Biçindən sonra əkin sahələrinin yandırılması yolverilməzdir
Digər xəbərlər

Biçindən sonra əkin sahələrinin yandırılması yolverilməzdir

Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edərək bildirir ki, taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm də aqrotexniki qaydalar baxımından zərərlidir və torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağa ziyan dəyir, faydalı mikroorqanizmlər məhv olur. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşə mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri və digər sahələri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.

Bitki qalıqları müxtəlif üzvi maddələrin və qida elementlərinin ən vacib resurslarından biri hesab olunur. Onlarla düzgün və səmərəli davranmaq torpağın münbitliyini artırmaq, strukturunu, rütubət tutumunu yaxşılaşdırmaqla olduqca yüksək iqtisadi səmərə əldə etmək mümkündür. Günümüzün reallığıdır ki, ölkədə kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə material və əmək xərcləri tələb etdiyindən bitki qalıqları "gərəksizdir", "səmərəsizdir" və hətta "ziyanlıdır" kimi yanlış təsəvvürlərə malikdir. Kövşənliyin və digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, həmçinin bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir.

Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Belə ki, kövşənliyi və ya samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir etməsinə gətirib çıxarır.

Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Bu temperaturda torpağın 0-5 santimetr qatında humusun yanması, 10 sm qatında isə suyun buxarlanması baş verir. Kövşənliyin yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur.

Bildiyimiz kimi, təbii torpaq biotası çox faydalılıq xüsusiyyətinə malikdir. Məsələn, 1 parabüzən özünün inkişaf prosesində 400-dən 2000-nə qədər mənənə fərdini məhv edir. Bitki qalıqlarının yandırılmasına dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi baxmaq olmaz. Belə ki, dənli bitkilərin əksər zərərverici növləri yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər.

Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.

Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır. Torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə imkan verir.

Kənd Təsərrüfatı Nazirliyi biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırır ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2 min manata, hüquqi şəxslər isə 5 min manatdan 6 min manatadək məbləğdə cərimə olunacaqlar.

Nəriman CAVADOV,

"Respublika".