Dünya əhəmiyyətli unikal müalicəvi kurort
Region

Dünya əhəmiyyətli unikal müalicəvi kurort

"Qara qızıl" çeşməsi

Azərbaycanın çoxsaylı təbii müalicəvi resursları arasında Naftalan nefti bioloji təsir xüsusiyyətləri və orijinallığı ilə seçilir və dünyada analoqu yoxdur.  Hələ neçə min illər öncə Azərbaycanda Naftalan neftindən müalicə məqsədləri ilə istifadə olunurdu. Yalnız yerli əhali deyil, hətta Makedoniyalı İsgəndərin döyüşçüləri, Roma legionerləri, Azərbaycana yürüş edən vikinqlər, alan və xəzərlər öz yaralarını məhz bu neftlə müalicə edirdilər.

Naftalan neft karvanları vasitəsilə bir vaxtlar Kiyevə, Rusiyaya, Mərkəzi Asiyaya, Əfqanıstan, Hindistan və İran körfəzi ölkələrinə aparılırdı, "qara qızıl"ın şöhrəti dillərdə gəzirdi. Hətta görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin poemalarında "dağ yağı" adlanan Naftalan neftinin dəvə karvanları ilə müxtəlif ölkələrə aparılması haqda məlumatlar da vardır. Orta əsrlərin səyyahı Marko Polonun əsərlərində "Dəri xəstəliklərinə kömək edən sehrli maz" haqqında da söhbət açılıb. 1887-ci ildə alman mühəndisi Yeger indiki Naftalan ərazisində torpaq sahəsi alır və burada xüsusi bina tikdirərək ilk dəfə pullu Naftalan vannası təşkil edir və Naftalan mazının istehsalına başlayır. 1894-cü ildə Azərbaycanda naftalan terapiyası haqda mətbuatda maraqlı yazılar dərc edilmişdi. Rus-yapon müharibəsi dövründə yapon əsgərlərinin tibbi yardım çantasında Naftalan məlhəmi olan kiçik qablar olmuşdur. Qabların üzərində qısa və ümidverici bir yazı: "Kimdə bu məlhəm varsa, o, heç bir yaradan qorxmasın" yazılmışdı. Naftalan nefti haqqında 2700 elmi əsər yazılıb. 270 doktorluq və namizədlik dissertasiyası müdafiə olunub.

1929-cu ildən Naftalan yatağı ərazisində ixtisaslaşdırılmış Naftalan kurortu fəaliyyətə başlamışdır. Burada keçmiş SSRİ-nin bütün guşələrindən dayaq-hərəkət sistemi xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurdular.

Adı dillərdə dastana çevrilən, min bir dərdin dərmanı olan Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədən 50 kilometr məsafədə ekoloji təmiz füsunkar bir məkanda yerləşir.

Bu günlərdə, qızıl payız fəslində Naftalanda - şöhrəti dünyaya yayılmış "Nurnaftalan" sanatoriyasında olduq. Sanatoriyanın direktoru Rəşad Mikayılovla görüşdük. Orta Asiyadan gələn qonaqları qəbul etdikdən sonra onunla üzbəüz əyləşib söhbət etdik. Direktor bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına təsir göstərir. Kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşdırır və mikroblara qarşı təsir qüvvəsinə malikdir. Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə həyata keçirilən Dövlət proqramları sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıraya yüksəlib. Şəhər iqtisadiyyatının əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir.

Müasir tipli, hər cür şəraitə malik olan və dünya standartlarına cavab verən "Nurnaftalan" sanatoriyası 2022-ci ilin aprel ayından fəaliyyət göstərir. 55 sot əraziyə malikdir. Növ-növ ağac və güllər, uşaqlar üçün əyləncələr, buraya gələn insanlarda xoş təəssürat yaradır. İl ərzində Özbəkistan, İsrail, Rusiya Federasiyası, Qazaxıstan və eləcə də ölkəmizdən "Nurnaftalan" sanatoriyasına 500 nəfərə yaxın insan gəlir. Onlar bu müalicə ocağından xoş təəssüratla ayrılırlar.

Mütəmadi olaraq sanatoriyada konsertlər, Göygöl, Gəncə, Şəki və digər ərazilərə ekskursiyalar təşkil olunur. Şübhəsiz ki, bu da müalicəyə gələnlər tərəfindən razılıqla qarşılanır.

Biz sanatoriyada müalicə olunan ayrı-ayrı insanlarla da görüşüb söhbət etdik. Onlar tibb işçilərindən Gülşən Məmmədova, Ninarə Mustafayeva, Sahilə Paşayeva və başqalarının qayğı və diqqətindən razılıqla danışırdılar.

