Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Civil":Azərbaycan üçün etibarlı tranzit marşrutu Gürcüstandan keçir

"Civil" xəbər saytı yazır ki, dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda Azərbaycan və Gürcüstanın Avropada vahid, strateji əhəmiyyətli komanda olduğunu bildirib: "Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü - hər iki ölkəni Avropada vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi", - deyə İlham Əliyev vurğulayıb. Azərbaycan Prezidentinin sözlərinə görə, o, tez-tez Gürcüstana gəlir, Gürcüstanın Baş naziri isə Azərbaycana səfər edir və bu görüşlərdə mühüm məsələlər müzakirə olunur: "Biz Gürcüstanın Avropa İttifaqına daxil olmaq istəyini tam başa düşürük. Bu işdə gürcü dostlarımıza uğurlar arzulayıram və Gürcüstanı statusun verilməsi münasibətilə təbrik edirəm", - deyə Azərbaycan Prezidenti bildirib.

"ACE Consultants": Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində Böyük Britaniya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

"ACE Consultants" xəbər verir ki, Azərbaycan energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlama verib. O bildirib ki, Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində Böyük Britaniya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. Azərbaycan neft və qazla zəngin ölkə kimi enerji keçidini həyata keçirməyə çalışır.

"Bu gün bərpaolunan enerji mənbələri, enerji keçidi kimi məsələlər çox aktualdır, bunun üçün müvafiq qanunlar qəbul edilib, hazırda böyük layihələr həyata keçirilir. Bu sahədə Böyük Britaniya da bizim üçün mühüm tərəfdaşdır. Bundan başqa, BP neft-qaz sektorunda aparıcı tərəfdaşımızdır. Biz bu istiqamətdə əməkdaşlığımızı davam etdirmək istəyirik", - deyə Şahbazov qeyd edib.

Nazir, həmçinin Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın da  yüksək səviyyədə olduğunu vurğulayıb.

"BBC NEWS": Azərbaycan və Ermənistan sülh sazişi üzərində işləyir

Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması istiqamətində hərəkət edəcəklərini və saxlanılan hərbçiləri dəyişdirəcəklərini bəyan ediblər.  Bu barədə "BBC News" xəbər verib. Bildirilib ki, cümə axşamı gecəsi yayımlanan birgə bəyanatda iki ölkə "çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı" fikrini bölüşüblər.

Xəbərdə Şarl Mişelin yaydığı açıqlama da yer alıb. Avropa İttifaqının sədri bu addımı "Ermənistan-Azərbaycan münasibətlərində böyük irəliləyiş" adlandırıb.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin aparatının birgə yaydığı açıqlamada qeyd olunub ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini və Ermənistan Respublikası 2 azərbaycanlı hərbçini azad edir. Həmçinin xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyib.

"Euronews":Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılması və əsirlərin mübadiləsi ilə bağlı razılığa gəliblər

"Euronews" xəbər saytı Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatının birgə açıqlaması barədə məlumat yayımlayıb. Məlumatda Azərbaycan və Ermənistan üçün regionda çoxdan gözlənilən sülhün əldə olunması istiqamətində tarixi fürsətin yarandığı qeyd olunub. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkənin etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

"Vestnik Kavkaza": Bir sıra dövlət və təşkilatlar Azərbaycanla Ermənistanın birgə yaydığı bəyanatı alqışlayıblar

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı birgə açıqlama yayıb.

"Vestnik Kavkaza" xəbər verir ki, birgə bəyanata əsasən  iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Belə ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında hərbi əsirlərin mübadiləsi razılaşdırılıb.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir.

İki dövlət arasında ilk dəfə gerçəkləşən birgə bəyanat dünyanın bəzi dövlətləri və qurumları tərəfindən alqışlanıb. Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel, Almaniya və s. ölkələr,  ali beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistanın birgə yaydığı açıqlamanı alqışladıqlarını bildirərək bunun sülh prosesində yeni dövrün başlanğıcı olacağını hesab edirlər.

"Respublika".