Zirvələrdən uca zəfər
Siyasət

Zirvələrdən uca zəfər

Söz sərkərdənin, qalibin dilində ovxarlı qılınca bənzəyir, himn kimi səslənir. Bax, düz üç il bundan əvvəl Qalib Ali Baş Komandanın "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" sözləri düşmənin bağrına sancıldı, tarixi qələbənin və zəfərin zirvəsinə çevrildi. Şuşanın azad edilməsi böyük hadisə oldu. Bu sözlər sözsüz ki, hər bir azərbaycanlının qəlbində sonsuz sevinc, qürur, zəfər taxtı qurdu, bu kəlmələr otuz illik işğalın acı nəticələrini yaşayan qarabağlıların həyatına, gələcəyinə yeni bir ümid gətirdi, onlarda sabaha dərin inam yaratdı.

Otuz ildən sonra qürurla, qətiyyətlə səslənən bu tarixi sözlər Qələbə, Zəfər simfoniyasını əks etdirir, tariximizin ən şərəfli səhifəsinə bələdçilik edir. Böyük güclərin diqtəsi ilə Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim bu Qələbə nəticəsində tarixin qaranlığına qərq edildi. Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun şücaəti sayəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Yaxşı bilirik ki, Qələbəyə gedən yol asan olmayıb, uzun illər təcavüzkarı müdafiə edənlərin haqsızlığı, münaqişəni dondurmaq cəhdləri, ermənipərəstlik, ikiüzlü siyasət, riyakarlıq, biganə yanaşma Lider tərəfindən qətiyyətlə, yüksək siyasi bacarıqla dəf edildi. Sözü ilə əməli düz gəlməyən, Azərbaycanı gözü götürməyən, onun uğurlarını həzm edə bilməyən siyasi oyunçuları yerində oturdan, demək olar ki, yenidən qurulan, müasir silahlarla təchiz edilən, döyüş qabiliyyətini və peşəkarlığını artıran silahlı qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev düşmənin hərbi təcavüzünün qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması üçün tarixi məqamda düşünülmüş, qətiyyətli və həm də çox güclü bir addım atdı.

İkinci Qarabağ müharibəsi ilə bağlı təhlillər bir daha onu göstərir ki, döyüşlərdə taktiki qələbələrin bir çoxu xüsusi təyinatlı qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatlarını təmin edən, Şuşa şəhərinə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib. Bu müharibədə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələr aktiv şəkildə iştirak edib. Qalib Ali Baş Komandanın hər dəfə qürurla dediyi Hadrut bizimdir, Cəbrayıl bizimdir... sözləri bir himn kimi, qələbə marşı kimi səslənirdi. İnsanlar sel kimi küçələrə axışır, möhtəşəm izdiham dəniz kimi dalğalanırdı. Xalq-rəhbər birliyinin nümayişi olduqca təsirli və qürurlu idi. Sözsüz ki, bu qranit kimi möhkəm birliyin baş memarı və lideri İlham Əliyevdir. Liderimizin rəhbərliyi altında mükəmməl hərbi kadr potensialının formalaşması, müasir hərbi silahlanma, bir sözlə, sarsılmaz hərbi qüdrətimiz, xüsusilə ciddi nizam-intizam, ordunun tam püxtələşməsi, zabit və əsgərlərimizin həm psixoloji, həm də döyüş hazırlığının yüksək səviyyədə olması şanlı Qələbəni xalqımıza yaşatdı.

Düşmən Ermənistan və onun havadarları işğal illərində Qarabağı və Şərqi Zəngəzuru xarabalığa çevirdilər, tarixi-dini abidələrimizi dağıtdılar, təbiətə qəsd etdilər, minlərlə dinc insanın taleyini qara gətirdilər, əcdadlarımızın qəbirlərini təhqir etdilər, alçaq və şərəfsiz olduqlarını göstərdilər. Tək bir şeyi etməyə gücləri çatmadı. Onlar xalqımızın ruhunu, ümidini, birliyini, torpaq uğrunda mübarizəsini işğal edə bilmədilər. İnam və ruh birliyi düşməni sarsıtdı, qorxutdu, qaçmağa məcbur etdi. Savaş meydanında Azərbaycanın igid oğulları, xüsusi təyinatlı qüvvələrimiz Cəbrayıl rayonunun Soltanlı kəndində möhkəmlənmiş erməni ordusu ilə bir həftə gecə-gündüz döyüşdü, az bir qüvvə ilə həmin istehkamları darmadağın etdi, heç kimin ağlına gəlməyən istiqamətdən sıldırım qayalara dırmaşaraq Şuşa şəhərinə daxil oldular. Şuşada əlbəyaxa döyüşdə, yüngül silahlarla işğalçıların topunu, raketini, tankını, əsgərlərini, muzdluları məhv etdilər. Əsgər və zabitlərimiz Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Zəfər tarixini yazdılar. Qəhrəman hərbçilərimiz dünyanın gözü qarşısında çox qısa müddətdə yeni dövrün müharibəsini qələbə ilə başa çatdırdılar.

