“Sülh gündəliyi” adı ilə çirkli oyunlar
Siyasət

“Sülh gündəliyi” adı ilə çirkli oyunlar

Ermənistanın uçuruma sürükləndiyi yolun üzərindəki 5 aprel görüşü başa çatdı. Bu ölkənin baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken arasında keçirilməsi gözlənilən müştərək konfransdan əvvəl mətbuata birgə bəyanat zamanı "sürpriz qonaq"lar görünüb. Bunlar Azərbaycanı daxildən parçalama cəhdləri güdən qurumları maliyyələşdirən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer və Prezident İlham Əliyevin "qəribə yuxular görür" deyə adlandırdığı Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel olub.

Cənab İlham Əliyevin Borrellə bağlı fikirləri bir daha öz təsdiqini tapdı. Belə ki, Cozef Borrel konfransdan əvvəl mətbuata verdiyi açıqlamada "Ermənistanın varlığı Cənubi Qafqazı daha güclü və sabit edir" fikirlərini bildirib. Deyəsən, cənab Borrel öz həpənd düşüncələrindən hələ də əl çəkə bilmir. Uzun illərdən bəri regiona ancaq fəlakət gətirən hayların beynəlxalq müstəvidə, daha doğrusu, Qərbin qərəzli dairələrində belə təsvir olunması həm gülüş doğurur, həm də utanc gətirir.

Baş tutan görüşdən bir gün əvvəl Antoni Blinkenin ardınca Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də Prezidentimizə zəng vurması regionda baş verən proseslərin Azərbaycanla hesablaşdırıldığını bir daha təsdiqləyir. Ölkə başçımızın Antoni Blinkenlə telefon danışığı zamanı gəldiyi qənaətə görə, ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və gərginliyin yaranmasına gətirib çıxaracaq.

Ötən gün  baş tutan görüş bir daha göstərdi ki, Ermənistan münaqişə mərkəzi olmağa hazırdır. Sülh prosesinin bir addımlığında sərgilənən mövqe bir daha Qərb dairələrinin bölgədə sabitlik istəmədiklərini açıq göstərir. Türkiyə Xarici İşlər Nazirliyindən də verilən məlumatda qeyd olunub ki, Ermənistan-Aİ-ABŞ üçtərəfli görüşü regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vurur. Bu baxımdan, Azərbaycanın daima yanında olan qardaş ölkə "Qərb Türkiyəni daima Azərbaycanın yanında görəcək" mesajını ötən gün Prezident İlham Əliyevlə görüşən Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, Böyük Millət Məclisinin deputatı, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun dili ilə verdi. ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlətimizin başçısı bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradıldığını qeyd edib: "Halbuki son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür".

Azərbaycanla coğrafi baxımdan qonşu olan digər dövlət Rusiya da Qərbin Ermənistanı plasdarma çevirdiyindən narahatlığını dəfələrlə qeyd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasında digər dövlətlərin regional işlərdə iştirakının artmasının müsbət nəticələnməyəcəyini qeyd etməsi rəsmi İrəvanın yanlış yolda olduğunu bir daha təsdiqləyir. Qərbin qoca Borrelinə və casus şəbəkəsinin rəhbəri Pauerinə möhtac qalan haylar digər varinata da baxa bilərdilər. Söhbət Azərbaycanla sülh müqaviləsinin vaxt uzadılmadan imzalanmasından gedir. Cənubi Qafqazı sabitlik adasına çevirmək istəyən Azərbaycanla əlaqələr qurula və bu, Ermənistanın dərin böhrandan çıxması prosesinə də böyük töhfələr verə bilərdi.

Məramı guya iqtisadi əməkdaşlığın müzakirə edilməsi olan görüşün əsl məqsədi əslində bölgə üçün militarizasiya siyasəti yürütməkdir. Maraqlıdır, Türkiyə və Rusiyadan fərqli olaraq digər qonşularımız İran və Gürcüstan Ermənistanın ikinci "Suriya" və "Ukraynaya", Qafqazın isə "Yaxın Şərqə" çevrilməsinin qarşısını almaqda maraqlı deyillər. İranda mövcud olan erməni sevdası, rəsmi Tbilisinin isə avrosentrik düşüncələri bölgə üçün yeni təhdidlərin formalaşmasına bilavasitə rəvac verir. Qərb Qafqazda olan "dostluq" əlaqələrindən narahatdır. Azərbaycanın qlobal miqyasda artan nüfuzu və beynəlxalq məsələlərdə aktora çevrilməsinə paralel olaraq, bölgədə yerləşən digər dövlətlərin  də son dövrlərdə sürətlə inkişafı "dünyanın ən inkişaf etmiş qitəsi - Avropa" və avrosentrizm fikirlərinə zərbə vurmuşdu. Yeganə böhran içində olan Ermənistanı təsir dairəsinə salaraq həm ölkəmizə qarşı revanşizm siyasətinə dəstək verən, həm də bölgənin sabitliyini pozmaq istəyən Qərb bu gün öz çirkin planlarını yardım adı altında həyata keçirir.

5 aprel görüşündə ABŞ-ın Paşinyanın "Dünya kəsişməsi" layihəsinə dəstək verməsi də bir daha qərəzli dairələrin regiona nifaq toxumu səpmək cəhdlərindən irəli gəlir. Qafqaz ölkələrindən heç birinin tam olaraq dəstəkləmədiyi bu layihəni Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizinin alternativi kimi təqdim edir. İran isə "dünya kəsişməsi" layihəsinə nisbətən Zəngəzur dəhlizində daha qatı mövqedə durur. Bu isə Türkiyəyə ziddir. Rusiya isə Ermənistanın qərbyönümlü siyasətindən və layihənin Moskvaya faydasının olmayacağı səbəbindən məsələnin əleyhinədir. Beləliklə, Qafqaza "qarmaq" atmaq istəyən ABŞ yeni münaqişələrin startapını yaradır, orada "3+3" formatını unutdurmaq istəyir.

5 aprel görüşündə Nikol Paşinyanın Ermənistanın Azərbaycanla münasibətlərin normallaşması prosesinə sadiq olduğunu bildirməsi əslində "maskalanma" siyasətidir. Ermənistanın boyunduruğa salınmasına təkan verən görüşə sülh, sabitlik və iqtisadi əməkdaşlıq donu geyindirilməsi əsl məqsədlərin pərdələnməsidir.  Ölkəmiz isə ötən gün baş tutan görüşün region üçün yeni fəlakətlər gətirəcəyindən narahatdır. Lakin bu narahatlıq heç bir təlaş yaratmır. Azərbaycan heç vaxt Ermənistanın, ümumən bölgənin hərbi zonaya çevrilməsinə icazə verməyəcək. Revanşist və qərəzli qüvvələr isə tarixin təkərrür prosesinin bir parçasına çevrilərək unudulmağa məhkum olacaqlar. Cənubi Qafqazda "sülh gündəliyi" adı altında başladılan çirkli oyunların sonu uğursuzluqdur.

Tacir SADIQOV,

"Respublika".