Attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb
Gündəm

Attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

"Respublika" xəbər verir ki, dekabr 29-da agentlik Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib.

Tədbirlərdə agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunub.

Həmçinin həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərilərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilib.

“Obyektlərdə mütəmadi olaraq texniki müayinələr aparılır. Müayinələr zamanı aşkar olunmuş qüsurlar haqqında akt tərtib edilir və aktın icrası tərəfimizdən nəzarətə götürülür. Mexanikləşmiş attraksionlar tərkib potensial obyektlər olduğu üçün dövlət reysindən qeydiyyatdan keçirilməlidir. İstifadə müddətində ildə bir dəfə mütləq ekspertizadan keçirilərək texniki təhlükəsizliklə təmin edilməlidir.

Attraksionlara xidmət edən operatorların bilikləri ildə bir dəfə yoxlanılmalı və onlar vəsiqə ilə təmin olunmalıdır. Bu gün apardığımız müayinələr zamanı attraksionlarda qüsurlar aşkar olunmadı, hazırda bu attraksionlardan istifadə etmək olar.

Valideynlərdən xahişimiz ondan ibarətdir ki, attraksionlardan istifadə zamanı müvafiq sənədlər tələb etsinlər, zavod istehsalı olmayan attraksionlardan istifadə etməsinlər”, - jurnalistlərə müsahibəsində Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin şöbə rəisi Sahil Mənsimov deyib.