LAÇIN: qürur, şərəf, ləyaqət günü
Digər xəbərlər

LAÇIN: qürur, şərəf, ləyaqət günü

Zirvəsi buludlara çatan dağların əhatəsində, gen dərələrin yamaclarında, meşələrin ağuşunda olan Laçın çox mühüm strateji nöqtədə yerləşir, tariximizin bir parçasını daş salnamələrdə yaşadır, təbii sərvətlərlə zəngindir. Bu torpaqlarda təbiətin bütün çalarları, yağışdan sonra yerlə səmanı birləşdirən göy qurşağı insanı valeh edir.

1992-ci il mayın 18-də Laçın Ermənistan tərəfindən işğal edildi, yerli əhali hərbi təcavüz nəticəsində dədə-baba yurdundan didərgin salındı və 30 ilə yaxın işğalçılar bu qədim diyarın sərvətlərini, laçınlıların mülklərini qarət edərək yağmaladılar. Erməni canilər Laçında qanunsuz məskunlaşma apardılar, bu qədim türk torpaqlarını erməniləşdirməyə cəhd etdilər. Uzun illər boyu Ermənistanın işğalı altında qalan torpaqlarımız 2020-ci ilin noyabr ayında qəhrəman silahlı qüvvələrimizin bölmələri tərəfindən azad edilib, dövlət sərhədlərimiz bərpa olunub. Ən əsası isə döyüşlər zamanı əsgər və zabitlərimizin misilsiz şücaəti, döyüş peşəkarlığı, torpaq məhəbbəti, qəti inamı ermənilərin bütün xam xəyallarını darmadağın etdi. 30 il ərzində özləri haqqında yalanlar uydurub, dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var.

Müzəffər Azərbaycan ordusunun bölmələri 2020-ci ildə tarixə 44 günlük müharibə kimi düşən döyüşlərdə erməni yalanları və yaratdıqları mif darmadağın edildi, dünyaya sırıdıqları saxtalıqlar gerçəkliyin və ədalətin sərt silləsi qarşısında sabun köpüyü kimi dağıldı. Hamıya aydın oldu ki, Azərbaycan xalqı müzəffər xalqdır və qazanılan zəfər misli görünməyən bir qələbədir! 30 ilə yaxın yurd həsrəti yaşayan laçınlıların qəti mövqeyi belədir: "Möhtərəm Prezidentimiz İlham Əliyev, Sizin sərkərdəlik şücaətiniz, liderlik bacarığınız, diplomatik istedadınız nəticəsində taleyimizdə yeni bir şərəfli və ləyaqətli səhifə açılır, həsrətini çəkdiyimiz Laçınlı günlərimiz geri qayıdır, xoşbəxt həyatımız başlayır. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq. Buna görə də sevincimizin həddi-hüdudu yoxdur. Doğma torpaqlarımıza qayıdırıq, quruculuq işlərində iştirak edirik. Fəxr edirik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Laçın dünyanın ən gözəl, modern və çağdaş bir şəhərinə çevrilir. Bundan böyük xoşbəxtlik ola bilməz. Biz həmişə inanırdıq, ümidimizi heç zaman itirmədik. Bu inamın və qətiyyətin mahiyyətində dövlətimizin başçısı İlham Əliyevin illərlə yorulmadan, səbirlə, əzmlə, fədakarlıqla apardığı mübarizə dayanır. İstər ölkədaxili, istər də xarici ölkələrdə keçirdiyi bütün görüşlərdə, beynəlxalq tədbirlərdə Prezidentimizin çıxışlarının əsas məğzi Ermənistanın işğalı ilə bağlı olurdu. Hamımız şahid olurduq ki, rəhbərimiz bütün bu illər ərzində hər kəlməsində dəyişməz mövqe göstərir, xalqımızın işğalla barışmadığını bəyan edirdi. Bu illərdə Prezidentimizin dediyi sözlər, verdiyi vədlər yerinə yetirilib, mövqeyi isə sonadək dəyişməz qalıb". İşğalın yaratdığı böyük humanitar fəlakətin öhdəsindən gələn və bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf tempinə görə dünyada xeyli irəlidə dayanır, əhalinin sosial müdafiəsi davamlı olaraq gücləndirilir, həyat şəraiti yaxşılaşır, azad edilən torpaqlara Böyük Qayıdış başlayıb. Xalqımız haqlı olaraq qürur, iftixar, sevinc və doğma torpaq təntənəsini yaşayır. Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşdik, ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, işğalçıları torpağımızdan qovdu. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü rəşadət, şərəf günüdür və hər birimiz üçün çox əzizdir, doğmadır. Mənsub olduğu xalqın, gəncliyin gücünü, ləyaqətini, qabiliyyətini, qəhrəmanlığını varlığında yaşadan, doğma yurdu, torpağı uğrunda savaşa atılan, düşməni əzən və məhv edən oğullarla fəxr edirik, polad biləkli igidlərlə həmişə qürur duyuruq.

