Sosial həyat

"Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi" mövzusunda dəyirmi masa

Dekabrın 4-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva əlilliyi olan şəxslərin hüquqlarının daim müdafiə və təşviq, onlar üçün ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılmasının təmin edilməli, bu sahədə maarifləndirmə işinin daha da gücləndirilməli olduğunu bildirib. Qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində çoxsaylı minalar və partlamamış hərbi sursatlar yerləşdirilib, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir.

Ombudsman, həmçinin diqqətə çatdırıb ki, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə 1991-ci ildən bu günədək 357-si uşaq, 38-i qadın olmaqla, ümumilikdə 3416 nəfər minadan zərərçəkən qeydə alınıb.

Mina qurbanlarına və onların ailələrinə müxtəlif istiqamətlərdə yardımların göstərilməsinin vacibliyini vurğulayan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Koiç bildirib: "2020-ci ildən sonra Azərbaycanda mina qurbanlarının böyük əksəriyyəti kişilərdir. Nəzərə alsaq ki, onlar ailələrinə baxan əsas şəxslərdir, onların ailələrinin ehtiyac duyduğu xidmətlərlə təmin edilməsi çox vacibdir. Biz Ombudsman Aparatına dəstək göstərməyə hazırıq. Məqsədimiz qabaqcıl təcrübələri nəzərdən keçirmək, boşluqları müzakirə edib onları aradan qaldırmaq və gələcəkdə görə biləcəyimiz işlərin müzakirəsidir".

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev diqqətə çatdırıb ki, azad olunmuş ərazilərdə 147 min 988 hektar sahə minalarla və partlamamış hərbi sursatlarla yüksək səviyyədə, 675 min 570 hektar sahə isə orta səviyyədə çirklənib. Tapılan partlayıcı qurğular arasında 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da var. Bunlar da qanunsuz erməni birləşmələri tərəfindən ərazimizə daşınıb. Yaşayış məntəqələri, həmçinin sökülərək daşınıb. Ərazilərimizdə minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan da istifadə olunub. Əksər tələlər isə sadə vətəndaşlara qarşı qurulub. 2020-ci ilin noyabrından bu günədək ümumilikdə 197 mina hadisəsi baş verib.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi kontekstində, münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda mina qurbanlarının və zərərçəkənlərin hüquqlarının müdafiəsi sahəsində aparılan işlər, nailiyyətlər və digər əlaqəli mövzular üzrə müzakirələr aparılıb.