Saxta təxribatlar ifşa olunur
Digər xəbərlər

Saxta təxribatlar ifşa olunur

"Dünya Qafqazda sülh üçün" ("World for Peace in Caucasus") adlı beynəlxalq kampaniya başladılıb. Kampaniya dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən, yeni elan olunmasına baxmayaraq, ciddi dəstək alıb. Buna dünyanın müxtəlif ölkələrindən 500-dək vətəndaş cəmiyyəti təmsilçisi qoşulub. Xatırladaq ki, avqustun 7-də Ermənistanın dağ-mədən sənayesində ekoloji norma və standartları kobud şəkildə pozması ilə mübarizə məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatları koalisiya yaratdıqlarını bildiriblər. Yarandığı gündən aktiv fəaliyyət göstərən koalisiya xarici qurumlara Ermənistanın bölgədə apardığı terror siyasəti ilə bağlı bəyanat ünvanlayıb.

Adı "Jotform" olan beynəlxalq platformada yerləşdirilən müraciətdə Laçın yolu "blokadası"  dezinformasiyanın yayılması ilə bağlı narahatlıqlarını bildiriblər. Müraciətdə beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı başlatdığı "blokada" və ya "humanitar böhran" haqqında dezinformasiya kampaniyasını rədd etməyə çağırılıb. Bu təxribatların Cənubi Qafqazda sabitliyin qorunmasına təhlükə yaratdığı bildirilib. Və Azərbaycanın Ağdam-Xankəndi yolundan sonra Laçın yolundan da humanitar yardım çatdırılması üçün istifadə təklifi alqışlanıb.

Qeyd edək ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə dialoq üçün onları Bakıya dəvət edib. Lakin onlar dialoqdan imtina ediblər. Bütün bunlar, bir daha göstərir ki, Ermənistan tərəfi sülhə maraqlı deyil. Lakin Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 29 avqust 2023-cü il tarixində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə 40 ton un göndərilməsi Qızıl Aypara Cəmiyyətinin qərəzsiz, həmçinin də humanist yanaşmasının göstəricisidir.

Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır. Qızıl Aypara Cəmiyyətinin yardım maşınlarına qarşı süni maneə yaradılması təəssüf doğurur. Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymamaları tövsiyə edilir.

Beynəlxalq Ədalət Məhkəməsi bu yaxınlarda Er

mənistanın müstəsna olaraq, Azərbaycanın suveren ərazilərində yerləşən Laçın sərhəd-keçid məntəqəsinin ləğvi ilə bağlı tələbini rədd edib. Ermənistanın ucuz siyasi manipulyasiya şousunu beynəlxalq QHT-lər də görür, ermənilər öz yalan iddiaları ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək istəsə də, gerçəklər açıq-aydındır.

Azərbaycan sülh tərəfdarıdır və bu mövqedən çıxış edir. Ağdam-Xankəndi yolu vətəndaşların gediş-gəlişini təmin edən əsas yol kimi mühüm rol oynayır. Bu yol Laçın yolundan fərqli olaraq serpantin deyil. Bu cəhətdən buranın böyük bir önəmə malik olduğunu vurğulamaq lazımdır. Ermənilərə bu yolun təklif edilməsi Azərbaycan dövlətinin humanist, tolerant yanaşmasının ifadəsidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".