Rəşt-Astara dəmir yolunun tikintisi yaxın illərdə başa çatacaq
İqtisadiyyat

Rəşt-Astara dəmir yolunun tikintisi yaxın illərdə başa çatacaq

Rəsmi Tehran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir parçası olan Azərbaycan və İran Astarasını birləşdirəcək Rəşt-Astara dəmir yolu xəttinin inşasını beş ilə sona çatdırmağı hədəfləyir. Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Hədami məlumat verib. O, bildirib ki, əgər maliyyə vəsaiti təmin olunarsa, yolun qalan 162 kilometrlik hissənin tikintisi 5 il ərzində başa çatdırıla bilər. Nazir onu da qeyd edib ki, tikinti üçün vəsait Rusiya tərəfindən ödəniləcək.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin aparıcı seqmenti olan Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt dəmir yolunun davamıdır. Yolun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. Rəşt-Astara hissəsində isə tikinti işləri davam edir. Asiyadan Avropaya daşınan yüklərin İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınması nəzərdə tutulur. Rəşt-Astara dəmir yolu İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirən bir layihədir. Astaraçay üzərində İran ilə Azərbaycan birgə yeni dəmir yolu körpüsü tikərək istifadəyə verilməsi ilə İranla dəmir yolu əlaqəsi yarandı. Rəşt-Astara dəmir yolu xətti istifadəyə verildikdən sonra isə yük qatarları Rusiyadan İran və əks istiqamətə Azərbaycan ərazisindən tranzit olaraq keçəcək. Sözügedən layihə yekunlaşandan sonra Hindistan və İrandan, o cümlədən digər istiqamətlərdən gələn yüklər ölkəmizin ərazisindən keçməklə "Qoca qitə"yə daha sürətlə daşınacaq. Bundan əlavə, dəmir yolu işlək vəziyyətə düşdükdən sonra İran limanlarının da yükötürmə qabiliyyəti artaraq 15 milyon tona çatacaq. Eyni zamanda Xəzər limanlarının, Fars limanına və Oman dənizinə birləşdirilməsi imkanları da yaranacaq. Bununla da qeyd edilən nəqliyyat dəhlizinin mühüm marşrutlarından biri istifadəyə veriləcək. Layihənin tamamlanması üçün Rusiya beş yüz milyon dollar kredit ayırıb. Buna başlıca səbəb olaraq Rusiya-Ukrayna müharibəsi fonunda dünyada yaranan mürəkkəb geosiyasi vəziyyəti göstərmək olar. Artıq iki ilə yaxındır davam edən müharibə Rusiyanın Şimal-Cənub dəhlizinə olan marağı daha da artırıb. Çünki rəsmi Moskva sözügedən nəqliyyat dəhlizini yükdaşımaların tez və təhlükəsiz həyata keçirilməsi üçün əsas istiqamət sayır. Rəşt-Astara dəmir yolu xəttinin istismara verilməsi yük daşımaların həm ucuzlaşmasına, həm də mənzil başına daha tez çatmasına səbəb olacaq.

Xatırladaq ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Rusiya, İran və Hindistan arasında 2000-ci ilin 12 sentyabrında Sankt-Peterburqda razılaşma olub. Qeyd olunan ölkələr daxili prosedurlardan keçdikdən sonra müqavilə 21 may 2002-ci il tarixdən qüvvəyə minib. Azərbaycan 2005-ci ilin sentyabr ayında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında sazişə qoşulub.

Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən dəhliz tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin dinamik inkişafına şərait yaradacaqdır.

Azərbaycanın İranla reallaşdırması gündəmdə olan digər layihələrdən biri də ölkəmizdən İran ərazisindən keçməklə Naxçıvana yol çəkilməsidir. Artıq bununla bağlı cənub qonşumuzla razılıq əldə olunub. Həmin yolun ölkəmiz üçün dvidendləri çox böyükdür. Burada ən vacib məqam odur ki, İran ərazisindən keçən yollar, həm avtomobil, həm də dəmir yolu   vasitəsilə Naxçıvanla əlaqəni təmin edəcək və bununla da muxtar respublikanın blokadasına son qoyulacaq, habelə, respublikamızın tranzit imkanları genişlənəcək.

Musa BAĞIRLI,

"Respublika".