Siyasət

"Boz zona" üzərində möhtəkirlik

30 illik işğal dövründə olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan regionda sülhün bərqərar olması  üçün heç bir addım atmadı. Əksinə,  10 noyabr 2020-ci ildə imzalanan Bəyanatın müddəalarına əməl etməyərək, bölgədə gərginliyi artırdı.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın TASS agentliyinə müsahibəsində deyib: "Erməni hərbi birləşmələri, - sanki Ermənistanın 2020-ci ilədək bizim torpaqlarımızda basdırdığı bir milyondan çox mina onlara azmış kimi, - Ermənistanın bəslədiyi Qarabağdakı "boz zona"nın bütün perimetri üzrə ərazilərimizin kütləvi şəkildə minalanmasını həyata keçirir. Qeyd edilməlidir ki, Ermənistan minalardan azərbaycanlılara qarşı kütləvi qırğın silahı kimi istifadə edir - təkcə 2020-ci ilin 44 günlük müharibəsindən ötən dövrdə bizim 300-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub".

Nəzarət olunmayan ərazilər - "boz zonalar" dövlətimiz üçün təhlükədir. Bu təhlükə ilə uzun müddət mübarizə aparan xalqlardan biri də Azərbaycandır. 10.000 kvadratkilometrdən çox ərazidə qanunların olmaması bəzi qruplaşmalar üçün gəlir mənbəyinə çevrilib. İşğal altında olan rayonlarımız uzun müddət  qanunsuz narkotik və silahların daşınması üçün istifadə olunub.

Laçın sərhəd-keçid məntəqəsi tikilənə qədər nəzarətsiz olan bu ərazilər cinayətkar fəaliyyət mərkəzinə çevrilib.  Azərbaycan bu il aprelin 23-də Həkəri çayı üzərində nəzarət postu quraraq öz ərazisinə icazəsiz girişin qarşısını alıb. Lakin  Ermənistanın dəstəklədiyi separatçı hakimiyyət bundan sonra da Xankəndi və ətraf rayonlarda  qeyri-qanuni daşımalarını davam etdirmək üçün müxtəlif üsullardan istifadə edirdi. Laçın yolunun "blokadası" adı altında Ermənistan Azərbaycana qarşı yalan informasiya yaymağa çalışdı, lakin onların bütün cəhdləri nəticəsiz qaldı.  Ağdam-Xankəndi yolunun sentyabrın 12-də açılması bu yalan iddiaların əsassız olmasının sübutudur. Bu mövzuda beynəlxalq ictimaiyyət və bir çox ölkələr Azərbaycanı tam dəstəkləyib.

"Boz zona"nın Azərbaycan torpağında mövcudluğuna ölkəmiz heç vaxt imkan verməyəcək. Bu yerlərdə konstitusiya qanunlarımız bərpa ediləcək.  Məhz bölgədə keçirilən  lokal xarakterli antiterror tədbirləri bu məqsədə xidmət edirdi.

Sentyabrın 20-də antiterror tədbirləri nəticəsində silahlı ermənilər təslim olub və Azərbaycanın bütün şərtləri ilə razılaşıblar. Bir gün ərzində əldə edilən bu nəticə Azərbaycanın növbəti  böyük uğurudur. Bununla da ölkəmiz yüksək peşəkarlıqla bütün ərazisinə tam nəzarət edəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".