Azərbaycan manipulyasiyaların hədəfi olmayacaq - Politoloq
Siyasət

Azərbaycan manipulyasiyaların hədəfi olmayacaq - Politoloq

Ermənistan Müdafiə Nazirliyi uydurma bəyanatlarla müharibəyə və təxribata hazırlaşdığını gizlətməyə çalışır. Mütəxəssislər hesab edirlər ki, Ermənistan ehtiyatda olan sıravi, gizir və zabitləri təlim-məşq toplantısına çağırış adı altında gizli səfərbərlik kampaniyasına başlayıb. Son günlər İrəvanın Moskva ilə münasibətlərində yaranan gərginlik isə müharibənin, yaxud təxribatın başlayacağına daha bir işarədir. Haylar iddia edir ki, Azərbaycan ilkin növbədə əraziyə hərbi qüvvə cəlb edir və hücum etmək niyyətindədir. Ermənistan bu yolla növbəti dəfə spekulyasiya və manipulyasiya yolunu seçir. Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığı və təminləri ilin istənilən zamanında reallaşdırıla bilər. Öz suveren ərazilərimizdə tapşırıqların yerinə yetirilməsi hərhansı bir təhdit daşımır. Lakin, bu addımı bəhanə edərək hücuma keçmək istəyən hayların növbəti planı bu zaman gün üzünə çıxmış olur.

Məsələ ilə bağlı "Respublika" ya açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan  baş verən təxribatlara adekvat cavab verir və verəcək: "Ermənistanın Azərbaycan ordusunun payız təlim və hərbi toplanışlarını bəhanə edərək bu addımları atması növbəti təxribat planının bir hissəsidir. Əlbəttə ki, bu, heç bir halda qəbul edilən bir fakt deyil. Belə ki, Ermənistanın daxili ərazilərində də hansısa bir hərbi toplanışlar təlimlər keçiriləndə Azərbaycan buna reaksiya vermir. Bildiyiniz kimi, hər səfərində Azərbaycan və Ermənistan arasında sülh prosesi müəyyən bir mərhələyə gəlib çatandan sonra Ermənistan prosesləri dondurmağa cəhd edir. Bunun əsas səbəbi ondan ibarətdir ki, sülh müqaviləsi imzalanarsa, o zaman Ermənistan bütün iddialardan əl çəkmiş olacaq. Ona görə də Ermənistan özünün və havadarlarının təhriki ilə sülh prosesini uzatmağa və bu danışıqlar prosesini əngəlləməyə çalışır və hesab edir ki, o, prosesi uzatmaqla hansı dövrə qədərsə vaxt qazanıb uyğun şərtlər yetişəndə yenidən revanş əldə edə bilər”.

Ekspert bildirib ki, sonuncu Brüssel görüşündən sonra Ermənistan Fransanın və digər havadarlarının təhriki ilə ciddi təxribatlara əl atdı: “Onlar əvvəlcə, Azərbaycan sərhədinə humanitar yardım adı ilə TIR-ları yığaraq Azərbaycana qarşı beynəlxalq səviyyədə təbliğat kampaniyası başlatdı və öz havadarlarının köməyi ilə BMT Təhlükəsizlik Şurasında bu məsələni müzakirəyə çıxardılar. Bir neçə gün öncə Kəlbəcər istiqamətində ermənilərin təxribatları ciddi bir gərginliyə səbəb oldu. Azərbaycan Ordusu bu təxribatlara sərt, adekvat cavablar verir və məhz həmin toqquşmalarda da dörd erməni hərbçisi məhv edildi. Yəni Ermənistan və Fransa sərhədlərdə təxribatları artırmaqla məsələni daha ciddi bir boyuta daşımaq və Azərbaycanın görəcəyi tədbirləri bəhanə edərək Ermənistanın bir dövlət olaraq təhlükəsizliyinə təhdid yaradıldığı alqısını yaradacaq.

Bu məsələni müzakirəyə çıxararaq Azərbaycanı hədəfə gətirmək istəyirlər və məhz Ermənistanın bizim sərhədlərdə hərbi texnika, silah, sursat, şəxsi heyəti cəmləşdirilməsi və təxribatlara əl atması da bundan qaynaqlanır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan bu təxribatlara və təhriklərə məhəl qoymur və Azərbaycanı hansısa bir qeyri-adekvat addımlara təhrik etməyi bacarmadıqları üçün planları da boşa çıxır. Azərbaycan səbrlə, sərt cavab tədbirləri ilə düşməni susdurur və bundan sonra da belə olacaq"

Nurlan ABDALOV,

 “Respublika”.