Bəşəri problemlərinhəllinə qlobal yanaşma
Ekologiya

Bəşəri problemlərinhəllinə qlobal yanaşma

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il Azərbaycanda keçirilməsi qərarı, hər şeydən öncə, ölkəmizə göstərilən beynəlxalq etimadın nəticəsi, eyni zamanda Azərbaycanın yekdilliklə COP29-a ev sahibliyi Prezident İlham Əliyevin siyasətinin növbəti parlaq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Əlbəttə ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurla sədrlik etməsi ona olan inamın göstəricisidir.

Məlum olduğu kimi, 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupunun öhdəsinə düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Regional Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləməsi uğur əldə etməyimizdə mühüm rol oynadı. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüşdür. 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Sazişi qəbul olunub. COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdəki 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmağa nail olmaqdır. COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək istiqamətində konkret addımlar atmaq üçün önəmli platformadır.

Yer kürəsinin başlıca problemlərindən biri iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşma prosesidir. Xüsusilə XX əsrdən başlayaraq dünyada bu problemlərin həlli istiqamətində müəyyən adımlar atılsa da, ekoloji problemlərin effektiv həlli dünya dövlətlərinin birgə fəaliyyətini zəruri edir. Ümumilikdə COP29-un təşkili dünyanın ekoloji problemlərin həlli istiqamətində birlik sərgiləməsi baxımından önəmlidir. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı apardığı mübarizədəki əzmindən xəbər verir. Ölkəmizin COP29-a ev sahibliyi etməsi bu ilin ən mühüm hadisəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi xarakterizə edilir. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Rəsmi Bakı bununla müsbət ekoloji dəyişmələri yaratmaq istəyən ölkələr üçün nümunəyə çevrilib. Azərbaycan daha "yaşıl" və sağlam gələcəyin qurulması istiqamətində dəyərli addımlar atdığını bir daha təsdiqləyir.

Dünyada enerji istehlakına tələbat artır ki, bu da enerji təchizatı modelinin təkmilləşdirilməsini və dayanıqlılığını tələb edir. Enerji təchizatı zəncirində karbon emissiyasının təsirinin azaldılması və iqlim dəyişmələrinə səbəb olan faktorların qarşısının alınması vacibdir. Dünyanın müxtəlif ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının həcmi artır və bu prosesin yaxın gələcəkdə daha da sürətlənəcəyi proqnozlaşdırılır. Məhz bu çərçivədə "yaşıl enerji" yə olan tələbat durmadan artır. Dünyanın etibarlı enerji təminatçısı olan Azərbaycan da bu sahədə görülən işlərə təkan verir. Yeri gəlmişkən, hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderləri bir araya gətirir və bununla da diqqəti Azərbaycana cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu təsdiqləyir. İyunun 4-də öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimində dövlət başçısı İlham Əliyev COP29-un ölkəmizdə keçirilməsi məsələsini bir daha diqqətə çatdırdı: "Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir, iqlim dəyişmələri üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur".

Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri"ndə öz əksini tapan 5 milli prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bütün bunlar bir daha rəsmi Bakının "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoyduğunu söyləməyə əsas verir. Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsilə bağlı imzalanmış müqavilələr də ölkəmizin "yaşıl enerji"yə verdiyi töhfələrin bariz nümunəsidir.

Qlobal sferada COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı müsbət ab-hava mövcuddur. Dünyanın dörd bir yanından ölkə liderləri Prezident İlham Əliyevə dəstək məktubları ünvanlayırlar. Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan BMT-nin "Sıfır tullantı" üzrə Yüksək Səviyyəli Məşvərət Şurasının ikinci iclasının iştirakçıları qarşısında videokonfrans vasitəsilə çıxışı zamanı da bir daha vurğuladı ki, COP29-un Bakıda keçiriləcək sessiyası mühüm sammit olacaq və onun nəticələri yaddaşlarda qalacaq. Digər tərəfdən, Avropadan da xüsusi dəstək nümayiş olunur. Belə ki, Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərov bildirib ki, Azərbaycanın COP29-a sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülhə və təhlükəsizliyə dəstək verməkdir. Dövlətimizin başçısının tapşırığı ilə iqlim konfransları tarixində ilk olan "COP atəşkəsi çağırışı" üzərində beynəlxalq tərəfdaşlarla iş aparılır.

Nurlan ABDALOV,

"Respublika".