AŞPA-nın təməl prinsiplərindən bəzi dövlətləri ləkələmək üçün istifadə olunur
Siyasət

AŞPA-nın təməl prinsiplərindən bəzi dövlətləri ləkələmək üçün istifadə olunur

Torpaqlarımız işğaldan azad olunduqdan sonra maskalarını kənara qoyub  əsl simaları ilə məsələləri şərh edən Qərb təsisatları bir daha sübut etdilər ki, onlara beynəlxalq hüququn təmin edilməsi deyil, öz çirkin maraqlarını reallaşdırmaları daha vacibdir. AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və almaniyalı deputat Frank Şvabe tərəfindən ölkəmizi təmsil edən deputatların səsvermə hüququnun dondurulması təşəbbüsü irəli sürülüb.

Buna səbəb kimi Azərbaycanda çoxlu siyasi məhbusun olması, Qarabağdan 100 mindən çox erməninin zorla qovulması, AŞPA nümayəndələrinin Laçın yolu vasitəsilə Qarabağa buraxılmaması və fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə dəvət olunmamaları göstərilib. Cavab olaraq AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti bu qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Deyə bilərik ki, ilk baxışdan demokratik təsisat təəssüratı yaradan Avropa İttifaqının və AŞPA-nın bəzi məqamlarda eyni mövqedən çıxış etməsi onların bir mərkəzdən idarə olunduğunu göstərir. Həmin mərkəzlərin də "erməni sevgisi" virusuna yoluxması gözlərinin kor, qulaqlarının kar olmasına səbəb olub. Necə ki, ABŞ uzun illərdir öz əməllərinə BMT vasitəsilə don geyindirməyə çalışıbsa, bu gün eyni hal Fransa, Avropa İttifaqı və AŞPA tərəfindən baş verir. Artıq heç kəsə sirr deyil ki, qitənin nüfuzlu təşkilatları Fransanın diktəsilə, Parisdə yazılmış ssenarilər əsasında hərəkət edir. Təşkilatın kürsülərindən ölkəmizə qarşı səslənən əsassız bəyanatların erməni maraqlarına xidmət etməsinin əsl səbəbi də budur. "İnsan hüquqlarının", "demokratiyanın" və "qanunun aliliyini" özünün əsas prinsipləri hesab edən AŞPA-nın işğalçı ölkəni yox, Azərbaycanı günahlandırması kənardan təəccüblü görünə bilər. Lakin özü işğalçı olan Fransanın təsir dairəsinə düşmüş bir assambleyanın uzun illər sonra öz gücü hesabına ərazi bütövlüyünü bərpa edən Azərbaycanı dəstəkləməsi mümkün deyil.

Qeyd etmək lazımdır ki, bu prosesdə Almaniya təşəbbüsü ələ almaq niyyətindədir. Qərəzli qüvvələr Azərbaycana qarşı olan cəbhələri genişləndirirlər. Müasir səlibçi ideyaları ilə hərəkət edənlər tarixən törətdikləri bəşəri cinayətləri yenidən reallaşdırmağa çalışırlar. Bir məqamı qeyd etmək lazımdır ki, əsrlər boyu bir-birinə düşmən kəsilən Fransa və Almaniyanın bu qəbildən birləşməsi olduqca maraqlıdır. "Xaç qardaşlığı"nın yeganə hədəfi antitürk ideologiyasının reallaşdırılmasıdır. Bu gün proseslərdəki fiqurlara nəzər salsaq görərik ki, dəyişən heç bir şey yoxdur, sadəcə metodologiyada bəzi "yeniliklər" özünü göstərir. Belə ki, vaxtilə Osmanlı dövlətinin süqutunun sürətlənməsində yaxından iştirak edənlər indi də Cənubi Qafqazda lider dövlət kimi Azərbaycanı hədəf alıblar. O zamanlar Osmanlının daxilindəki fransız və alman məktəblərində ideoloji olaraq zəhərlənənlər, "Daşnaksutyun"un formalaşmasında payı olanlar destruktiv mövqeləri ilə seçilirdilər. Məhz saxta "erməni soyqırımı" iddialarının meydana gəlməsində bu kimi amillərin rolu olduqca böyükdür. "Erməni soyqırımı" iddiasının həyata vəsiqə almasında o dövrdə Türkiyədə fəaliyyət göstərən diplomatların və xristian missionerlərinin müstəsna xidmətləri olmuşdur. İşğalçıların qarayaxma kampaniyası dövrümüzə qədər gəlib çatmışdır. XXI əsrdə isə Azərbaycan Qarabağdan öz xoşu ilə köçüb gedən erməni əhalisinə qarşı "soyqırımı", "etnik təmizləmə" törətməkdə ittiham edilir. Növbəti dəfə səlibçilər saxta ictimai rəy formalaşdırmaq niyyətindədirlər.

Məlumdur ki, AŞPA-nın təməl prinsiplərindən  bəzi dövlətləri ləkələmək üçün istifadə olunur. Nədənsə, indi AŞPA-nın birdən-birə yadına düşüb ki, Azərbaycanda insan hüquqları pozulur, siyasi məhbusların sayı çoxalır. Burada qeyd olunası məqam odur ki, Şvabe kimilərin maskası nə qədər düşsə də, tam olaraq fikirlərini də dilə gətirə bilmirlər. Yəni açıq-aşkar Ermənistanın məğlubiyyətini həzm edə bilməyənlər bu cür böhtan və şər siyasi spekulyasiya ilə nəyəsə nail olmağa çalışırlar. Əgər qurum üçün "siyasi məhbus" və "insanların hüququ" məsələsi önəmli sayılsaydı, ilk növbədə öz doğma torpaqlarından didərgin düşmüş 250 mindən çox Qərbi azərbaycanlının taleyi məsələsi müzakirə edilərdi. Lakin "həzm pozğunluğu" yaşayanlar üçün bir ovuc erməninin taleyi daha maraqlıdır. 30 il müddətində Azərbaycan nümayəndə heyətinin erməni işğalının ağır nəticələrini gündəmə gətirməsini düzgün hesab etməyənlər indi öz sözlərinin əksini deyir və ölkəmizə qarşı qarayaxma kompaniyası aparmaq üçün heç bir fürsəti əldən vermirlər. Bununla da onlar rüsvayçı və ikiüzlü xarakterlərini nümayiş etdirirlər.

Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə nail olmaq məqsədilə Avropa Şurasına üzv olsa da, qurum uzun illər Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir ciddi addım atmayıb, yalnız əhəmiyyəti böyük olmayan bəyanatlar verib. Ona görə də AŞPA ilə əlaqələrinin dayandırılması Azərbaycan üçün itki hesab edilə bilməz.

Musa Bağırlı,

"Respublika".