Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

Anadolu Agentliyi: Azərbaycan və Özbəkistan ikitərəfli münasibətləri gücləndirmək barədə razılığa gəliblər

Ötən gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində bir sıra əməkdaşlıq müqavilələri imzalanıb.

Türkiyənin nüfuzlu "Anadolu Agentliyi" xəbər verir ki, tərəflər  Avrasiya regionunu əhatə edən strateji əhəmiyyətli ticarət marşrutu olan Orta Dəhliz üzrə əlaqələri gücləndirmək və yükdaşımalarını artırmaq məsələlərini müzakirə ediblər.

Görüşdə, həmçinin Orta Dəhliz üzrə yükdaşımaların və tranzitin artırılması vurğulanıb, Bakıda və digər üçüncü ölkənin limanlarında logistika və liman infrastrukturunun inkişafı üçün birgə logistika şirkətinin yaradılması barədə razılıq əldə olunub.

 

"Hungary Today": Azərbaycanla enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Macarıstanın məşhur "Hungary Today" xəbər saytı Azərbaycan Prezidenti İlham Əliyevin Baş nazir Viktor Orbanın Karmelit Monastırındakı ofisində görüşü barədə məlumat yayımlayıb.

Məlumatda tərəflərin enerji təchizatı, təhlükəsizlik, xüsusən də Ukraynadakı müharibə və iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilib. Əsas diqqətin enerji təchizatı məsələlərinə yönəldildiyi də xəbərdə öz əksini tapıb. Bundan başqa, ikitərəfli strateji əməkdaşlığın uzun müddətdir davam etdiyi, iqtisadi və ticarət əlaqələrinin son vaxtlar daha da sürətləndiyi də qeyd edilib.

Bununla yanaşı, əməkdaşlığın tamamilə yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Nazir Azərbaycanın gələcəkdə Avropanın qaz təchizatının təhlükəsizliyində mühüm oyunçu olacağının indi hər kəsə aydın olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu il Cənubi Qafqaz ölkəsindən Macarıstana 100 milyon kubmetr təbii qazın tədarükü ilə bağlı müqavilə artıq başa çatıb. Gələcəkdə bu həcmin bir milyard kubmetrə qədər arta biləcəyi bildirilib. Əlavə olaraq, Macarıstan şirkətlərinin müharibədən sonra Qarabağ regionunun yenidən qurulmasında iştirak etmək imkanının əməkdaşlığa təkan verəcəyi də məlumatda yer alıb.

 

"UZ Daily": Bakıda Özbəkistan Prezidentinin təntənəli qarşılanma mərasimi olub

Avqustun 22-də Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Prezident İlham Əliyevin geniş tərkibdə görüşü keçirilib.

Özbəkistanın rəsmi "UZ Daily" xəbər portalında bu barədə yazı dərc olunub. Bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Liderlərin görüşü başa çatdıqdan sonra isə Azərbaycanla Özbəkistan arasında sənədlərin imzalanması mərasimi olub.

Yazıda həmçinin qeyd olunub ki, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın şərəfinə dövlət ziyafəti verilib. Təşkil olunan mərasimdə Azərbaycan və Özbəkistan musiqilərindən nümunələr səsləndirilib.

 

Özbəkistan və Azərbaycan nümayəndə heyətləri arasında geniş tərkibdə danışıqlar baş tutub

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar iki ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Bu barədə Özbəkistan Respublikasının Hökumət Portalı məlumat yayıb.

Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi və çoxşaxəli əməkdaşlığın, ilk növbədə siyasi, ticari-iqtisadi, nəqliyyat-kommunikasiya və mədəni-humanitar sahələrdə inkişaf etdirilməsi məsələləri müzakirə edilib. Özbəkistan Prezidenti görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib. Prezidentlər ötən gün Özbəkistanın və Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə keçirilən Biznes Forumun nəticələrini yüksək qiymətləndiriblər. Ticarət və sənaye əməkdaşlığında dinamik artım məmnunluqla qeyd olunub.

Sənaye kooperasiyasının inkişafından danışan prezidentlər enerji, metallurgiya, mədənçıxarma, maşınqayırma, elektrotexnika, tekstil, əczaçılıq, aqrar-sənaye və digər sahələrdə mühüm layihələrin birgə həyata keçirilməsinə dair əldə olunan razılaşmaların əhəmiyyətini qeyd ediblər. Bu cür layihələrin dəstəklənməsi üçün yaradılmış müştərək İnvestisiya fondlarının fəal inkişafının vacibliyi qeyd edilib. Regionlararası əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə sənaye potensialı nəzərə alınmaqla yeni əməkdaşlıq layihələrinin təşviqi üçün regional administrasiya rəhbərlərinin birbaşa əlaqələrinin qurulması və mütəmadi görüşlərinin təşkili dəstəklənib. İki ölkə liderləri nəqliyyat və tranzit sahələrində əməkdaşlığın inkişafını strateji cəhətdən əhəmiyyətli adlandırıblar. Ötən il Bakı limanı vasitəsilə Özbəkistan yüklərinin daşınma həcmi təxminən iki dəfə artıb. Özbəkistan Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən istifadə etməklə yükdaşımaları daha da artırmaq niyyətindədir.

Mədəni-humanitar əlaqələrin gücləndirilməsi, xüsusilə mədəniyyət və kino günlərinin, yaradıcı və elmi ziyalıların, gənclər təşkilatlarının görüşlərinin keçirilməsi ilə bağlı bir sıra digər razılaşmalar da əldə olunub. Görüşün yekunu üzrə dövlət başçıları əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsi üçün bir sıra tədbirlər planının hazırlanması və mexanizmlərin yaradılması ilə bağlı tapşırıqlar veriblər.

 

Hraparak: İranın Baş Qərargah rəisi Zakir Həsənova zəng edib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyin Baqeri ilə telefon danışığı aparıb.

Bu barədə Ermənistanın Hraparak nəşri məlumat yayıb. Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Z.Həsənov və Baqeri iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.

"Respublika".