Bakıda “Üfüqləri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusunda konfrans keçirilir
İqtisadiyyat

Bakıda “Üfüqləri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusunda konfrans keçirilir

"Azərkosmos" və Kosmik Nəsil Məşvərət Şurasının, Azərbaycan Gənclər Fondunun (AzGF) və Gənclərin Maarifləndirməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda artıq ikinci dəfə “Space Generation Azerbaijan (SG Azerbaijan)” tədbiri keçirilir.

"Respublika" xəbər verir ki, tədbir “Üfüqləri aşaraq: Dayanıqlı Kosmos, Dayanıqlı Yer” mövzusuna həsr olunub.

Tədbirin mövzusunun çox aktual olduğunu bildirən "Azәrkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, bu, "Azərkosmos"un KNMŞ ilə birgə Azərbaycanda keçirilən sayca ikinci tədbiridir: “Dünya İqtisadi Forumunun məlumatına görə, hazırda müxtəlif qlobal istiləşmə göstəricilərini ölçən 160-dan çox peyk var və əsas iqlim dəyişənlərinin yarısından çoxu yalnız kosmosdan ölçülə bilər. “SG Azerbaijan 2024” həm yerli, həm də qlobal miqyasda kosmik təşəbbüslərin gündəlik həyatda necə töhfə verə biləcəyi haqqında məlumatlılığı inkişaf etdirir, eyni zamanda, ekoloji cəhətdən məsuliyyətli kosmik fəaliyyətlərə səsləyir”.

“Space Generation Azerbaijan” tədbirində əsasən 18-35 yaş qrupuna aid olan tələbələr, dayanıqlığa maraq göstərən gənc mütəxəssislər və alimlər, kosmos həvəskarları, kosmik elm və texnologiya sahəsinə dair sessiyalarda, panel müzakirələrdə, vebinarlarda, master-klaslarda və netvörkinq fəaliyyətlərində iştirak edəcəklər.