AZƏRBAYCANIN UĞURLARINA SEVİNİR, QÜRUR DUYURUQ
Diaspora

AZƏRBAYCANIN UĞURLARINA SEVİNİR, QÜRUR DUYURUQ

44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, böyük zəfərdən sonra müstəqil Azərbaycan bütün dünyada qalib, güclü, qüdrətli dövlət kimi tanındı. Keçən ilin sentyabr ayında 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi, ərazi bütövlüyü tam bərpa olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çağdaş tariximizə qızıl hərflərlə yeni, parlaq səhifə yazıldı. Odlar Yurdu davamlı inkişaf, sürətli tərəqqi, misilsiz yüksəliş mərhələsinə qədəm qoydu.

Bu gün Azərbaycanın hər bir guşəsində sevinc sevincə, bayram bayrama qarışır. İşğaldan azad edilmiş torpaqlarımızda nəhəng tikinti, quruculuq, bərpa işləri görülür. Doğma, əzəli yurdlarından zorla çıxarılmış soydaşlarımızın sonsuz arzuları gerçəkləşir, 30 ildən artıq həsrətində olduqları Qarabağda, Şərqi Zəngəzurda ata-baba ocaqlarına qayıdırlar.

Qarabağın tacı olan Şuşa qəhrəmanlıq, zəfər, sülh şəhəri kimi tanınır. Dünyanın tanınmış, nüfuzlu dövlət rəhbərləri, görkəmli siyasətçilər, beynəlxalq qurumların təmsilçiləri Şuşada və Qarabağın digər rayonlarında dövlətimizin başçısı ilə görüşür, uzun illər ərzində torpaqlarımızı xarabazara çevirmiş erməni vandalizminin şahidi olurlar.

Qədimliyin, müasirliyin qovuşduğu məkan kimi tanınan Şuşada VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasiminin keçirilməsi, Belarus prezidenti Aleksandr Lukaşenkonun Füzuli rayonuna və Şuşa şəhərinə səfər etməsi yenidən dünyanın diqqətini Qarabağın tarixi paytaxtına yönəltdi.

Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlanması, yüksək bayram əhvali-ruhiyyəli çal-çağırlı günlərin qayıdışı təkcə ölkəmizdə deyil, vətəndən uzaqlarda yaşayan soydaşlarımızı da ürəkdən sevindirir. Onlar ölkə Prezidentinin rəhbərliyi ilə aparılan nəhəng quruculuq, bərpa işlərindən məmnunluq ifadə edirlər.

Həmsöhbətim Nəsib Əliyev 1968-ci il fevral ayının 1-də Lerik rayonunun Nücü kəndində dünyaya göz açıb. Atası Simran kişi zəhmətkeş, halal insan kimi el-obada tanınır. Nüfuzlu ağsaqqal, böyük hörmət, nüfuz sahibidir. Nəsib də uşaqlıqdan əməyə, zəhmətə alışıb. 24 il əvvəl taleyini Rusiya Federasiyasının Kalininqrad şəhərinə bağlayıb. Orada diasporumuzun fəallarından biridir. Uzaq diyarda yaşasa da qəlbi Vətənlə döyünür, müstəqil Azərbaycanın misilsiz qələbələri, dünya miqyasında qazandığı uğurları ilə fəxr etdiyini, sevindiyini bildirir:

- Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində əsrə bərabər inkişaf yolu keçib. Dövlətimizin başçısının siyasət aləmində uğurları təkcə Rusiyada deyil, dünyanın əksər ölkələrində yüksək qiymətləndirilir. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizin razılığı olmadan heç bir beynəlxalq layihənin həyata keçirilməsi mümkün deyildir.

Bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində aparılan müzakirələr, səsləndirilən fikirlər tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.

Füzuliyə və Şuşaya səfər edən Belarus prezidenti erməni barbarlığının şahidi oldu, cəmi 3 il yarım ərzində Azərbaycan Prezidentinin reallaşdırdığı nəhəng layihələri, aparılan genişmiqyaslı tikinti, quruculuq işlərini yüksək qiymətləndirdi. Görüş zamanı dövlət başçısı İlham Əliyev Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında iştirak etməyə dəvət etdi. Qeyd olundu ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. A.Lukaşenko da öz növbəsində Azərbaycana dəstək verməyə, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduqlarını bildirdi. Bu işgüzar səfər iki ölkə arasında əsl dostluğun nümunəsi kimi hər birimizi sevindirir. Azad olunmuş ərazilərin bərpasında Belarusun iştirak etmək istəyi uzaq Kalininqrad diyarında yaşayan soydaşlarımızda məmnunluq doğurur.

"Şuşada VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalını, "Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasimini də televiziya vasitəsilə diqqətlə izlədik", - deyə Nəsib Əliyev söhbətini davam etdirir. Bu cür festivallar xalqları, mədəniyyətləri bir-birinə daha da yaxınlaşdırır. Bu möhtəşəm tədbirdə Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyədən olan musiqi kollektivləri də iştirak edirdi. "Xarıbülbül" musiqi festivalı dünyanın ayrı-ayrı qitələrində yaşayan xalqları bir araya gətirmişdi.

Azərbaycan Prezidenti bu möhtəşəm tədbirdə çıxışında bildirdi ki, işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda eyni zamanda qəhrəmanlıq, zəfər və sülhün rəmzidir.

Əvvəlki festivallardan fərqli olaraq builki "Xarıbülbül" festivalında Şuşa həm də İslam dünyasının mədəniyyət paytaxtı elan olundu. O gün müsəlman ölkələrinin musiqi kollektivləri Cıdır düzündə öz peşəkarlıqlarını, yüksək sənətkarlıqlarını nümayiş etdirdilər. "Xarıbülbül" festivalının səsi-sorağı ölkəmizin sərhədlərindən uzaqlara yayıldı.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri, ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə mühüm sosial və strateji obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirakı, Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı mərasimləri Şərqi Zəngəzurun sürətli inkişafından, parlaq gələcəyindən soraq verir. Azərbaycanın dilbər guşəsi olan Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin gücünü, qüdrətini bütün düyaya nümayiş etdirir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".