Birliyimiz ən güclü silahımızdır
Siyasət

Birliyimiz ən güclü silahımızdır

Mədəniyyət, din və dil birliyi kimi sarsılmaz mənəvi tellərlə bir-birinə bağlı olan türk dövlətlərinin həmrəyliyi beynəlxalq aləmdə xüsusi yer tutur. Azərbaycan-Türkiyyə münasibətləri məhz bu təməldə qurulur və həmin prinsiplərə sadiqlik nümayiş  etdirilir.

Müstəqilliyin ilk illərində Azərbaycan diasporunun qarşısında duran əsas vəzifələrdən biri də digər xalqların təşkilatları ilə əlaqələr qurmaq, birgə əməkdaşlıq nəticəsində öz mövqelərini möhkəmləndirmək idi. Həmin dövrdə Azərbaycan diasporuna ən böyük dəstək də məhz türk diasporundan gəldi. Diaspora həyatı ilə bağlı bir sıra mühüm əhəmiyyətli tədbirlərin qardaş ölkədə keçirilməsi faktı bunu təsdiqləyir. Yaxın tarixə nəzər salsaq görərik ki, ilk dəfə olaraq dünya azərbaycanlılarının birliyinə yönələn və ətrafında dünyanın bir çox bölgəsində yaşayan soydaşlarımızı toplayan tədbirlər məhz Türkiyədə keçirilib. Hələ Azərbaycan müstəqillik qazanmamış, 1989-cu ildə Türk Dünyası Ümumdünya Azərbaycanlıları Konqresinin keçirilməsi həmrəylik hərəkatının güclənməsinə təkan verdi. Bu sırada Azərbaycan diasporunun türkdilli respublikaların adıçəkilən təşkilatları ilə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın türk diasporu ilə əlaqələrinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində daha qabarıq şəkildə özünü büruzə verdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider xarici siyasət sahəsində dünya dövlətləri ilə əməkdaşlıq sırasında türkdilli respublikalara xüsusi önəm verirdi. Bu baxımdan, Azərbaycan-Türkiyə əlaqələrinin keyfiyyətcə yeni məcrada qurulması prioritet kəsb edirdi. Çünki əvvəlki hakimiyyət dövründə Türkiyə ilə münasibətlərdə siyasi eyforiya və şüarçılığın üstünlük təşkil etməsi real tərəfdaşlıq üçün zəmin yaratmamışdı. Bir çox hallarda bu münasibətlərin hər iki ölkədəki populist siyasətçilərin bəyanatları ilə idarə edilməsi normal dövlətlərarası əlaqələrə zərər vururdu. 1994-cü ilin fevralında Ulu Öndər Türkiyə Cümhuriyyətinə səfəri zamanı bu ölkənin Böyük Millət Məclisində etdiyi tarixi çıxış ilə iki ölkənin strateji tərəfdaşlığının ən mükəmməl formulunu səsləndirdi: "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir". Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi: "Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıb. Əsrlər boyu tarixin mərhələlərində bizi bir-birimizdən ayırmağa çox çalışıblar. Lakin buna müvəffəq olmayıblar. Bizim xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə bir-birinə qovuşublar. Bundan sonra da heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməyəcək".

Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi, türk diasporu ilə əməkdaşlığın yüksək səviyyəyə çatdırılması Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin də fəaliyyətində əsas prioritet təşkil edir. Ümummilli lider, mərhum prezident Heydər Əliyevin "Bir millət, iki dövlət" tarixi kəlamını əsas götürən Prezident İlham Əliyev "Bir millətin iki diasporu olmaz" söyləməklə Azərbaycan və türk diasporu arasında faydalı əməkdaşlıq mühitini bir qədər də inkişaf etdirmiş oldu. Dövlət başçımızın  təşəbbüsü ilə Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq toplantısının Bakıda keçirilməsi, Azərbaycanın türk dünyasının birlik və bərabərliyi istiqamətində öncül yerlərdən birini tutması deyilənləri təsdiqləyir.

2006-cı il sentyabrın 18-də Antalyada keçirilən Türkdilli dövlətlərin və icmaların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğulayıb: "Məkrli düşmənə qarşı bizim ən güclü silahımız birliyimiz, həmrəyliyimizdir. Biz bir-birimizə bağlı olmalıyıq. Bir-birimizin əlini möhkəm tutmalıyıq ki, gücümüz daha da artsın. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, güclü maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, amma müdafiə naminə yox.

Azərbaycan Prezidentinin bu fikirlərinin məntiqi sonluğu kimi 2007-ci il martın 9-da Bakıda möhtəşəm tədbir - Dünya Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan Forumda dünyanın 48 ölkəsindən gəlmiş 513 nəfər nümayəndə  iştirak edib. Onlardan 173 nəfəri Azərbaycan, 150-dən çoxu türk diaspor təşkilatlarını təmsil edib. Bundan əlavə, foruma xarici ölkələrdən 170-dək qonaq dəvət olunub. Bəzi dövlətlərin, o cümlədən Latviya, Estoniya, Litva, Ukrayna, Bolqarıstan, Lüksemburq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin ali qanunvericilik orqanının, dövlət və hökumət üzvləri səviyyəsində təmsil olunması bu gün də foruma olan böyük marağın göstəricisi kimi dəyərləndirilir. Forumda Azərbaycan Prezidenti İlham Əliyevin, həmin vaxt Türkiyənin Baş naziri vəzifəsində olan Rəcəb Tayyib Ərdoğanın və Şimali Kiprin lideri Mehmet Əli Tələtin iştirakı və parlaq nitq söyləmələri tədbirin əhəmiyyətini daha da artırdı.

Həmin gün Heydər Əliyev adına Sarayda Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun açılışı olub, sonra "Biz bir millət, iki dövlətik" filmi nümayiş etdirilib.

Sevindirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaradır. Elə  bir sahə yoxdur ki, biz orada əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.

Aiza ŞABANOVA,

"Respublika".