Sanatoriyanın baş həkimi insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanan, xəstələrin sevimlisinə, ümid çırağına çevrilən Elçin Rüstəmovdur. Peşəsinin vurğunu olan bu insandan xarici ölkələrdən "Nurnaftalan" sanatoriyasına gələn xəstələrin müayinə və müalicəsi ilə maraqlandıq. O, bəzi məsələlərə toxunaraq dedi:

- Bütün insanlar bu müalicə ocağına ümidlə gəlir. Biz çalışırıq ki, uzaq-uzaq ölkələrdən Naftalana gələn insanların hər birində xoş ovqat yaradaq, onlara faydalı məsləhətlər verək, hər kəsin xəstəliyinə görə düzgün müalicələr təyin olunsun. Kollektivimiz Vətən müharibəsində iştirak edən insanlara, xüsusilə qazilərə daha yaxından qayğı göstərir, bir sözlə onların sağlamlığı keşiyində müsəlləh əsgər kimi dayanır.

Sanatoriyada müxtəlif xəstəliklər müalicə olunur.

Elektrofariz - sabit və dəyişən cərəyan vasitəsilə dərman maddələrinin orqanizmin zədələnmiş dəri və selikli qişasına ionların daxil olmasına əsaslanan fizioterapevtik müalicə metodudur. Dərman maddələrinin elektrofarez yolla orqanizmə daxil olmasının  müxtəlif üstünlükləri vardır.

Müasir fizioterapiyada ultrabənövşəyi şüalardan geniş istifadə olunur. Bu metod müxtəlif etiologiyalı kəskin və xroniki xəstəliklərin müalicəsində müvəffəqiyyətlə işlədilir. Müalicə tabus-kvars aparatı ilə həyata keçirilir.

İnqalyasiya yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərində geniş istifadə olunur. Prosedurun əsas əhəmiyyəti bəlğəmin durulaşdırılması və onun ağciyərlər, bronxlar vasitəsilə xaric edilməsidir. Müalicə məqsədilə efir yağlarından, mineral sulardan, bitkilərdən, tibbi preparatlardan istifadə olunur.

Maqniterapiya müxtəlif xəstəliklərin müalicə və profilaktikasında maqnit sahəsinin təsirinə əsaslanır. Maqnit sahəsinin təsirindən oksigenin toxumalara daxil olması nəticəsində süd turşusu və toksinlərin xaric olması baş verir. Nəticədə zədələnmiş toxumalarda bərpa prosesləri sürətlənir.

Tibbin müxtəlif sahələrində və kosmetologiyada ozon geniş istifadə olunur. Ozon spesifik iyə məxsus qazdır. Ozonoterapiya təsirləri orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır, hüceyrə immunitetini artırır, patogen flora məhv olur.

Biz "Nurnaftalan" sanatoriyasında xarici ölkələrdən və eləcə də ölkəmizdə burada müalicə alan insanlarla görüşüb söhbət etdik. Onların ürək sözlərini qələmə aldıq.

Təhminə Eyvazova (Başqırdıstan):

- Vətən müharibəsində tarixi qələbədən sonra müalicə və istirahətimi Naftalan sanatoriyasında keçirirəm. Burada qısa müddətdə özümə çoxlu dostlar tapmışam. Sanatoriyada bütün müalicələr dünya standartları səviyyəsində aparılır.

Antonina Pavlovna (Ukrayna):

- Biz artıq 2 ilə yaxındır ki, müharibə şəraitində yaşayırıq. Buna baxmayaraq, özümdə güc toplayıb bu il Naftalan sanatoriyasına gəldim. Burada hər şey ürəyimcədir. Müayinə və müalicələr yüksək səviyyədə təşkil olunmuşdur.

Ulukbek Salimov (Özbəkistan):

- Həyat yoldaşımla ilk dəfədir ki, Naftalan sanatoriyasına gəlmişəm. Burada bütün müalicələr müasir tələblər səviyyəsindədir. Azərbaycanlılar qardaş xalq kimi bizə böyük qayğı və diqqət göstərirlər. Naftalan vannaları bizi çox razı salır.

İbad Yusifov (Bakı şəhəri):

- Bu il qardaşımla müalicə üçün düzgün seçim edib "Nurnaftalan" sanatoriyasına gəldik. Burada hər şey öz qaydasındadır. Tibb işçilərinin göstərdiyi xidmət bizi çox razı salır. Həkimlər xəstələrə çox faydalı məsləhətlər verirlər. İnanıram ki, səhhətimizdə müsbət dəyişikliklər baş verəcəkdir.

Qaçay Aslanov (ehtiyatda olan ədliyyə polkovniki):

- Artıq ikinci ildir ki, "Nurnaftalan" sanatoriyasında müalicə olunuram. Məni narahat edən kəskin ağrılar demək olar ki, tam azalmışdır. Sanatoriyada insanlar üçün əlverişli şərait yaradılmışdır. Göygölə ekskursiya mənə gözəl təsir bağışladı. Göygölün gözəlliyi, füsunkarlığı, nəğməli sahilləri heç vaxt unudulmayacaqdır.

Naftalan nefti sağlamlığın açarıdır. Sağlamlığımızı qorumaq, xüsusilə oynaq və dayaq hərəkət sistemi, dəri xəstəliklərinə əlvida demək istəyirsinizsə "qara qızıl" çeşməsi Naftalana üz tutun...

Qədir ASLAN,

"Respublika".