BÖYÜK TİKİNTİ VƏ QURUCULUQ MEYDANINA ÇEVRİLƏN KƏLBƏCƏR
İqtisadiyyat

BÖYÜK TİKİNTİ VƏ QURUCULUQ MEYDANINA ÇEVRİLƏN KƏLBƏCƏR

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edilmişdir

Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm iqlim müxtəlifliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olub. Böyük fəxarət hissi ilə deyə bilərik ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, hərbi zəfəri, diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı.

Təbii sərvəti ilə zəngin və şəfa qaynağı olan, mineral suyu ilə tanınan, təbiətin zümrüd qaşı hesab olunan Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də mənfur erməni qəsbkarları tərəfindən təcavüzkar imperiyanın köməyi ilə işğal olundu, dinc əhaliyə divan tutuldu. İşğal nəticəsində 60 min nəfər Kəlbəcər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Dünya bəlkə də belə vandalizmə, bu cür barbarlığa öz yaranışından şahidlik etməyib. Vəhşiliyə baxın, özgəsinin torpağına məcburən soxulub, onu gülləbaran edib, var-dövlətinə sahib çıxasan. Sonra da onun izini itirib, öz saxta tarixini yaratmaq məqsədilə hər şeyi - tarixi abidələri, dini məbədləri, məzarlıqları belə məhv edib yer üzündən siləsən. Əslində həmin dövrdə hakimiyyətdə olan səriştəsiz və xəyanətkar siyasət də rayonun işğalına şərait yaratdı.

Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə, zorakılıqla qovularaq, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından güc-bəla ilə qaçıb xilas olublar. Onların müəyyən hissəsi qırğına məruz qalıb, divan tutulub, meyitləri belə təhqir edilib. Ümumən Kəlbəcərdə 500-dən artıq dinc sakin qətlə yetirilib, yüzlərlə insan girov götürülüb və ya itkin düşüb. Azərbaycan əhalisi işğal zamanı özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı erməni işğalçıları tərəfindən talan olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi göstərir. Belə ki, Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüb çıxırlar, bəli, bax budur insanlıq nümunəsi... Ümumiyyətlə Azərbaycan Ordusu heç bir vaxt dinc insanlara, yaşayış massivinə atəş açmayıb.

Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və faunaya, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələrin, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində demək olar ki, ekoloji tarazlıq pozulub.

Ölkə Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonu işğaldan azad olunması münasibətilə müraciətində bildirmişdir: "Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Bu, böyük sərvətimizdir. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb. Görün, son günlər ərzində onlar hansı çirkin işlərlə məşğuldur, meşələri yandırırlar ki, ekoloji faciə, fəlakət yaratsınlar. Bu oğrular meşələri qırırlar, aparırlar ki, Ermənistanda satsınlar. Evləri yandırırlar, hansı ki, o evləri onlar tikməyiblər. Onlar kəlbəcərlilərin evlərinə giriblər, soxulublar, orada yaşayıblar. Məktəbləri yandıraraq, apara bilmədikləri ev heyvanlarını öldürüblər. Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik".

İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng Su Anbarına və oradan da Suqovuşan Su Anbarına yığılırdı. Bu da işğalçının maraqlarını təmin edirdi. Ermənilər 30 il müddətdə bu nəhəng su anbarlarından özlərininki imiş kimi istifadə etmiş, Azərbaycan torpaqlarına ziyan vurmuşdur. Bəli, mənfur düşmən bizi bir çox imkanlardan məhrum etmişdi. Əslində Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng Su Anbarına axıdılırdı. Sərsəng Su Anbarı vaxtilə o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng Su Anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan geniş torpaqlar suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan təmin edilirdi. Xain, xəbis düşmən yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bununla, bizə qarşı ekoloji terror təşkil edilirdi.

Dövlət başçısı cənab İlham Əliyevin diqqət və nəzarəti altında işğaldan azad edildikdən sonra Kəlbəcərdə kompleks işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələr gerçəkləşdirilir, yollar, tunellər inşa olunur, su-elektrik stansiyaları qurulur, əhəmiyyətli obyektlərin bünövrələri qoyulur. Bununla bərabər, dövlət sərhədlərimizin toxunulmazlığı, əhalimizin təhlükəsizliyinin təmin olunması üçün mühüm tədbirlər görülür. Mövqelərimizə daha rahat gediş-gəlişin təmin olunması üçün əvvəllər heç vaxt olmayan, Ermənistan sərhədinə gedən yollar salınır. Azərbaycan dövlətinin çox güclü iradəsi, əzmi sayəsində qısa zamanda Kəlbəcərdə, ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə geniş quruculuq və bərpa işləri üçün siyasi qərarlar verilib.

