Azərbaycanın xarici siyasətinin əsas prioriteti
Siyasət

Azərbaycanın xarici siyasətinin əsas prioriteti

Uzun illər bəzi ölkələr türk dövlətlərinə arzuolunmaz region kimi baxırdılar. Çünki onlar türk dünyasının birləşəcəyindən və bu gücdən qorxurdular. Lakin bunun qarşısını ala bilmədilər. Bu birliyin təmin olunmasında xalqımızın ümummilli lideri Heydər Əliyev siyasəti xüsusi önəm kəsb edir. Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmamış, eyni zamanda bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda, bütövlükdə Türk dünyasında dərin iz buraxmışdır.

Azərbaycanın milli liderinin türk dünyasının qarşılıqlı əlaqələri, yüksəlişi strategiyasını Azərbaycan Prezidenti İlham Əliyev sonrakı mərhələlərdə uğurla davam etdirdi. O, türk dövlətləri arasındakı qarşılıqlı əlaqələrin genişlənməsi, türk dünyasının müasir dünyada özünəməxsus yer tutması uğrunda çağdaş dövrün türk lideri olaraq böyük xidmətlər göstərir. 

Həm iqtisadi potensialına, həm mədəni-tarixi keçmişinə, həm də coğrafi mövqeyinə görə türkdilli ölkələr arasında Azərbaycan kifayət qədər önəmli yer tutur. Ölkəmiz həmçinin təşəbbüskarı olduğu layihələrlə türk birliyini daha da gücləndirib və yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin davamlı şəkildə gücləndirilməsi, yeni əməkdaşlıq əlaqələrinin yaradılması prioritetdir. Döyüş meydanında qazandığımız qələbə həm də türk dünyasının qələbəsi kimi tarixə düşdü. 

İstər 2006-cı ilin sentyabrında Antalyada keçirilən türkdilli dövlətlərin və cəmiyyətlərin X, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verdi. Məhz bu qurultaylarda qəbul olunan qərarların nəticəsi kimi, 2009-cu ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının I sammiti Bakıda keçirildi. 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX Zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində atılan mühüm addım oldu. Məhz bu Zirvə görüşündə əldə olunan razılıq əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradıldı və Qazaxıstanda 2011-ci ildə Birinci Zirvə görüşü keçirildi. Bütün bunlar türk birliyi istiqamətində atılmış addımların sistemli xarakter aldığını sübut edir.

Türk respublikaları arasında siyasi-mədəni inteqrasiyanın humanitar əsaslarını Türk Dövlətləri Birliyinin yaradılmasının tarixi-siyasi zərurətindən və ideya konseptuallığından çıxış edilməsi; Birliyin siyasi ideologiyasının təşəkkülü; İnteqrasiya proseslərinin təşkilatlanmasının fundamental prinsiplərinin müəyyən edilməsi; Vahid siyasi-mədəni məkanın linqvistik-kulturoloji platformasının hazırlanması; Mədəniyyət və sivilizasiya dəyərlərinin konvergensiyası; Türk millətlərinin vahid və universal dövlətçilik ənənələrinə söykənməsi; Türk siyasi əxlaqının və qabiliyyətinin dar məkanda deyil, bütövlükdə genişmiqyaslı Türk Geopolitik Regionunda optimallıq qazanmasının təsdiqi; Türk Dövlətləri Birliyinin yaradılması ideyasının türksoylu xalqlar arasında geniş şəkildə təbliği kimi məsələlər təşkil edir.

31 mart 2021-ci il və 16 mart 2023-cü il tarixlərində TDT-nin növbədənkənar Zirvə görüşləri baş tutdu.

Onu da qeyd edək ki, bu günə qədər keçirilmiş bütün Zirvə görüşlərində tərəflər keçmiş Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb və münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işlərinə töhfə verməyə hazır olduqlarını bildiriblər. 2019-cu il oktyabrın 15-də Bakı şəhərində TDT-nin VII Zirvə görüşü keçirildi və Özbəkistanın təşkilata üzvlüyü bu görüşdə təsdiq edildi. Həmçinin Zirvə görüşündən bir gün əvvəl Biznes Forum təşkil olundu. Həmin Zirvə görüşündən sonra təşkilata sədrlik növbəti Zirvə görüşünədək Azərbaycan Respublikasına keçdi.

Ümumiyyətlə, son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Ölkəmiz həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amalına sadiq qalacaq. Bu gün Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir.

Röya RÜSTƏMLİ,

"Respublika".