Qarabağa və Şərqi Zəngəzura Qalib Ali Baş Komandanın, Qarabağ fatehinin rəhbərliyi, Azərbaycan xalqının birliyi, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Vətən müharibəsi xalqımızın birliyini, hünərini, əzmini, haqqını və mübarizəsini bir daha bütün dünyaya göstərdi. İkinci Qarabağ müharibəsində mərmilərin şırım açdığı, düşmənin xarabalığa çevirdiyi, igid oğullarımızın qanı tökülən torpaqlarda tarixi ədalətin, qələbənin, inkişafın, quruculuğun və şərəfli qayıdışın simvoluna çevrilən Ağalıda, Talışda, Laçında, Füzulidə, işğaldan azad edilən bütün yurd yerlərində yeni firavan bir həyat başlayır. Vaxtilə göz yaşları içərisində tərk etdikləri ata-baba yurdlarına insanlar indi sevinclə, qürurla, şükranlıqla, hədsiz minnətdarlıqla qayıdırlar. Ağır müharibədən sonra azad edilən torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri tariximizin şanlı, şərəfli, qəhrəmanlıq və davamlı inkişaf səhifəsidir, qətiyyətli sözün, gücün, qüdrətin, bir xalq olaraq birliyimizin simvoludur. Şanlı ordumuzun qəhrəmanlığı, rəşadəti və igidliyi sayəsində ermənilərin işğalı dövründə zülmətə və səssizliyə bürünən Qarabağa və Şərqi Zəngəzura Günəş yenidən nur saçır. 30 ilə yaxın bizi əzən, göz yaşlarımıza, kədərimizə, ürəyimizin başında köz kimi alışan yurd həsrətinə, torpaq nisgilinə, ayrılığa, didərginliyə son qoyulub, həsrətimiz vüsala qovuşub. İşğalçı Ermənistanın, ermənipərəst ölkələrin, düşmən qüvvələrin toruna salınan, hərbi təcavüzü, işğalı dondurmağa cəhd edən, bir milyona yaxın məcburi köçkünün haqqı və hüququnu görməzdən gələn, mənasız danışıqlarla baş qatan beynəlxalq təşkilatların bütün hiylələrinə, məkrli niyyətinə müzəffər ordumuzun Qalib Ali Baş Komandanı İlham Əliyevin cəsarəti və fədakarlığı sayəsində son qoyulub.

Bu tarixi qələbəni və şanlı zəfəri döyüş meydanında qazanan ölkəmizin Prezidenti İlham Əliyev 2023-cü il iyulun 31-də  işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında tarixi sərəncam imzalayıb. Mühüm dövlət sənədində qeyd edilir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılıb. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Laçın və Füzuli şəhərlərinə məcburi köçkünlərin qayıdışı davam edir.

Tarixi ədalətsizliyi aradan qaldıran və qazanılan şanlı qələbənin Sərkərdəsi işğaldan azad edilən şəhərlərin "yeni ad" günlərinin keçirilməsinə uzaqgörənliklə, müdrikliklə, böyük məhəbbətlə qərar verib. Həmin şəhər günlərinin keçirilməsi hərbi uğurun, qəhrəmanlıq irsinin, milli birliyin, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi deməkdir və bu çox böyük mənəvi dəyərə, qiymətə layiqdir. Hər il 26 avqust Laçın şəhər günü kimi təntənə ilə qeyd ediləcək. Döyüş meydanında, diplomatiyada, informasiya cəbhəsində parlaq qələbə qazanan dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabr ayının 1-də xalqa müraciətində qürurla qeyd etdi ki, böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.

Artıq 26 avqust bundan sonrakı tariximizdə Laçın şəhəri günü kimi qeyd olunacaq, bayram keçirəcəyik, coşqun təntənə ilə bu tarixi günü qeyd edəcəyik. Həmin gün Laçından - onun dünənindən, tarixindən, bu günündən qürurla söz açacağıq.

Salman ALIOĞLU,

"Respublika".