Azərbaycanın regiondakı əhəmiyyətinin növbəti göstəricisi
Siyasət

Azərbaycanın regiondakı əhəmiyyətinin növbəti göstəricisi

Ölkəmiz beynəlxalq platformalarda öz fəallığı ilə seçilir, regional və qlobal əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Məlum olduğu kimi, növbəti ildə GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək.

Demokratiyanın təşviqi, regional təhlükəsizliyin gücləndirilməsi və davamlı inkişafın genişləndirilməsi istiqamətində işlər görən platformaya növbəti dəfə sədrlik etmək Azərbaycanın beynəlxalq aləmdəki əhəmiyyətini bir daha təsdiqləyir. Xatırladaq ki, sözügedən təşkilatın beynəlxalq əlaqələr sistemində rolu getdikcə artır.

Digər adı Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat olan GUAM 1997-ci il oktyabrın 10-da yaradılıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova qurumun üzvləridir. Təşkilatın əsas məqsədi dünyada demokratiyanın möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının, təhlükəsizliyinin, sabitliyin təmin olunmasıdır. Bundan başqa, GUAM quruma üzv dövlətlərə onların suverenliyinə, ərazi bütövlüyünə və azadlığına təhdid yaradan problemlərin aradan qaldırılması, demokratik islahatların həyata keçirilməsi, regionun iqtisadi inkişafını çətinləşdirən, Avropaya inteqrasiyaya mənfi təsir göstərən münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq təklif edir. Beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm və həmçinin bununla bağlı digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi də GUAM-ın prioritetlərindən hesab olunur. Bütün bunları nəzərə alsaq, Azərbaycanın sülhsevər ölkə kimi təşkilatın uğurlarında imzasının olduğunu söyləyə bilərik. Azərbaycanın GUAM-a ilk sədrliyi 2007-ci ildə reallaşıb. Bakıda "GUAM: qitələri birləşdirərək" şüarı altında baş tutan Zirvə toplantısı nəinki qurumun inkişafının uzunmüddətli istiqamətlərini müəyyən edib, hətta onun institusional cəhətdən möhkəmlənməsinə də öz müsbət təsirini göstərib.

Dövlətimizin GUAM-a ilk sədrlik dövrü üzv dövlətlərlə yanaşı, təşkilatın beynəlxalq mövqeyinin möhkəmlənməsində də mühüm rol oynayıb. Respublikamızın sədrliyi dövründə görülən işlər bunu söyləməyə əsas verir. Belə ki, Bakı Zirvə toplantısından sonra Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası, GUAM-ABŞ və GUAM-Polşa, Vilnüsdə GUAM-ın onilliyinə həsr olunmuş Zirvə toplantısı, Vaşinqtonda GUAM-ABŞ və s. kimi görüşlərin keçirilməsi də ölkəmizin uğurları sırasındadır. Azərbaycanın quruma 2012, 2016-cı illərdə sədrlik dövrləri də zəngin fəaliyyət mexanizmi ilə yadda qalıb.

Respublikamız sonuncu dəfə 2020-ci ildə təşkilatın sədri olub. Qlobal pandemiyanın tüğyan etdiyi mürəkkəb şəraitdə də uğurlu fəaliyyət göstərib. Belə ki, COVID-19 infeksiyasının sürətlə yayılmasına baxmayaraq, həmin il təşkilatın 30-dan çox tədbiri baş tutub. Azərbaycanın sədrliyi ilə GUAM-ın işçi qrupları və mütəxəssisləri beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb edən sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün görüşlərini onlayn formatda keçiriblər. Həmin tədbirlərdə Azərbaycanın regional əməkdaşlığın dəstəkçisi olduğu bir daha öz təsdiqini tapıb. Ölkəmizin bölgədə mehriban qonşuluq münasibətlərinin və sabitliyin möhkəmləndirilməsində, iqtisadi-ticari əlaqələrin gücləndirilməsi üçün əlverişli şəraitin yaradılmasında atdığı addımlar yüksək qiymətləndirilib. Bundan öncəki sədrlik dövründə ticarətlə yanaşı, nəqliyyat və kommunikasiya kimi perspektivli sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün bir sıra işlər görülüb. Təşkilat üçün vacib layihələrdən olan GUAM Nəqliyyat Dəhlizinin reallaşdırılması məsələsinin gündəmə gətirilməsi də bu qəbildəndir.

Şübhəsiz, Azərbaycanın növbəti il reallaşacaq sədrliyi də GUAM-a üzv dövlətlərin müxtəlif sahələrdə tərəqqisinə, eləcə də təşkilatın daha da nüfuz qazanmasına əlverişli şərait yaradacaq. Ehtimal olunur ki, prioritet istiqamətlər əvvəlki illərlə eynilik təşkil edəcək. Xatırladaq ki, Azərbaycanın 2020-ci ildə Demokratiya və İqtisadi İnkişaf uğrunda Dəstək Təşkilatına sədrliyi dövründə əsas prioritetlər enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olmuşdur.

Nəzrin ELDARQIZI,

"Respublika".