Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert
Mədəniyyət

Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert

Dekabrın 2-dən 5-dək Azərbaycanda Qazaxıstan Respublikasının Mədəniyyəti Günləri keçirilir.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində qazaxıstanlı rəssamların əsərlərindən ibarət sərgi və bu ölkənin incəsənət ustalarının qala-konserti keçirilib.

Sərginin ekspozisiyasında müxtəlif janrlarda və üslublarda işləyən qazaxıstanlı rəssamların nadir əsərləri nümayiş olunur.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib ki, sərgi ortaq kökləri, böyük keçmişi ilə haqlı olaraq fəxr edən, birgə səylərlə layiqli gələcək quran, təkcə öz ölkələrində deyil, bütün regionda sülh və firavanlığa can atan iki xalqın dirçəlişinin mənəvi vizuallaşdırılmasıdır.

Bu gün rəssamların gözü ilə təmsil olunan mənəvi sərvətin sözlə ifadə edilə bilməyəcəyini qeyd edən nazir deyib: "O əsərləri ürəklə görmək lazımdır. Ekspozisiyada təsviri incəsənətin ənənəvi formaları ilə yanaşı, yeni instalyasiya növləri, doqquz qazaxıstanlı müəllifin art-obyektləri təqdim olunur. Hər əsər özünəməxsusdur və maraqlıdır. Əminəm ki, bugünkü sərgi iki qardaş xalqın mənəvi yaxınlaşması missiyasını yerinə yetirəcək".

Sonra qonaqlar zəngin ekspozisiya ilə tanış oldular. Tanışlıq zamanı Milli Məclisin sədri Sahibə Qafarovaya Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvanın təsvir olunduğu xalça hədiyyə edilib.

Tədbir mədəniyyət naziri Adil Kərimlinin, Milli Məclisin sədri Sahibə Qafarovanın, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin, deputatların, səfirlərin və Azərbaycanın mədəniyyət xadimlərinin qatıldığı qala-konsertlə davam edib.

"Bu günlərdə Odlar Yurdu - Azərbaycan təkcə ümumi kökləri deyil, həm də mehriban qonşuluq və dostluğun yeni cəhətlərini kəşf edərək, qardaş qazax xalqının mənəvi dünyasına qərq olub. Bu, təkcə bu ilin ən mühüm hadisələrindən biri deyil, ölkələrimizin son dövrdə dövlət başçılarımızın iradəsi və səyləri sayəsində mümkün olan siyasi, sosial-iqtisadi və mədəni-humanitar yaxınlaşmasının məntiqi nəticəsidir", - deyə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva konsertdən əvvəl bildirib.

Azərbaycanın Qazaxıstanla münasibətlərə böyük önəm verdiyini qeyd edən nazir xalqının bu sevgi və mehribanlığı qiymətləndirdiyini və ona qarşılıq verdiyini diqqətə çatdırıb: "Azərbaycan bizim üçün mehriban qonşu, sadiq dost və qardaşdır, onu bizdən yalnız Xəzər ayırır. Azərbaycan daim qəlbimizdə olub və bundan sonra da belə qalacaq".

Qazaxıstanın və Azərbaycanın ortaq Türk dünyasını birlikdə inkişaf etdirdiyini və möhkəmləndirdiyini deyən Aida Balayeva burada keçirilən Qazaxıstan mədəniyyəti günlərinin də bu işdə mühüm rol oynadığını qeyd edib: "Azərbaycanlılar Mədəniyyət günləri çərçivəsində keçirilən bütün tədbirlərdən əsl estetik zövq alıblar. Mədəniyyət və incəsənət sahəsində qarşılıqlı əməkdaşlığımızın böyük potensiala malik olduğuna əminlik yarandı".

Nazir, həmçinin iki ölkə arasında mövcud mədəni-yaradıcı dialoqun öz məntiqi davamını tapacağına əminliyini ifadə edib.

Daha sonra Qazaxıstanın Xalq artisti Roza Rımbayeva, "Kurmet" ordeninin kavaleri Zarina Altınbayeva, eləcə də Qazaxıstanın əməkdar simaları qazax və Azərbaycan kompozisiyalarını tamaşaçılara təqdim ediblər.