Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər beynəlxalq aləmdə dəstəklənir
Siyasət

Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər beynəlxalq aləmdə dəstəklənir

BMT-nin Xüsusi Sessiyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunması da bunun bir nümunəsidir

Xeyli vaxt keçməsinə baxmayaraq, koronavirus infeksiyası (COVID-19) hələ də sürətlə yayılmaqdadır. Dünya ölkələrinin bəzisində virusa yoluxma hallarında nisbi azalma müşahidə olunsa da, dünyanı bürüyən, səhiyyə, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan, cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirən və insanların yaşayışına sarsıdıcı təsir göstərən COVID-19 infeksiyası ölkələrin böyük əksəriyyətində səngimək bilmir.

Yeni yaranan SARS-CoV-2 virusu tərəfindən törədilən, koronavirus mənşəli digər xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdi. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və insan tələfatı ilə nəticələnməsi dövlətləri ciddi tədbirlər görməyə sövq etmişdir. Dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan, səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, BMT-nin ixtisaslaşmış qurumlarından olan Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus infeksiyasını (COVID-19) hələ pandemiya elan etməzdən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər görmüşdür. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğu vaxtdan etibarən isə virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək ölkəmizdə dərhal ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılmışdı.

Bu yoluxucu xəstəliyin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmiş tədbirlərlə yanaşı, dövlətimiz virusun geniş yayılmaması, daha təhlükəli fəsadlar yaratmaması üçün insanları Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırdı. Bu çağırışın əsasında isə ölkə əhalisinin peyvəndlənməsi məsələsi dururdu. Hazırda vaksinasiya könüllü və dövlət hesabına aparılır.

Məqsəd və məramı bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaq olan Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, Azərbaycan dünyanı cənginə almış, bəşəri təhlükə ilə mübarizədə daha tez və ciddi tədbirlər görmüş ölkələr sırasındadır. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə ciddi riayət edilir və vaxtında görülmüş tədbirlər digər ölkələrlə müqayisədə ölkəmizdə koronavirusa yoluxma və ölüm hallarının nisbətən az olmasına səbəb olur. Bu gün Azərbaycan digər inkişaf etmiş ölkələrlə müqayisədə koronavirusa yoluxanların və ölənlərin sayının azlığına, xəstələr arasında sağalma faizinin yüksək olmasına görə ön cərgələrdədir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın virusla mübarizə metodlarını təqdir edərək Azərbaycanın təcrübəsini dünya dövlətlərinə nümunə göstərir. Eyni zamanda Azərbaycan dövləti tərəfindən ölkədə yaradılan, beynəlxalq standartlara cavab verən stasionar, səyyar və modul tipli laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, koronavirus infeksiyasının təyini də ÜST tərəfindən yüksək qiymətləndirilir.

Bu il iyun ayının 16-da onlayn formatda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiyalar üzrə Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın hər zaman İslam ölkələri arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə səy göstərdiyini, təşkilata üzv ölkələri dəstəklədiyini bildirib.

Çıxışı zamanı bir çox məsələlərə toxunan ölkə başçımız bu gün bütün dünyanı narahat edən COVID-19 pandemiyasından bəhs edərək deyib: “COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Hərəkatın koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və 2020-ci ilin may ayında həmin tədbiri uğurla təşkil etmişdir. Biz, həmçinin 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşuq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib və koronavirusla əlaqədar 30-dan artıq ölkəyə, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra dövlətlərə humanitar və maliyyə yardımı göstərib.

“Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq”.

Dünyanı bürüyən COVID-19 pandemiyası az inkişaf etmiş, yaxud da inkişaf etməkdə olan ölkələrə daha çox zərbə vurmuş, habelə yoxsulluğu artıraraq insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Dünyanın nizamını pozmuş pandemiyadan bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayan Qoşulmama Hərəkatı yayılmaqda davam edən COVID-19 pandemiyasının fəsadlarını aradan qaldırmaq və bu bəladan xilas olmağın birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında həyata keçirilməsinin zəruriliyini bəyan edərək üzv dövlətlərə çağırışlar etmişdir.

Qoşulmama Hərəkatının koronavirus (COVID-19) pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşündə Hərəkata üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etmişdir. Tədbirdə koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində məqsədyönlü təşəbbüslər irəli sürmüş ölkə başçımız İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr adından bu təkliflə Baş katib Antonio Quterreşə də müraciət ünvanlamışdır. BMT Baş katibi Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Xüsusi Sessiyanın keçirilməsi təşəbbüsü 130 ölkə tərəfindən yekdilliklə dəstəklənmiş və Xüsusi Sessiya ötən il iyul ayının 10-da öz işinə başlamışdır.

Bu gün dünyada vacib məsələ olan vaksin millətçiliyi, vaksinlərin bölüşdürülməsi ilə bağlı ədalətsizliyi aradan qaldırmaq, eyni zamanda, COVID-19 pandemiyası zamanı 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərərək fəaliyyətini davam etdirmək əzmində olan Azərbaycanın təşəbbüsünü dəstəkləyən ölkələr çoxtərəfli əməkdaşlığa, multilateralizmə sadiqliklərini bir daha əyani olaraq nümayiş etdirdilər. Kiçik ada ölkələrindən tutmuş, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın Xüsusi Sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanmış, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsinə şərait yaradacağı və pandemiyaya qarşı birgə mübarizədə öz müsbət töhfəsini verəcəyinə əminlik bildirilmişdir.

Öz uğurlu siyasətini davam etdirən, həmçinin məqsədyönlü təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atan İlham Əliyevin təşəbbüsü ilə çağırılan Xüsusi Sessiyada, ümumən cəmiyyətin sağlamlığının qorunması, bu gün davam edən COVID-19 pandemiyası ilə mübarizədə yalnız birgə səyin nəticə verəcəyi, bütün dövlətlərin təcili və təxirə salınmadan bir araya gələrək dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsi aparılmış və nəticədə bəşəriyyəti bu pandemiyadan xilas edə biləcək qərarlar verilmişdir. Eyni zamanda, 2020-ci il 10 iyul tarixində keçirilən Xüsusi Sessiyanın pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasında, beynəlxalq əməkdaşlığın güclənməsində mühüm rol oynayacağı qeyd olunmuşdur. 120 dövlətin yekdil dəstəyi ilə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsünün 130-a qədər BMT üzv dövləti tərəfindən dəstəklənməsi isə beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə və hər zaman birliyə, çoxtərəfli əməkdaşlığa, həmrəyliyə üstünlük verən ölkə başçımıza böyük etimadın göstəricisidir.

Mehparə ƏLİYEVA,

“Respublika”.