Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır
İqtisadiyyat

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

Qazaxıstan, Azərbaycan və Özbəkistan energetika sistemlərinin inteqrasiyası və Avropa İttifaqı ölkələrinə yaşıl enerjinin tədarükü üçün Xəzər dənizinin dibi ilə yüksəkvoltlu kabelin çəkilməsi üzrə layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə başlayıblar.

"Respublika" xarici mətbuata istinadla xəbər verir ki, bu barədə mayın 10-da keçirilən brifinqdə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib.

Qazaxıstanlı nazir vurğulayıb: “Təmiz elektrik enerjisi almaqda maraqlı olduqlarını bildirən Aİ ölkələri ilə ilkin işlər aparılıb. Azərbaycan, Qazaxıstan və Özbəkistan Xəzər dənizinin dibi ilə yüksəkgərginlikli kabelin çəkilməsi haqqında Saziş imzalayıblar ki, bu da bizə təmiz, bərpaolunan enerjini premium bazarlara çatdırmağa imkan verəcək. Söhbət kifayət qədər böyük həcmdə investisiyadan gedir”.

Almasadam Satkaliyevin sözlərinə görə, Xəzərətrafı zonanın külək potensialından və Aral zonasının elektirk enerjisinin ixracı üçün imkanlarından istifadə etməyi planlaşdırırıq. O əlavə edib: “Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması üzərində işə başlanılıb, ona uyğun olaraq tikinti müddətləri də müəyyən ediləcək. Cari ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırılması üzrə ilkin nəticələr əldə olunacaq”.