Bizim üçün bir nömrəli vəzifə Böyük Qayıdış proqramının icrasıdır
Siyasət

Bizim üçün bir nömrəli vəzifə Böyük Qayıdış proqramının icrasıdır

Bu, xalqımızın Vətəninə, torpağına bağlılığı ilə həmrəylik nümunəsidir

"Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan ölkə başçısı vurğulayıb ki, onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər. Şanlı Qələbəmizlə bitən İkinci Qarabağ müharibəsi  bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları doğma yerlərinə qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar. Azərbaycan bu işləri heç bir maliyyə yardımı almadan öz vəsaiti hesabına həyata keçirir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə dövlət büdcəsindən bu günə qədər 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaq.

Otuz illik işğal ərzində Ermənistan Azərbaycanın 9 şəhərini və yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu "Qafqazın Xirosiması" adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmədi ki, onun üzərində bayrağımızı dalğalandırsın. Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb. Artıq Ermənistanın işğalından azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır.

Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün urbisidə məruz qalmış 10 min kvadratkilometrdən çox ərazini sıfırdan yenidən qurur, şəhərlər və kəndlər inşa edir. Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Sərəncamı ilə "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlər əsasında yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanıb. Strategiyada əks olunan Milli Prioritetin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilib.

Dövlət Proqramında işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. İndiyədək 8 şəhər və 92 kəndin Baş planının artıq təsdiq edildiyini və 30 kəndin təməlinin qoyulduğunu bildirən Prezident deyib ki, qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək. Bu, bizim Proqramın tərkib hissəsidir: "Artıq 2000-dən çox keçmiş məcburi köçkün evlərinə qayıdıb və ilin sonuna qədər onların sayı 5500-ə çatdırılacaq. Bu gün biz şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu, ilk növbədə, onu göstərir ki, Azərbaycan xalqı öz vətəninə nə dərəcədə bağlıdır. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".

Qeyd edək ki, sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Şəhərsalma və şəhərlərin inkişafı davamlı tərəqqiyə nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar bu inkişaf proqramının əhəmiyyətini daha da artırır. Ona görə də işğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, görülmüş işlər, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Şəhərsalma məsələsinin ölkəmiz üçün prioritetliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-HABİTAT) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlığın nəticəsində Azərbaycanda ilk dəfə olaraq 2022-ci il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qatıldığı 1-ci Milli Şəhərsalma Forumu təşkil edilib. Postkonflikt şəraitində yenidənqurma və reabilitasiyanın, o cümlədən konflikt sonrası bərpanın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA) diqqət təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə yaşayış vasitələrinin bərpası və bu torpaqlara həyatın qaytarılması üçün Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin potensialından istifadəyə yönəldilir. Forumda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq, Azərbaycan Respublikasında təhlükəsiz, firavan, inklüziv və davamlı şəhərlərin, digər insan məskənlərinin yenidən qurulması üçün minalardan təmizləmənin əhəmiyyəti xüsusi vurğulanıb.

Dövlətimizin başçısı Zəngilandan həm də bu gün Azərbaycana qarşı qəbuledilməz planları olan tərəflərə də mesaj verib: "Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir".

Mustafa KAMAL,

"Respublika".