Çanaqqala zəfərindən Qarabağ zəfərinə
Digər xəbərlər

Çanaqqala zəfərindən Qarabağ zəfərinə

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Türk dünyasının 100 ili: Çanaqqala zəfərindən Qarabağ zəfərinə" adlı konfrans keçirilib. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illik yubileylərinə həsr olunmuş konfransın təşkilatçıları ADNSU-dakı Azərbaycan-Türkiyə Dostluq Mərkəzi, Türkiyənin Bilgesam təşkilatı və Türkmasası Dialoq Klubudur.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyublar. Konfransda Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin, eləcə də 2023-cü il fevralın 6-da Türkiyədə güclü zəlzələnin qurbanı olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Çanaqqala zəfərindən Qarabağ zəfərinə gedən yolda Azərbaycan və Türkiyənin birliyini əks etdirən videoçarx nümayiş olunub. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri, türkdilli ölkələrin səfirlərinin, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi, həmçinin hər iki ölkədən dövlət və ictimaiyyət nümayəndələrinin, Azərbaycan Respublikası Milli Məclisinin üzvlərinin iştirak etdiyi konfransı giriş sözü ilə ADNSU-nun rektoru, professor Mustafa Babanlı açıb. Rektor 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edildiyini və ulu öndərin yubileyinin dünyanın müxtəlif ölkələrində qeyd olunduğunu vurğulayıb. XX əsrin əvvəlində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Türkiyəni, sonlarında isə ulu öndər Heydər Əliyevin Azərbaycanı parçalanmaq və iflas təhlükəsindən xilas edərək müasir və güclü Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının əsasını qoyduqlarını qeyd edib. M.Babanlı hər iki qardaş ölkənin unudulmaz liderləri - müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Azərbaycan və Türkiyə xalqı üçün əvəzsiz xidmətlərini qeyd edərək bu gün hər iki qardaş ölkənin uğurlu siyasi, iqtisadi həyatından, təhsil, mədəniyyət və digər istiqamətlərdə mövcud olan əlaqələrindən danışıb.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağçı çıxış edərək Türkiyə ilə Azərbaycanın qədim tarixi köklərə bağlı birliyindən və qardaşlığından danışıb.

Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun sədri Əhliman Əmiraslanov, Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, Türkmasası Dialoq klubunun rəhbəri Məlahət İbrahimqızı, millət vəkilləri Şahin İsmayılov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov çıxışlarında hər iki ölkəni birləşdirən milli maraqlardan, çevik siyasətdən danışıblar.

Konfrans çərçivəsində "Türk dünyasının 100 ili: Güclü təhsil, güclü gənclik", "Türk dünyasının 100 ili: Xəbərləşmə, informasiya və yeni texnologiyalar (uğurlar və çağırışlar)", "Azərbaycan-Türkiyə müttəfiqliyi Türk dünyasının lokomotividir" və "Türk dünyasının ipək yolu: Zəngəzur dəhlizi" adlı panel iclaslar keçirilib. İclaslarda universitetin doktorant və magistrantlarının panel çıxışları, xəbərləşmə, informasiya və yeni texnologiyalar, həmçinin Zəngəzur dəhlizi kimi mövzular ətrafında müzakirələr aparılıb.

Konfransın bağlanış mərasimində çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı sarsılmaz və əbədi olan Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillər üçün fəxarət simvolu, bu dostluğun davam etdirilməsinin gənclərə ən böyük əmanət olduğunu bildirib və konfransın işini yüksək dəyərləndirib.

Mehparə ƏLİYEVA,

"Respublika".