Qırx dörd günlük müharibənin hər anı, hər dəqiqəsi gücümüzü, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşdik, ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi, yağıları torpağımızdan qovdu. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır. Vətənin bütövlüyü uğrunda, torpaqlarımızın işğalçılardan azad edilməsi üçün həyatını qurban verən, canını fəda edən şəhidlər xalqımızın qürur mənbəyidir. Hər bir şəhidin xatirəsi bütün Azərbaycan xalqının qəlbində yaşayır. Şəhidlər xalqımızın ləyaqətini bərpa etdilər, otuz il işğal altında qalan torpaqları azad edərək millətimizin mənəvi əzabına son qoydular. Şəhidlərin adı əbədi qalır, onların qəhrəmanlığı gələcək nəsillər üçün əsl örnəkdir.

Qələbəni qazananlarla fəxr edir, qürur duyuruq. Daxili Qoşunların xüsusi təyinatlı çavuşu Ümman Baxşəliyev 1992-ci ildə Bərdə rayonunun Mollalı kəndində dünyaya gəlib. İbtidai və orta təhsilini Nəcəfağa Quliyev adına Mollalı kənd orta məktəbində alıb. Ümman 2010-cu il oktyabrın 13-də hərbi xidmətə çağırılıb və Daxili Qoşunların "N" saylı hərbi hissəsində qulluq edib. Əsgərlik xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi xidmətini davam etdirib. Ümmanın döyüş təəssüratları olduqca təsirlidir, ona həyəcansız qulaq asmaq olmur. Şuşaya necə getdikləri haqqında danışır ki, ermənilərin bizim Qırmızı Bazarda olduğumuzdan xəbərləri yox idi. Həmin əraziləri minomyotla vururdular, inanmırdılar ki, ora kimi irəliləyə bilərik. Kəndin ətrafında ağaclıqların içərisində mövqe tutduq. Əlisilahlı erməni hərbçiləri bizi görmədən yanımızdan keçib gedirdilər. Hadrut döyüşlərindən sonra Xocavəndin Tuğ, Böyük Tağlar, Xocalının Çanaqçı, Dəmirçilər kəndlərinin azad edilməsi tapşırığını uğurla icra etdik. Hədəf Şuşa istiqaməti idi. Alınmaz qalaya Daşaltıdan girmək üçün ilk növbədə, Qırmızı Bazar istiqamətində olan yüksəkliklər düşməndən təmizlənməli idi. Noyabrın 3-də artıq Şuşanın lap kənarında idik. Amma meşənin içində olduğumuza görə düşmən bizi görmürdü. Biz isə düşməni çox yaxından müşahidə edə bilirdik. Noyabrın 5-də bütün istiqamətlərdən hücuma keçdik. Şiddətli döyüşlər gedirdi. Mən müşahidə aparan zaman vuruldum. Snayper gülləsi qarşımdakı yoldaşımdan keçib mənə dəydi. Amma bəxtim gətirmişdi, döş cibimdə telefonumun daşı və pulqabım var idi. Güllə həmin daşa dəyib ürəyimdən yayınaraq 7-ci qabırğamın arasında qalmışdı. Hərəkət edə bilmirdim. Məni və digər yaralıları Laçın tərəfdən gələn yolda pusqu quran dəstənin yanına apardılar. Yaralarımızı sarıyaraq meşədə gizləndik. Həmin yerdə düşmənin 100-dən çox canlı qüvvəsi məhv edildi. Şuşa şəhərinin girişində, dağın dibində xeyli sayda erməni leşi var idi. Ermənilərin öz mərmiləri ilə düşmənin 10-dan çox tankını məhv etdik. Şuşa döyüşü iştirak etdiyim əməliyyatlar arasında ən dəhşətlisi idi. Bizim XTQ öz gücünü Şuşada bir daha göstərdi. Sağımız, solumuz, qarşımız düşmən idi. Elə bir mövqedən hücuma keçdik ki, düşmən çaşbaş qaldı.

Bizə qələbə sevinci yaşadan, yurd nisgilimizə son qoyan oğullarımıza eşq olsun, şəhidlərimizə uca yaradandan rəhmət diləyir, qazilərimizlə fəxr edirik. Həlledici qələbədən sonra işğaldan azad edilən ərazilərdə mühüm mərhələ başlayıb. İndi Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər sürətlə davam edir, gücün, xoş niyyətin və iradənin təntənəsi yaşanır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə aparılan tikinti, bərpa və yenidənqurma işlərinin miqyası çox genişdir. Böyük Qayıdış başlayıb, Laçın, Füzuli şəhərlərinə köç karvanları davam edir. Zaman Azərbaycanın xeyrinə işləyir, xalqımız möhtərəm Prezident İlham Əliyevin fədakar fəaliyyətini yüksək qiymətləndirir, birmənalı şəkildə müdafiə edir, Liderimizin rəhbərliyi ilə gələcəyə inamla addımlayır.

Salman ALIOĞLU,

"Respublika".