuq işlərindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Qeyd etdi ki, rayonun əsas problemləri ölkə başçısının yüksək diqqət və qayğısı sayəsində həll olunub, cari məsələlər də tezliklə öz həllini tapacaqdır.

Vətəndaşlar tərəfindən irəli sürülən təkliflərlə əlaqədar icra başçısı müvafiq idarə, müəssisə rəhbərlərinə konkret tapşırıqlar verdi.

Astara sərhəd rayonudur. Hər birimiz həmişəkindən daha çox ayıq-sayıq olmalıyıq. Cənab Prezidentin ətrafında dəmir yumruq kimi birləşib doğma Astaranı inkişaf etdirməli, müstəqil Azərbaycanın tərəqqisinə layiqli töhfələr verməliyik, - deyə icra başçısı bildirdi.

Kənd sakinləri əhalini illərlə narahat edən sosial problemlərin həllinə yüksək qayğı göstərdiyinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".