BQXK-nın ermənipərəst fəaliyyəti
Digər xəbərlər

BQXK-nın ermənipərəst fəaliyyəti

44 günlük Vətən savaşında məğlub olan düşmən postmüharibə dövründə də öz xislətinə uyğun əməllərlə yadda qalır. Cəbhə boyu törədilən təxribatlar, Laçın ətrafındakı siyasi şou, beynəlxalq ictimaiyyəti manipulyasiya etmə cəhdləri bunun əyani sübutudur. Buna paralel olaraq, qərb dairələri Ermənistanı daha da şirnikləşdirir, haylar havadarlarının əli ilə yenidən güc qazanmağa çalışırlar. Qərb dairələrinin regional maraqları, beynəlxalq hüququ kölgədə saxlayır, selektiv yanaşmalar ilə regiondakı ədalətsizliyə göz yumulur. Artıq humanitar qüvvələr belə hayların cinayət əməllərində onlarla birgə fəaliyyət göstərirlər.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrası zəruri müddəalarını kobud şəkildə pozmağa davam edən mənfur düşmənin "yardımçılarından" biri də Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Əgər, ikili standartları ilə regional qarışıqlığı daha da intensivləşdirən erməni lobbisi və qərb dairələridirsə, Cənubi Qafqazdakı çirkin əməlləri birbaşa reallaşdıran da məhz BQXK-dır. 30 illik işğal müddətində Laçın yolundan öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə edənlər sərhəd-nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra cinayət əməllərini icra edə bilmədilər. Məhz bunun nəticəsidir ki, humanitar yardım adı altında qaçaqmalçılıq, silah-sursat daşınması kimi aktlar BQXK-nın çətiri altında reallaşdırılır.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı Nümayəndəliyi 1992-ci il mart ayının 3-dən Azərbaycanda fəaliyyət göstərir. 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında onun ölkəmizin ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb. Məhz bu səbəbdən, həm bizim, həm də onların müəyyən öhdəlikləri mövcuddur. Təbiidir ki, humanitar təşkilatın qaçaqmalçılıqda adının çəkilməsi mövcud öhdəliklərin pozulması aktıdır. Öz missiyasını layiqincə yerinə yetirə bilməyən BQXK-nın bu əməlləri həyata keçirməsi ilk dəfə deyil. 1980-ci illərin sonlarında ermənilər Qarabağı münaqişə ocağına çevirib günahsız soydaşlarımıza qarşı müxtəlif cinayət əməlləri törətməyə başladılar. Təcavüzkar ermənilər Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrimizə hücum edir, soydaşlarımıza dəhşətli işgəncələr verərək qətlə yetirir, ya da əsir götürürdülər. İşğalçı, qəddar ermənilərin əlinə keçməmək üçün yurdunu, evini tərk etmək məcburiyyətində qalan azərbaycanlılar isə vətənlərində qaçqın, köçkün adı ilə yaşamalı olurdular. Dəfələrlə yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırılan, lakin cavabsız qalan bu cür cinayət əməllərinə görə Ermənistan hələ də məsuliyyətə cəlb edilmir. Əksinə, törədilən əməllərdə haylara köməklik göstərilir. BQXK öz missiyasını yerinə yetirmir, Laçın yolundan ermənilərə "humanitar" yardım daşıyır, vandallara tibbi yardım göstərir, onlara Xankəndidən çıxış üçün yardım edir. Belə ki, 1991-ci ildə Meşəli soyqırımını törətmiş müharibə cinayətkarlarından, ən amansız qatillərdən olan Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində Xankəndidən Ermənistana keçirilərkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Məlumdur ki, Xaçaturyanı "müalicəyə" aparan Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun hərbi cinayətkar olduğundan xəbərdar idilər və bu, regiondakı balansın pozulması üçün atılan addımdır. Azərbaycanlılara qarşı bu haqsızlığa nəinki göz yuman, hətta qatil erməniləri himayə edən Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənipərəst mövqeyini ölkəmizdə fəaliyyətə başlayandan bu günədək davam etdirir.

 Növbəti ikili yanaşma Azərbaycan hökuməti ilə razılaşdırılmadan onun suveren ərazisi olan Xankəndidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinin təşkil edilməsi ilə bağlıdır. Bu çirkin əməl illərlə Azərbaycan tərəfinin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, konfidensiallıq adı altında gizlədilib. Daha sonra məlum oldu ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisi təşkilatın Bakıdakı nümayəndəliyinə deyil, İrəvandakı nümayəndəliyinə tabe etdirilib. Bütün bunlardan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin şəffaf hesab olunması mümkün deyil. Qeyd edək ki, avqustun 3-də Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə açıq məktubla öz narahatlıqlarını bildiriblər. Məktubda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşən, 4 min nəfərə yaxın azərbaycanlının ötən 30 il ərzində aqibəti, taleyi barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən heç bir məlumatın verilmədiyi qeyd edilib. Bununla, Birinci Qarabağ müharibəsi zamanı təşkilatın Azərbaycana dəstəyinin olmadığı diqqətə çatdırılıb.

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri xatırladıblar ki, 1990-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi 54 nəfər azərbaycanlı əsirlə bağlı izə düşmüş, Ermənistan tərəfi ilə dialoq nəticəsində onlardan 17 nəfərinin meyitlərini alaraq Azərbaycan tərəfinə təhvil vermişdi, ancaq həmin siyahı üzrə 37 nəfərin taleyi hələ də bilinmir: "Onlar sağdırlar, yoxsa öldürülüblər, öldürülüblərsə, meyitləri niyə ailələrinə təhvil verilməyib? Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu məsələ ilə yaxından məşğul olmur?".

Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyəti ilə bağlı sözügedən quruma dəfələrlə xəbərdarlıq olunub. Aşkarlanmış qanun pozuntusu faktları təşkilatın diqqətinə çatdırılıb, amma heç bir tədbir görülmür. Azərbaycan öz ərazisində belə qanunsuzluğa dözmək niyyətində deyil və vəziyyətə uyğun olaraq lazımi addımlar atır.

Nurlan ABDALOV,

 "Respublika".