Baş mühasiblər peşəkarlıq sertifikatına malik olmalıdılar
Digər xəbərlər

Baş mühasiblər peşəkarlıq sertifikatına malik olmalıdılar

Dünyada mühasibatlıq sahəsinə dair tələblərdən biri mühasiblərin peşəkarlıq sertifikatına malik olmasıdır. Mühasiblərin peşəkarlıq sertifikasiyasına cəlbi isə adətən qanunvericiliklə təsbit olunur. Respublikamızda da peşəkar mühasib hüququnu əldə etmək üçün qanunvericiliklə qarşıya müəyyən tələblər qoyulub. Beynəlxalq standartlara uyğun olan bu tələblərə əsasən peşəkar mühasib hüququnu əldə etmək üçün, ilk növbədə, bu sahədə müvafiq sertifikata sahib olmaq lazımdır. Yalnız sertifikat əldə etmiş mühasiblər həmin sertifikatın növünə uyğun peşəkar mühasib xidməti göstərmək hüququna malikdirlər.

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzindən verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"na əsasən respublikamızda sertifikatlaşdırma ikimərhələli imtahanla həyata keçirilir. İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir. Amma peşəkar mühasib sertifikatlarını əldə etmək üçün müraciət etmiş namizədlər beynəlxalq səviyyədə tanınmış sertifikatlara malik olduqları təqdirdə Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara əsasən imtahanın birinci mərhələsindən azad edilirlər. Belə namizədlər yalnız imtahanın ikinci mərhələsində büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə suallara cavab verirlər. Bir məsələ də var ki, mühasiblərin qarşısında hansı imtahanın birinci, hansının ikinci verilməsi ilə bağlı tələb qoyulmur. Yəni mühasib istədiyi mərhələdən sertifikasiya imtahanlarını verə bilər.

Onu da əlavə edək ki, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müddət də sona yaxınlaşır.

Belə ki, iri və orta sahibkarlıq subyektlərinin, paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri 2023-cü il dekabrın 30-dək müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.

İllik maliyyə hesabatlarını və ya birl

əşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin 2023-cü il yanvarın 1-dək işə qəbul edilən, habelə büdcə təşkilatlarının 2023-cü il yanvarın 1-dək işə qəbul edilən baş mühasibləri isə 2024-cü il 30 dekabradək peşəkar mühasib sertifikatı almalıdırlar.

Bununla yanaşı, bir vacib nüansı da vurğulamaq lazımdır ki, Nazirlər Kabinetinin qərarına əsasən illik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslər və büdcə təşkilatları 2023-cü il yanvarın 1-dən sonra müvafiq peşəkar mühasib sertifikatına malik olmayan baş mühasibləri işə qəbul edə bilməzlər.

Bütövlükdə, peşəkar müsahib hüququna malik olmaq zamanın çağırışı olmaqla yanaşı, qanunla qarşıya qoyulmuş tələbdir. Bununla bağlı Azərbaycan qanunvericiliyində müəyyən edilmiş güzəşt və azadolmalar göstərir ki, respublikamızda peşəkar mühasib olmaq istəyənlər üçün hərtərəfli imkanlar və münbit şərait mövcuddur.

Ülvi QARAYEV,

"Respublika".