Qarabağ və Şərqi Zəngəzurda enerji təminatı və xüsusilə də "yaşıl enerji" məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması işləri, eləcə də sözügedən ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, dayanıqlı məskunlaşma, məşğulluq, iqtisadi inkişaf perspektivləri və digər məsələlərlə bağlı mühüm layihələr gerçəkləşdirilir. Mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri olan 80.7 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinti işləri sürətlə davam etdirilir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2-3 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 13.5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır. Bu hissə də dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq. Hazırda Murovdağ tunelinin inşası sürətlə davam etdirilir. Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan və hər birinin uzunluğu 21 metr olan 2 ehtiyat keçidinin tikintisi də yekunlaşıb. Bununla da rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəliş təmin ediləcək.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcər rayonunda "İstisu" sanatoriyasının təməlqoyma mərasimində öz çıxışında bildirmişdir ki, vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtilə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik.

Bu gün keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramının icrasına uyğun olaraq öz doğma yurdlarına - Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı, Talış və Zabux kəndlərinə qayıtmışlar. Çox şükürlər olsun ki, ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində bir vaxtlar öz yurd-yuvalarından kədər dolu göz yaşları ilə çıxarılan soydaşlarımız indi uzun müddətdən sonra öz doğma ata-baba yurdlarına sevinc göz yaşları ilə, qürurla geri dönürlər.

Kəlbəcər sakini Məhiyyəddin Abdurəhmanov öz sevincini bizimlə bölüşdü: - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində cəmi 44 gündə misli görünməyən Qələbə qazanıldı. O Zəfər ki, tarix belə şanlı-şöhrətli qələbə görməmişdi. Bəli, 30 illik həsrət bitdi... 30 illik acı, əzab-əziyyət bitdi. İllərlə acı ilə, kədər ilə, qəm-qüssə ilə bəsləndik. Amma bugünkü gündə qələbə müjdələri ilə bəslənirik. Nəinki bizi 30 il gözüyaşlı qoyan mənfur düşmənimiz ermənilərə, biz bütün dünyaya gücümüzü, əzmimizi, iradəmizi, vətənpərvərliyimizi sübut etdik. Bütün dünyaya haqq yolunda olduğumuz bəyan olundu. Bu Zəfər bizi bir yumruq olan Azərbaycana çevirdi. Biz 44 günlük müharibədən sonra başqa bir Azərbaycan olduq!

Kəlbəcər sakini Musa Mamedov: - Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun gücü, qüdrəti sayəsində Vətən müharibəsinin zəfərləri silsiləsində dilbər guşəmiz, Qartallar oylaqlarımız mənfur, xain, namərd düşmən işğalından azad olundu, öz ərazi bütövlüyümüz təmin edildi. Kəlbəcər rayonunun azad olunması bütün Azərbaycan xalqına hədsiz sevinc bəxş etdi. Biz kəlbəcərlilərin hisslərini sözlə ifadə etmək mümkün deyil. 30 illik həsrətdən sonra Kəlbəcərin döyüşsüz işğaldan azad edilməsi xalqımıza ən xoşbəxt, qürurlu günləri yaşatdı. Çox şükürlər olsun ki, Vətənimizin azad olmuş hər guşəsində üçrəngli şanlı bayrağımızın dalğalandığını hər kəs gördükcə qürur hissi keçirir, sevincdən gözləri dolur. Şəhidlərimizin qanı yerdə qalmadı. İndi o şəhidlərin ruhu şaddır.

Azad olunmuş ərazilərimizdə icra olunan böyük bərpa-quruculuq işləri onu deməyə əsas verir ki, Qarabağ torpaqları cənnətə çevrilir... Bütün bu uğurlara imza atmağımızın əsasında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nəyi, necə, nə vaxt lazım olduğunu yaxşı bilməsi dayanır. Bütün işlər müəyyən olunmuş proqram və qrafik üzrə aparılır. Bu şanlı Qələbə Qalib Lider, Prezident İlham Əliyevin möhtəşəm 20 illik prezidentlik fəaliyyətinin hesabat yönümlü uğurlu nəticəsi, "Heydər Əliyev İli"nə möhtəşəm, dəyərli töhfə oldu...

Zabit XƏLİLOV,

"Respublika".