VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

30 iyun

  • Türkiyə tərəfindən preferensial ticarət rejiminin tətbiq olunduğu Azərbaycan Respublikası mənşəli malların idxalında tarif kvotasının tətbiq edilməsi haqqında Fərmana düzəliş edilib.

1 iyul

  • Prezident İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
  • Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər.
  • Bakıda Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.
  • "Freedom House" növbəti anti-Azərbaycan hesabat dərc edib.

2 iyul

  • Prezident İlham Əliyev "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib.

Güclü iqtisadi potensial

"Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri". Bu fikri Prezident İlham Əliyev deyib. Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. İkinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq.

Azərbaycan iqtisadiyyatının hazırkı mənzərəsi bir daha göstərir ki, ölkəmiz təkcə neft gəlirlərindən asılı deyil. Hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür. İqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib. "Zəngilan" Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən "Laçın" və "Kəlbəcər" tankerlərindən fərqli olaraq, "Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi, "Zəngilan"da həm neft, həm də kimyəvi məhsullar daşıyacaq.

3 iyul

  • Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub.

"Üç qardaş" – sarsılmaz tarixi birlik

Azərbaycan və Pakistan əlaqələri hazırda daha da genişləndirilib, hətta qardaş ölkə Türkiyənin iştirakı ilə üçlü müttəfiqlik münasibətinə çevrilib. Belə ki, iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Görüşdə Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. Azərbaycan, Türkiyə və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi qeyd olunub və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyi bildirilib. Azərbaycan, Pakistan və Türkiyə arasında parlament sədrləri, xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatların artıq mövcud olduğu və bu əsnada əvvəllər bir sıra görüşlərin keçirildiyi diqqətə çatdırılıb.

  • Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.
  • Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.
  • Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.

4 iyul

  • Astanada "ŞƏT plyus" formatında görüş keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib.
  • Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının İşgəncənin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına şərh bildirib.

5 iyul

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Şuşada 23 binadan ibarət birinci yaşayış kompleksində və Aşağı Gövhər Ağa məscidində olub, şəhəri gəziblər.
  • Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin, Şuşa sutəmizləyici qurğular kompleksinin, "İsa bulağı" istirahət kompleksinin açılışında iştirak edib.
  • Prezident İlham Əliyev Xocalı Hava Limanında olub.
  • Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub.
  • Xankəndidə əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışı olub.

6 iyul

  • Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub.

Qardaşlıq bağları Şuşada daha da möhkəmlənir

XXI əsrin "Türk əsri" proqnozları özünü doğruldur. Bu, 300 milyonluq türk dünyasının sevinci, fərəhi və zəfəri deməkdir. Bir vaxtlar xəyal kimi görünsə də, türk dünyasının birliyi bu gün reallığa çevrilir. Danılmaz faktdır ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan dövlətlər artıq vahid bir ailədir.

1992-ci ildən davamlı şəkildə keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaradılmış TDT müstəqil türk respublikaları və xalqları arasında təhsil, elm, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, həmçinin turizm də daxil olmaqla bir çox sahələrdə tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platformadır.

Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi tarixi hadisədir. Bu, azad olunmuş ərazilərdə keçiriləcək ilk beynəlxalq səviyyəli mötəbər tədbirdir. Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividendlər vəd edir.

“Respublika”.