Baş nazir Əli Əsədov
Siyasət

Baş nazir Əli Əsədov "Rosselxoznadzor"un rəhbəri ilə görüşüb

Noyabrın 16-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvertlə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişafı, xüsusilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi qeyd olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə "Rosselxoznadzor" arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu məmnunluqla vurğulanıb.

Bildirilib ki, ötən dövrdə ticarət axını üzrə effektiv nəzarət sisteminin qurulması sahəsində bir sıra ciddi vəzifələrin konstruktiv həlli ilə əlamətdar olub ki, bu da qarşılıqlı ticarətin artmasına imkan verib.

Cari ilin 10 ayı ərzində qarşılıqlı ticarətin həcminin 20 faizdən çox artması müsbət qiymətləndirilib.

Məmnunluqla qeyd edilib ki, 2023-cü ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları və onların emalı məhsullarının ixracı 2022-ci illə müqayisədə dəyər ifadəsində 15 faizdən çox artıb.

Qarşılıqlı tədarük zamanı nəzarət proseslərinin optimallaşdırılması üzrə birgə addımlar müsbət qiymətləndirilib.

Xüsusilə tərəflər Azərbaycandan Rusiyaya bir sıra kənd təsərrüfatı məhsullarının idxalına girişdə nəzarət prosedurlarının sadələşdirilməsinə dair razılaşmanı alqışlayıblar.

Bu, ötən illərlə müqayisədə cari ildə Rusiyaya ixrac edilən məhsullarda aşkarlanan zərərvericilərin sayının xeyli azalmasına gətirib çıxaran birgə tədbirlər sayəsində mümkün olub.

Tərəflər hər iki ölkədə nəzarət sisteminin ekvivalentliyinin tanınması prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə ediblər.

Görüşdə, həmçinin heyvanlarda transsərhəd xəstəliklərlə mübarizə və onların profilaktikası üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu gün Qida Təhlükəsizliyi Agentliyi ilə "Rosselxoznadzor" arasında heyvanlarda transsərhəd xəstəliklərlə mübarizə üzrə birgə tədbirlərə dair Protokolun imzalanmasının əhəmiyyəti qeyd olunub.

Görüşdə Rusiya Federasiyasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov da iştirak edib.