Birliyin, qardaşlığın, təəssübkeşliyin gücü
Siyasət

Birliyin, qardaşlığın, təəssübkeşliyin gücü

Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşü Şuşada keçiriləcək

Ankarada Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatında bildirilib ki, Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünun bu il iyul ayında Şuşada keçirilməsi nəzərdə tutulur.

"Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir". Prezident İlham Əliyev Ankarada mətbuata bəyanatında bu barədə ətraflı məlumat verib. Dövlət başçısı vurğulayıb ki, eyni zamanda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında bildirib ki, ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm.

Artıq ənənə halını alan iki qardaş ölkə - Azərbaycan və Türkiyənin dövlət başçılarının prezident seçkilərindən sonra qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərləri sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir. Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 18-də qardaş ölkəyə rəsmi səfəri zamanı söylədiyi: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır" sözləri birliyin, qardaşlığın həyatda təsdiqidir.

İki dövlət başçısı tərəfindən vurğulanan əsas məsələlərdən biri də Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsi ilə bağlı idi. Əslində, bu məsələdə ölkəmizin hədəflərini Azərbaycan lideri andiçmə mərasimində kifayət qədər açıq şəkildə səsləndirib və Azərbaycanın bu təşkilat daxilində fəaliyyət istiqamətləri, yol xəritəsi dəqiq göstərilib. Dövlət başçısı Azərbaycanın bundan sonrakı inkişafının böyük insan kapitalına, zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə, eyni kökə və tarix-mədəniyyətə malik olan türk dövlətləri ilə böyük birliyə gedən yol ilə bağlı olduğunu bildirib və bunu qətiyyətlə hər kəsə bəyan edib.

Hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin inkişafında mühüm rol oynayacaq. Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövlətinə çevrilir. Dövlətimizin başçısı da çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırdı. Bu təşkilat Azərbaycan üçün əsas beynəlxalq quruma çevrilib, bu doğma təşkilatın bundan sonra daha da gücləndirilməsi gələcəkdə hər hansı təhlükələrdən qorunmaq baxımından da əhəmiyyətli olacaq.

Vətən müharibəsində qazanılan qələbədən sonra dəyişən dünya reallığında Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox sahədə, eyni zamanda türk dövlətlərinin birliyi yönündə qətiyyətli işlər görülüb, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına inteqrasiyası yönündə çox cəsarətli addımlar atılır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək növbəti Zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyətinin də dəvət olunmasını yüksək qiymətləndirən qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla digər təşkilat və birliklərdə də (İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) birgə əməkdaşlığın faydalı olacağını bir daha dilə gətirdi.

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan ortaq mədəniyyət, soykök və tarixi əlaqələr bağlayır. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini və etnik köklərini qoruması olduqca vacibdir. Bu baxımdan Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması, onları bir təşkilat altında birləşməsi və qarşılıqlı əlaqələrini daha da möhkəmləndirməsi dünyada gedən mürəkkəb proseslərin fonunda tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə möhkəmlənib və bu gün adıçəkilən təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq müstəvidə və münasibətlər sistemində güclü mövqeyə sahibdir. Azərbaycan bu təşkilatın ən fəal üzvlərindən biri kimi burada xüsusi rola malikdir. Bu təşkilat daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, strateji məsələləri ehtiva edən birlikdir. Sözsüz ki, Türk Dövlətləri Təşkilatının bundan sonra da qlobal miqyasda önəmi getdikcə artacaq. Çünki bu təşkilatın əsasını bir-birinə tarixi, dini, milli-mənəvi köklərə əsaslanan müttəfiqlər təşkil edir. Məhz bu baxımdan da türk dövlətlərinin iş birliyi səmimiyyət üzərində qurulub. Türk xalqları arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük bir coğrafiyanı əhatə edir. TDT-nin başlıca vəzifələrindən biri xarici siyasət məsələlərində ortaq mövqedən çıxış etməkdir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artması, TDT-nin iqtisadi, mədəni və təhlükəsizliyin təmin edilməsi baxımından güc mərkəzi olaraq çıxış etməsi imkanlarını artırır.

Türk dövlətlərinin iştirakı ilə keçirilən görüşlərdə günün ən vacib məsələləri müzakirəyə çıxarılır, problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülür və ölkələrin milli mənafeləri önə çəkilməklə, münasibətlər formalaşdırılır. Bu görüşlər bilavasitə türk dövlətlərinin birliyinə və gələcək inkişafına xidmət edir. Dövlətlər nəinki iqtisadi məsələləri müzakirə edir, həm də reallıqlara uyğun olaraq baş verən hadisələrə öz münasibətlərini ortaya qoyur və hər bir dövlətin təhlükəsizliyi üçün zəmin hazırlayırlar. İqtisadiyyat möhkəm olmadan dövlətlərin inkişafı mümkün deyil və bu görüşlərdə beynəlxalq münasibətlərə önəm verilməklə bərabər, həm də sərmayə qoyuluşu, iqtisadiyyatın inkişaf etdirilməsi, ixrac məsələlərinin gündəmə gətirilməsi diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev dünyaya bir daha bəyan etdi ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti sülhün, əmin-amanlığın, əməkdaşlığın, dostluğun tərəfdarıdır və daimi olaraq bu istiqamətdə lazım olan bütün tədbirləri həyata keçirəcəkdir. Əlbəttə ki, bu prosesdə Türk Dövlətləri Təşkilatı da yaxından iştirak edir və onların birgə səyləri dünyada sülhün təmin olunmasına böyük töhfələr verə bilər.

Mustafa KAMAL,

"Respublika".